Tolerantlığın qorunması məqsədi ilə dini mühitdəki radikal elementlərin qarşısı alınmalıdır
Tolerantlığın qorunması məqsədi ilə dini mühitdəki radikal elementlərin qarşısı alınmalıdır

Musa Qasımlı: "Müxtəlif cərəyanların Azərbaycanda formalaşmış dini
dağıtmaq, dövlət orqanlarına yerləşmək cəhdləri təhlükəlidir. Mənim fikrimcə, bu qanunlarımızla tənzimlənib və ciddi şəkildə gözlənilməlidir"

Bir neçə gün öncə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) 2014-2020-ci illər üçün Strateji planları hazırlanıb.
Tolerantlığın qorunması məqsədi ilə dini mühitdəki radikal elementlərin qarşısının alınması, radikal dini qrupların, ekstremist fikirlərin təbliğatçısı olan qeyri- ənənəvi dini cərəyan və təriqətlərin dini qurumlara və ibadət evlərinə mümkün təsirinin qarşısının alınması, eləcə də onların tamamilə zərərsizləşdirilməsi istiqamətində tədbirlərin kəmiyyət və keyfiyyət baxımından gücləndirilməsi məsələləri Dini Komitənin prioritetləri sırasında yer alıb.
Starteji Planda qeyd olunub ki, sırasında Dini qurumların dövlət qeydiyyatı məsələsinin təkmilləşdirilməsi və prosesin sürətləndirilməsi, dini icması dövlət qeydiyyatından keçməmiş ibadət evlərində, xüsusilə aktiv fəaliyyəti ilə seçilən məscidlərdə rəsmi dini icmaların formalaşdırılmasına kömək göstərilməsi və dövlət qeydiyyatına alınması istiqamətində işin davam etdirilməsi və prosesin sürətləndirilməsi məslələri də Dini Komitənin prioritetlərinə daxil edilib. Dini təyinatlı ədəbiyyatın və materialların ekspertizasının aparılması və yayılmasına müvafiq nəzarətin həyata keçirilməsi, dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və diniməzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılması, onların istehsalı, idxalı və yayılması ilə bağlı nəzarət tədbirlərinin davam etdirilməsi də Dini Komitənin prioritet mövzularını təşkil edir.
Azərbaycan tolerant ölkə olsa da, bəzən tolerantlığın qorunması məqsədi ilə dini mühitdəki radikal elementlərin qarşısının alınması insan haqlarının pozulması, insanların dini baxışlarının məhdudlaşdırılması kimi yozulur.Unikal bununla bağlı ekspertlərin rəyini öyrənb.
Məşhədi Dadaş məscidinin imam-cüməsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyir ki, Azərbaycanda möhkəm tolerantlıq ənənələri var. Onun fikrincə, ölkəmizdə məzhəblər və dinlər arasında heç zaman qarşıdurma olmayıb: "Azərbaycan nadir ölkələrdəndir ki, müxtəlif məzhəblərə mənsub olan insanlar həmişə dinc şəraitdə yaşayıblar. Onların arasında hər hansı münaqişə olmayıb və bu, bizim böyük dəyərimizdir.Unikal din-dövlət münasibətləri modeli var. Din həmişə birləşdirici faktor olub.Bu gün təəssüflər olsun ki, bunu pozmağa cəhd göstərən radikal təfəkkürlü insanlar, qruplaşmalar var. Ölkəmizdə bu qruplaşmaların hər hansı ciddi sosial bazası yoxdur.Belə təfəkkürə malik olan insanların sayı olduqca azdır.Sadəcə olaraq onlar öz fəaliyyətlərini genişləndirmək istəyirlər.Bəzi hallarda da insanların din sahəsində olan məlumatlarının azlığından istifadə edib onları yanlış istiqamətlərə yönəldirlər.Bu gün dinin rolu yüksəkdir.Namaz qılıb-qılmamasından, dini ayinləri icra edib-etməməyindən asılı olmayaraq xalqımız dinə hörmətlə yanaşır.Sovet dövründə uzun müddət dini dəyərlərdən uzaq düşmüşük, din sahəsində keyfiyyətli təhsil olmayıb, bunun da nəticəsində bu sahədə boşluq yaranıb.Bu boşluğu kimlərsə kənardan doldurmaq istəyir".
Ş.Həsənli deyir ki, dövlətin təhlükəsizlik baxımından bu sahəyə nəzarəti, ilə dini mühitdəki radikal elementlərin qarşısının alınması vacibdir.Onun sözlərinə görə, bəzən müxtəlif dini təriqətlər mühitdən istifadə etməyə çalışırlar: "Radikal cərəyanların düşüncəsi çox primitivdir. Bu da məlumatsız insanları təsirinə ala bilir. Zənnimcə, dini maarifləndirmə sahəsində kompleks tədbirlər görülməlidir. İnsanların maarifləndirmə səviyyəsi yüksəldikcə radikallaşma meylləri zəifləyir. Öz dinimizə sahib çıxmarıqsa, kənardan kimlərsə din adı ilə yanlış fikirlər təbliğ etməyə çalışacaqlar.KİV-lərdə dini bilgilər verilməli, dini məzmunlu, mənəvi mövzuları əhatə edən verilişlər olmalıdır. İnsanlarla bilavasitə təmasda olan din xadimləri gənclərin İslam haqqında düzgün təsəvvürlərinin formalaşmasında müstəsna rolları var. Onlar da gərək öz moizə və xütbələrində elmi mövzulara üstünlük versinlər, müsəlmanların məzhəblər arasında qardaşlıq və vəhdət mövzularını daha çox qabartsınlar. Radikallıq əleyhinə olan dini təbliğat güclənməlidir".
