Dağlıq Qarabağ və güclərin toqquşması
Dağlıq Qarabağ və güclərin toqquşması

Azərbaycan hücum diplomatiyasından imtina etməməlidir

Dağlıq Qarabağ mövzusu yenidən aktuallaşdı. Bu aktuallıq ötən aktuallıqlardan prinsipial şəkildə fərqlənir. Bu dəfə tək Dağlıq Qarabağın taleyi müzakirə olunmur, həm də regionda güclərin üz-üzə gəlməsidir. Hazırda Avropa-Rusiya-ABŞ üçbucağı regionda söz sahibi olmaq üçün Dağlıq Qarabağ kartına əl atıblar. Və belə rəy yaranır ki, Dağlıq Qarabağ açarı kimdə olacaqsa regionun ağalığıda onda olacaq. İndi isə gəlin tərəflərin proseslərə təsirinə baxaq.

Avropa marşı

Avropanın Qarabağ yürüşü Fransa prezidenti Fransua Ollandın regiona səfəri ilə başladı. Bu səfərin detalları haqqında məlumat verilməsə də aydın oldu ki, prioritet mövzu Dağlıq Qarabağ mövzusu olub. Elə bunun sonu olaraq Fransa prezidenti Azərbaycan və Ermənistan prezidentini görüşə dəvət etdi. Nikbin bəyanat isə bundan ibarət idi ki, Dağlıq Qarabağ probleminin həllinə yaxınıq və detalların aydınlaşdırılmasına ehtiyac var. Bunu da qeyd edək ki, artıq Azərbaycan prezidenti İlham Əliyev Fransadadır. Çox böyük ehtimal ki, ortada ciddi layihə var və prezident İlham Əliyevin bu səfəri ilə məlum layihəyə konkret mövqe bildiriləcək. Bundan sonra isə Ermənistan tərəfinin razılığıda alınarsa Avropa istəyinə nail olacaq. Bunu da qeyd edək ki, Fransa Ermənistanın strateji müttəfiqidir və Fransanın Ermənistana bir başa təsir etmək imkanları var. Unutmayaq ki, erməni lobbisinin də əsas mərkəzi Fransadır və bu ölkə ilə hesablaşmaları normaldır.

Rusiya gücü

Bu arada aydın olan budur ki, Krımda ortaq məxrəcə gələ bilməyən Avropa ilə Rusiya Dağlıq Qarabağ məsələsində razılaşmaya çox yaxındılar. Belə ki, Fransa prezidentinin səfərindən dərhal sonra Sergey Lavrov Bakıya gəldi və prinsipial şəkildə Dağlıq Qarabağ məsələsi müzakirəyə çıxarıldı. Çox maraqlıdır ki, yenə də görüşlər qapalı oldu və mətbuata sadəcə ümumi bəyanatlar səsləndirildi.Amma müşahidəçilər hesab edirlər ki, Lavrov Bakıda məhz Fransa prezidentinin təklif etdiyi variantla bağlı müzakirələr aparıb və Avropa ilə Rusiyanın Dağlıq Qarabağ məsələsində bir araya gəlməsi düşünülür. Həm də ona görə ki, Rusiya Dağlıq Qarabağ probleminin həllində yaşıl işıq yandırır və qarşılığında Avropa Krımı unudur. Əslində bu variant mümkündür və Avropa bir müddət bununla razılaşa bilər. Çünki Rusiya iqtisadiyyatı elə durumdadır ki, gec-tez iflasa uğrayacaq və o zaman Krım məsələsi yenidən gündəmə gələ bilər. Hazırda həm də Rusiyaya Ukrayna ilə münaqişəyə son qoymaq lazımdır. Sadəcə olaraq Krımı saxlamaq şərti ilə . Bu baxımdan da Rusiya Dağlıq Qarabağı güzəştə gedə bilər. Bundan başqa hazırda Rusiya Azərbaycanla təzyiq dilində danışmasının mənasız olduğunu görüb və buna görə güzəştlərə getməklə rəsmi Bakını Gömrük İttifaqına cəlb etmək istəyir. Çünki Azərbaycansız Gömrük İttifaqı heç nədir və Azərbaycan Gömrük İttifaqına qoşularsa avtomatik olaraq Gürcüstanda eyni addımı atacaq. Beləliklə görünən budur ki, mövqelər üst-üstə düşür və Azərbaycanın manevr imkanları genişlənir.

