Şahdağ milli etnik qrupunun Xınalıqlı kətlər
Şahdağ milli etnik qrupunun Xınalıqlı kətlər

Ənvər Məmmədov: "Əgər bizə qarşı ayrı-seçkilik olsaydı, illərlə bu torpaqda yaşaya bilərdikmi?"

Azərbaycanın aborigen azsaylı xalqları içərisində özünəməxsus etnoqrafik xüsusiyyətləri ilə seçilirlər. Bu etnos Qafqaz dil ailəsinə daxil olub, Şahdağ ətrafında yerləşmələrinə görə tarixi-etnoqrafik ədəbiyyatda "Şahdağ xalqları" adlandırılır. Yəqin ki, çoxunuz söhbətin hansı xalqdan getdiyini bildiniz. "Unikal" bu dəfə "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən, özlərini kətlər adlandıran Azərbaycanın milli etnik nümayəndələrindən söhbət açacaq. Həmsöhbətimiz Xınalıq kənd orta məktəbinin direktoru, Xınalıq Mədəniyyət və Xeyriyyə Cəmiyyətinin sədri Ənvər Məmmədovdur.
- Ənvər müəllim, öncə bizə Xınalıq, xınalıqlılar barədə danışın.
- Xınalıqlılar Azərbaycanın ən qədim sakinlərindən sayılır. Bu etnos dünyada yeganə dilə və yaşayış məskəninə mənsubdur. Yəni, dünyanın etnik xəritəsində ancaq bir Xınalıq kəndi və yeganə xınalıq dili mövcuddur ki, bu da Azərbaycanın Quba rayonuna məxsusdur. Yaşı minilliklərlə ölçülən Xınalıq Azərbaycanın ən qədim kəndlərindən biridir. Bu kəndin özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, Xınalıq açıq səma altında yerləşən bir muzeydir. Kəndin təkcə təbiət mənzərələrində, relyefində, abidələrində, qədim qəbiristanlıqlarında deyil, adi daşında, qayasında da bir qədimlik var. Vaxtilə bu kəndin başqa yaşayış yerlərilə əlaqəsi yalnız yayda mümkün idi. Onda da keçilməz dağ yollarını, körpüsüz çayları, sıldırım qayalıqları, ensiz cığırları, hər an təhlükə ilə üzləşiləcək gədikləri ancaq və ancaq at belində keçmək olardı. Xalq yazıçısı Anar söyləyir ki, ötən əsrin 60-cı illərində atamla Xınalığa getmişdim. Neçə gün at belində yol getdik. Çox çətinliklə ora çatdıq. Amma gördüyümüz heyrətedici mənzərədən, mehriban insanlardan heç ayrılmaq istəmirdik. İndi də o günləri xatırlayanda qəlbimə bir rahatlıq çökür. Həqiqətən də Xınalıq dünyanın ən müqəddəs və analoqu olmayan yaşayış məskənlərindən biridir. Çox ağır, şəraitdə, dağlar qoynunda, soyuq iqlim şəraitində yaşayan insanlar məhz torpaq sevgisinə, vətən eşqinə görə bu yerlərin qayası, daşı kimi doğma torpağa möhkəm yapışmışdılar. Onlar rahatlıq naminə ocaqlarını tərk edib heç yerə getmədilər. Doğrudur, xınalıqlıların dünyada baş verən hadisələrdən, yeniliklərdən o qədər də ətraflı xəbərləri olmurdu. Bununla belə hələdə bu xalq burda yaşayır. Deyərdim ki, xınalıqlılar Qafqazda minilliklərlə yaşayıb, öz dilini, adət-ənənələrini bu günümüzə qədər qoruyub saxlayıblar.
-Ənvər müəllim, Xınalığın evlərinin tikiliş üslubu çox fərqlidir. Həmişə bu məndə maraq oyadıb.