Millət vəkili Asim Mollazadə hazırda dünyada zorakılıq üsullarından istifadə edərək terroru bir vasitə kimi seçən bir neçə təriqətin olduğunu bildirdi: "Bu da təbii olaraq dünyada İslam dininə xələl gətirir. Əslində, İslam sülh və məhəbbət dinidir. Digər səmavi dinlər kimi İslamın da əsas məqsədi məhz insanın inkişafıdır. Azərbaycan İslam dünyasının dünyəvi ölkəsidir. Tarixən Azərbaycan dünyəvi dinlərlə yanaşı, etnik qrupların əməkdaşlığı olan məkan olub. Azərbaycan bütün dinlərə, millətlərə torent, dözümlü yanaşması var. Zor istifadəsinə Azərbaycan hər zaman qarşı olub. Bunun üçün də biz Azərbaycanın ərazisinə heç bir belə bir radikal təriqatların fəaliyyətinə imkan verməyəcəyik. Azərbaycanın öz tarixi ənənələrinə sadiq qalacaq".
Millət vəkili əlavə etdi ki, radikal təriqətlərlə mübarizədə hər kəsin üzərinə bir vəzifə düşür: "Azərbaycan hazırda antiterror koalisiyasının çox fəal üzvüdür. Beynəlxalq terrordan zərər çəkmiş bir ölkə kimi beynəlxalq terrorla mübarizə aparır. Azərbaycanın dövlət siyasəti insanların dini azadlıqlarından ibarətdir. İfrat dindarlarla mübarizədə dini təhsilin səviyyəsinin yüksəlməsi zəruridir".
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl hesab edir ki, Azərbaycan cəmiyyətində elə bir hal yaranmayıb ki, həmin radikal təriqətlər İslamı, Azərbaycan cəmiyyətini parçalamaq gücündə olsunlar.İlham İsmayıl bildirdi ki, radikal təriqətlərə qarşı mübarizə başlıca olaraq maarifləndirmə işlərindən keçir: "Əsl İslam nədir, Quran nə deyir? İllər boyu bizdə sünnilərlə şiələr arasında qarşıdurma olmayıb. Digər təriqətlərdə də vicdan azadlığı var. Amma təriqətlət radikal istiqamət alanda artıq qanunun sərt dili ilə danışılmalıdır. Profilkatik tədbirdən tutmuş, həbs qəti imkan tədbirlərinə qədər davam etdirilməlidir. Formalaşmış dini şüurua qarşı hər hansısa radikal addım atılanda cəmiyyətdə problemlər yaranır. Bu əhval-ruhiyyə artar-artar və dindar kəsim arasında qarşıdurmaya gətirib çıxara bilər. Ona görə də həm marifləndirmə, həm də qanun sərt dili ilə danışmaq lazımdır".
Milli Məclisin deputatı, professor Musa Qasımlı isə Tolerantlığın qorunması məqsədi ilə dini mühitdəki radikal elementlərin qarşısının alınması, radikal dini qrupların, ekstremist fikirlərin təbliğatçısı olan qeyri- ənənəvi dini cərəyan və təriqətlərin dini qurumlara və ibadət evlərinə mümkün təsirinin qarşısının alınması, eləcə də onların tamamilə zərərsizləşdirilməsi istiqamətində tədbirlərin kəmiyyət və keyfiyyət baxımından gücləndirilməsinin zəruri olduğunu qeyd edir: "Azərbaycan dünyəvi ölkədir. Ölkəmizdə din dövlətdən ayrıdır. Dövlətimiz dindarlar üçün bütün normal şərait yaradıb. Hansı ki, son illərdəki kimi ölkəmizdə heç vaxt dindarlar üçün belə bir normal mühit olmayıb. Amma dindar olan şəxs də gedib dini işləri ilə məşğul ola bilər və dövlətin işinə qarışmamalıdır. Müxtəlif cərəyanların Azərbaycanda formalaşmış dini dağıtmaq, dövlət orqanlarına yerləşmək cəhdləri təhlükəlidir. Mənim fikrimcə, bu qanunlarımızla tənzimlənib və ciddi şəkildə gözlənilməlidir. Bu gün Azərbaycanda bütün dinlərin fəaliyyəti üçün dövlət təminat verir. Dövlət dindarlar üçün bütün şəraiti yaradıb. Bu gün Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar maneəsiz fəaliyyət göstərir. Bu Azərbaycanın dini tolerantlıq baxımından model bir ölkə olduğunun bariz nümunəsidir. Azərbaycanda dindarların hüquqları dövlət tərəfindən qorunur. Mənəvi inkişaf baxımından qanunlar qəbul edilib. Hesab edirəm ki, Azərbaycanda yürüdülən siyasət bir çox ölkələr üçün nümunədir. Yenə də qeyd edirəm ki, Azərbaycan Respublikasının Konstitusiyası etnik mənsubiyyətindən, irqindən, dinindən, milliyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarının qorunmasına təminat verir. Konstitusiyanın 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığına, dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək və ya heç bir dinə eitqad etməmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Prezident İlham Əliyev də bu xüsusda bəyan edib ki, heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək, verilmir və bunun qarantı Azərbaycan prezidentidir".