ABŞ-ın təşəbbüsü və
gözləmə mövqeyi

İlin başlanığıcında Dağlıq Qarabağla bağlı əsas təşəbbüslər ABŞ-dan gəldi və bildirildi ki, bu il Dağlıq Qarabağ problemi həll olunmalıdır. Hətta bəyan edildi ki, Barak Obama şəxsən bu problemin həlli ilə məşğul olmaq üçün Dağlıq qarabağla bağlı nümayəndə ayırmalıdır. ABŞ-ın bu aktivliyi isə ATƏT-in digər həmsədr ölkələrini qıcıqlandırdı və onlarda eyni zamanda aktivliyə başladılar. Amma ABŞ daha da irəli gedərək Dağlıq Qarabağ probleminin həlli üçün 6 bəndlik təkliflə çıxış etdilər. Təklif bundan ibarət idi
Birincisi, Dağlıq Qarabağın mürəkkəb tarixi fonunda tərəflər ortaq razılıq əsasında gələcəkdə yekun hüquqi status müəyyən edilməsinə dair iradə nümayiş etdirməlidir. Bu, qaçılmazdır. Müvəqqəti status müvəqqəti olmalıdır.
İkincisi, hazırda Bakı tərəfindən idarə edilməyən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilindəki əraziyə müvəqqəti status verilməlidir. Bu status ən azından regionda təhlükəsizlik və özünüidarəçiliyi təmin etməlidir.
Üçüncüsü, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişə həll edilə bilməz və bu ərazilər üzərində suverenliyin tanınması bərpa edilməlidir.
Dördüncüsü, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz olmalıdır. Bu dəhliz təhlükəsiz keçidi təmin etməyə kifayət edəcək qədər geniş olmalıdır, ancaq bu, bütün Laçın rayonunu əhatə edə bilməz.
Beşincisi, tənzimlənmə məcburi köçkünlərə və qaçqınlara əvvəlki evlərinə qayıtmaq imkanını tanımalıdır.
Altıncısı, münaqişənin tənzimlənməsində sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatı yer almalıdır. Elə bir ssenari yoxdur ki, orada bütün tərəflərin etimadını qazanmış və yaxşı planlaşdırılmış sülhməramlı əməliyyatlar olmadan sülhün təminatı mümkün olsun.
Amma hazırda ABŞ nədənsə gözləmə mövqeyi seçib və görünür ABŞ üçün prioritet mövzu Ukraynadır. Çünki ABŞ Ukraynada ciddi nüfuz itkisi ilə qarşılaşdı və hələ də düşdüyü durumdan çıxa bilmir. Belə bir məqamda ABŞ Dağlıq Qarabağ timsalında ikinci cəbhə açmağa tələsimir. Ancaq Avropa və Rusiya razılığa gələrsə bu ABŞ üçün ciddi fəsadlarda verəcək. Çünki ABŞ nəinki Qafqazdan, həmçinin Avropanın özündən də sıxışdırılmış duruma düşəcək. Şərq dünyasında baş verən proseslərdə də ABŞ-ın tutduğu mövqe özünü doğrultmadı və hazırda ABŞ dünya liderliyini itirməkdə, Avropanın isə bu liderliyi ələ keçirtməkdə israrlı olduğu görünür. Maraqlıdır, bəs bu durumda Azərbaycan hansı addımları atmalıdır? Bəri başdan bunu qeyd edək ki, Serj Sarksyan hakimiyyətinin sona qədər prosesdə dürüst olacağı görünmür. Hətta elə durum yarana bilər ki, Serj Sarksyan istefaya göndərilə bilər və bununla da proseslər sıfırlaşar. Azərbaycan isə hazırkı məqamda hucum diplomatiyasından imtina etməməli və manevr imkanlarını özündə saxlamalıdır. Bunu da qeyd edək ki, prezident hazırda Avropada səfərdədir və bir sıra mühüm görüşlər keçirir və yəqin ki, ciddi nəticələrlə qayıdacaq.Ən azından Avropa İttifaqı ilə Azərbaycan münasibətləri bir dəfəlik aydınlaşacaq.