-Kənddə hazırda 200-dən çox ev var. Bu evlərin bir neçəsinin yaşı 250-dən çoxdur. Xınalıqlıların sayı təxminən 20 minə yaxındır. Xınalıqlılar müsəlman olaraq dinə çox yaxındırlar. Özlərinin xüsusi adət-ənənələri, geyimləri və mərasimləri olub. Evləri xüsusi quruluşa malik olaraq çay daşlarından tikilib. Xınalıq kəndi Qudyalçayın dağlıq düzündə yerləşir. Bir evin damı, ondan yüksəkdə yerləşən digər evin meydançasıdır. Dağlar dik olduğundan evlər çox sıx yerləşdirilib. Həyətlərdə balaca bostanlar var. Burada əhali kartof, xiyar, kələm becərir. Evlərin hamısı qədimdir, onların 200-300 il yaşı var. Kənddə daha qədim tikililər və çoxlu qədim xarabalıqlar da var. Kənd öz memarlıq üslubunu itirməmiş, ümumi görünüşdə özündə tamamlanmış ansamblı əks etdirir. Hətta çay dərəsindən kəndə yaxınlaşarkən gözəl mənzərə açılır. Yeni tikilmiş binalar - bələdiyyə, 7 illik məktəb kəndin aşağısında yerləşir. Xarakterik xüsusiyyətlərdən biri, həyətlərin hamısında formaca kərpicə oxşar, quru və nəm təzəkdən yaradılmış divarların olmasıdır.
- Xınalıqlıların öz dili var. Sizin diliniz niyə xınalıq dili yox, kətiş dili adlandırılır?
- Kətiş dilini (xınalıq dili) bəzi mütəxəssislər Şimali Qafqaz ailə qrupunun Nax-Dağıstan dil ailəsinə aid edirlər. Digər mütəxəssislər isə bu dili Ural dil qrupuna aid edirlər. Bundan öncə mütəxəssislər bu dili Qafqaz-Şahdağ dil qrupuna aid edirdilər. Bu sahədə lingvistik tədqiqatlar davam edir. Lakin bütün mütəxəssislər razılaşırlar ki, bu dil ən qədim dil ailəsinə məxsus dillərdən biridir. Dilimizdə ismin 18 halı var. Kətiş dilinin (xınalıq dilinin) rus və ingilis dillərində lüğət kitabları çap olunub. Çox təəssüf ki, hələ Kətiş (xınalıq)-azərbaycan dili lüğəti tərtib edilməyib.Kətiş dili (xınalıq dili) çoxsəsli dil kimi 76 hərflə ifadə olunur. Bu dildə 28 sait var. Kətiş dilində (xınalıq dilində) fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənir. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir.
- Öz dilinizdə təhsil almaq imkanınız varmı?
- 4-cü sinfədək öz dilimizdə dərslər keçirilir.
-Ənvər bəy, bir xınalıqlı kimi sizə yaradılan şərait sizi qane edirmi?
-Əlbəttə, əgər bizə qarşı ayrıseçkilik olsaydı illərlə bu torpaqda yaşaya bilərdikmi? Həm də adət-ənənələrini bu günümüzə qədər qoruyub saxlamaq şərtilə.Çox razıyıq.
