Üç müxalifət partiyasından radikallara cavab

"Bu günə kimi min dəfə birlik yaradıblar, bu da olsun 1001-ci, bizim belə birliklərdə iştirak etmək fikrimiz yoxdur"

Xəbər verdiyimiz kimi, müxalifət düşərgəsində yeni birlik yaradılması istiqamətinda müzakirələr gedir. Danışıqlar məxfi aparıldığından hələlik yaradılacaq birliyin detalları barədə ətraflı məlumat yoxdur.
Ancaq bəlli olan odur ki, yaradılması nəzərdə tutulan birlik Milli Şuraya alternativ kimi nəzərdə tutulur. Lakin o birlikdə müxalifətin geniş spektri əhatə olunmayacaq.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Vətən Blokunun rəhbərlərindən biri Mayis Güləliyev yeni yaradılacaq müxalifət birliyinin formatından, məqsədindən xəbərsiz olduğunu bildirib. Lakin M.Güləliyev sözügedən düşərgədən uğurlu bir addım gözləmədiyini də dilə gətirib: "Onlar bilir ki, Vətən bloku bu oyuncaqda iştirak etməyəcək. Pişik quyruğu ilə oynadığı kimi, onlar da belə birliklərlə oynayırlar. Allah işlərini avand eləsin. Bu günə kimi min dəfə birlik yaradıblar, bu da olsun 1001-ci. Bizim belə birliklərdə iştirak etmək fikrimiz yoxdur. Biz o birlikdə təmsil oluna bilərik ki, onun hədəfi bəlli olsun. Elə Milli Şurada da ona görə təmsil olunmadıq. Əgər hədəf bəlli deyisə, bir yox, lap min birlik də yaransa, o mütləq iflasa uğrayacaq".
AMİP-siyasi Şurasının üzvü Əli Orucov "Unikal"a açıqlamasında radikal müxalifətin yaradacağı birlikdən hansısa müsbət nəticə gözləmədiyini deyib. Onun sözlərinə görə, müxalifətin indiyədək yaratdıqları birlik formatları şəxsi münasibətlər, partiyalararası münasibətlər və iqtidara yanaşma üsuluna görə formalaşıb və yaxın hədəflərə istiqamətlənib: "Ona görə də yaranmış birliklər tələm-tələsik və qısa müddət ərzində yarandığı kimi, eyni müddətdə dağılır. Bu, azmış kimi qarşılıqlı ittihamlar kəskinləşir. Ona görə də dəfələrlə tərəfimizdən bəyan edilib ki, ittifaqların və birliklərin yaranması ideologiyalar və partiyaların siyasi baxışları, proqramları ətrafında yaransın. İndiki halda müxalifət düşərgəsində böhranlı və pərakəndə vəziyyətini, eləcə də bəzi psixoloji baryerləri nəzərə alaraq, yaxın günlərdə hər hansı birlik formatının baş tutacağını inamlı qarşılamıram".
Əli Orucov birlik yaratnaq niyyətində olan müxalifət partiyalarına mesaj da göndərib: "Demokratik Qüvvələr Birliyinin birlik və blok şəkilində formalaşması istiqamətində AMİP-in səyləri davam edir. Onu da nəzərinizə çatdırım ki, ölkə gündəmini AMİP-siz təsəvvür etmək, yaxud da AMİP-siz uğurlu və təkmil müxalifətdaxili birlik yaratmaq mümkün deyil".
Məsələylə bağlı "Unikal"a açıqlama verəm Ədalət Partiyasının sədr müvini Mütəllim Rəhimli də həmkarlarının fikirlərini bölüşüb. Onun sözlərinə görə, hazırda müxalifətin birlik yaratmasından öncə daha ciddi problemlər var ki, onların həllinə çalışılsa daha yaxşı olar: "Həqiqətən də, ölkəmizdə bir çox problemlər var ki, onlar həll edilməlidir. İnsanların normal sosial şəraitlərinin təmin olunması üçün həddən artıq əziyyət çəkmələri, bürokratik aparatın özbaşınalığı, rüşvətxorluq, korrupsiya hallarının olması cəmiyyətdə narazıların mövcudluğunu gündəmdə saxlayır. Bütün bunların üzərində öz siyasətini quran partiyalar və ictimai birliklər də mövcuddur. Onlar daim hakimiyyətə qarşı ən yaxşı mübarizə üsulları axtarırlar ki, onu nüfuzdan salsınlar. Blokların, birliklərin yaradılması da bu istiqamətdə atılan addımlardandır. İndiyədək bu sahədə müxalifət ciddi uğur qazanmayıb. Ona görə də uduzan tərəf kimi həmişə qınaq obyekti olub, günahlandırılıb. Müxalifətin yeni birlik axtarışları da qarşısına qoyduğu vəzifələrdən irəli gəlir. Amma mahiyyət dəyişməyəcəksə, hər hansı bir ad altında birləşməyin heç bir mənası yoxdur. Görünən budur ki, hələ müxalifət düşərgəsində vahid güc formalaşdırmağın detalları ilə bağlı konkret fikir mövcud deyil".
Qərib Gərayzadə