-Bayaq Xınalığı üstü açıq muzey adlandırdınız.Buradakı tarixi abidələrdən də danışardınız…
-Xınalıqda dövlət tərəfindən qorunan bir çox dini və tarixi abidələr mövcuddur. Bu abidələrdən biri kəndin ən hündür yerində yerləşən Əbu Müslüm cümə məscididir.Əbu Müslümün adını daşıyan cümə məscidinin tarixi təxminən IX əsrin sonu X əsrin əvvəllərinə aid edilir. Əbu Müslüm əslən ərəb olub Azərbaycanın bütün şimal-şərq ərazisindəki kəndlərə(eləcə də o zaman Azərbaycandakı dövlətə bağlı olan Dağıstana) İslam dinini yayaraq məscidlər tikdirib. Məhz Xınalıqda ilk məscid o vaxt tikilib.Hazırda kəndin əsas cümə məscididir. Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində "runa" yazıları həkk olunub.Yazıların təqribən 3-8-ci əsrlər arasında yazıldığını ehtimal etmək olar. Yazıların tam olaraq tərcüməsi olunmasa da, təxmini mənası Günəşin doğması və yeni tarixin başlanması mənasını daşıyır. Xınalıq kəndində dövlət tərəfindən qorunan abidələrdən biri də Pirə Comərd türbə-məscididir.Pirə-Comərd türbə məscidinin tarixi təxminən XII əsrin sonlarına təsadüf edilir ki, bu türbə-məscid Əbu-Müslümdən xeyli cavandır. Həmin binadakı türbə İslamdan qabaq olub, atəşpərəst dininə aid ayinlərin keçirildiyi məbəd kimi yaddaşlarda qalıb. İslamı qəbul ediləndən sonra atəşpərəst məbədi diqqətdən kənarda qalmış, daha sonra məbəd bərpa edilib və ona bitişik məscid tikilib. Comərdin (xatırladaq ki, bu ad müəyyən sufi təriqətlərində şərti titul kimi də işlənir-red.) qəbri də tikilinin daxilindədir. Xınalıqlılar həmin hissəyə zülmətxana (qaranlıq yer) deyirlər. Ona görə ki, kiçik sərdabəyə işığın düşməsi üçün pəncərə və baca qoyulmayıb. Bu qapalı sərdabəyə işığın düşməsi, yaxud qəbirin açıqda olması ruhun narahat olmasına və allah tərəfindən onu narahat edən insanları cəzalandıracağına inanırdılar. Hazırda Pirə-Comərd türbə məscidi tam fəaliyyət göstərir.Türbə-məscidin üstü torpaq dam olub. Dövlət tərəfindən qorunan digər dini abidəsi olan Şeyx Şalbuz türbə - məscididir. Bu türbə-məscid Aşağı məhəllədə yerləşir. Şeyx Şalbuz İslam dininin və ərəb dilinin bilicisi olub, mədrəsə açaraq bir çox tələbə-molla yetişdirib. Rəvayətə görə, o, insanların fikrini oxuyaraq problemləri həll etmək üçün dua yazar, əlindəki biocərəyanla müalicə edər, müdrik məsləhətlər verərmiş. Hazırda məscid-türbəyə Şeyx Şalbuz məscidi adlanır və tam fəaliyyət göstərir. Xınalığa xüsusi gözəllik bəxş edən təbiət abidəsindən biridə Atəşgahdır. Atəşgah Xınalıqdan şimal istiqamətində 5 km məsafədə olmaqla Heydər Əliyev adına zirvənin cənub ətəyində yerləşir. Bura torpaqdan çıxaraq yanar qaz olduğu üçün Atəşgah adlanır. Xınalıqlıların ilkin inancı atəşpərəstlik olduğunu nəzərə alaraq "Atəşgah" müqəddəs yer sayılır. Atəşgah ekoturizm üçün maraq və istirahət xarakteri daşıyır. Ümumilikdə Xınalıq ərazisində 31 türbə və ziyarətgah var. Onların 16-sı tikintisi olan ibadətgahlardır. Qalanları isə əhali tərəfindən müqəddəsləşdirilmiş ziyarət yerləridir. Ümumiyyətlə, Xınalıq əhalisi kənddə mövcud olan bütün məscidləri "pir" adlandırır. Məscidlər evə bənzəyir və minarələri yoxdur. Bu ərazidə yerləşən, müqəddəs sayılan Babadağın zirvəsindəki oyuğun altında xalq arasındakı rəvayətə görə, Baba adlı müqəddəs şəxsin qəbri var. Bura təkcə bölgədə deyil, bütün Azərbaycanda məşhur ziyarətgahlardan biridir. Babadağı 7 dəfə ziyarət etmək əhalinin inamına görə, Həcc ziyarətinə bərabərdir. Bundan əlavə, Xınalıqda Qəmik məscidi, Şeyx Şalbuzbaba məscidi, Xıdır Nəbi, Qüllə, Cabbar baba, Möhüc baba və Şıxşalburuz baba pirləri də var. Xınalıqda alban qəbristanlıqları da mövcuddur. Alban qəbristanlıqları kəndin içərisindən başlayaraq dairəvi şəkildə İslam qəbristanlıqlarına qədər uzanır.Qəbristanlığın əhatə etdiyi ərazi 40 hektardan çoxdur. Hətta elə qəbirlər var ki, onlar biri digərinin üstündə yerləşir. Tədqiqat üçün saysız qədər alban qəbirləri mövcuddur. Təəssüf ki, bu vaxta kimi hər hansı tədqiqat işi aparılmayıb. Bu gün Xınalıqda arxeoloji tədqiqatlara çox ciddi ehtiyac var. Qeyd edim ki, Xınalıq qəbiristanlıqlarında qəbirlərin çoxu həm enlilik, həm də uzunluq cəhətdən olduqca iri və nəhəngdir.Rutsoş çayına gedərkən yolun üstündəki açıq qəbirlər buna əyani sübutdur. Xınalıqdakı qəbirlərin bəziləri 3 mərtəbəlidir. Burada qəbirlər bir birinin üzərində yerləşir.Ancaq qazıntılar qəbirlərin nə qədər qədim olmasını aşkar edə bilər.
-Xınalığa özünüzün dediyiniz kimi, bir vaxtlar gəlib-getmək çətin idi. Amma bu gün heç də elə düşünmək düz deyil ki, ötən əsrlərdəki kimi xınalıqlılar cəmiyyətdən təcrid həyat keçirirlər.
-Doğrudur, bu qayğı bizə ölkə başçısı səviyyəsində göstərilir. 2006-cı ildə isə İlham Əliyev xınalıqlıların qonağı olub. Bu, olduqca tarixi və nadir hadisə idi. İlk dəfə olaraq bu kəndə dövlət başçısı gəlirdi.Onda ölkə başçısı demişdi ki, "Biz Azərbaycanda bir ailə kimi yaşayırıq". Doğurdan da bu belədir. Hələ 1960-cı ildə Xınalığa yol çəkilməsi planlaşdırılsa da, bu arzu yalnız XXI əsrin əvvəlində ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Yüz illərlə davam edən yolsuzluq bəlasına son qoyuldu. Xınalığa gedən yolda çaylar üzərində körpülər tikildi. Dağların arasından asfalt yol salındı. Həqiqətən də yol olmayan yerdə heç bir inkişafdan söz açıla bilməz. Bu yolun açılışı ilə bərabər, Xınalığın bəxtinə həqiqətən gün doğdu. Xınalıqdakı inkişafa əsas səbəb regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi də oldu. 2008-ci ildə bu dövlət proqramının icrasının dördillik yekunlarına həsr olunmuş konfransda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin quraşdırdığı müasir monitor vasitəsilə Xınalıq kəndi ilə canlı əlaqə yaradıldı.
-Eşitdiyimə görə, Xınalıqda qəzet də çap etdirirsiniz.
-Düz eşitmisiz. Amma çox təəssüf ki, qəzetin çapı maliyyə olmadığından 3-4 aydır ki, dayandırılıb.Biz Xınalıq etnosu haqqında "Xınalıq" adlı ədəbi- ictimai qəzet də buraxırdıq.Eyni zamanda Xınalıq Mədəniyyət və Xeyriyyə Cəmiyyətinin xınalıq.az saytı da fəaliyyət göstərir.Saytdan xınalıq haqqında geniş bilgilər (bu yazının hazırlanmasında həmin saytdakı materiallardan da istifadə olunub) əldə etmək mümkündür.