Azərbaycanda uşaq mahnıları niyə yazılmır?
Azərbaycanda uşaq mahnıları niyə yazılmır?

"İndi ancaq toyxanadır, bozbaşdır, kababdır..."

Azərbaycanda Uşaq mahnıları yazılırmı? Və ya son olaraq yazılan uşaq mahnılarından hansını tanıyırıq? Düşündürücü sualdır... Əlbəttə, uşaq mahnıları yazılmır desək, Oqtay Zülfüqarov, Elnarə Dadaşova, Məryəm Əlibəyli və bu kimi bəstəkarların əməyini yerə vurmuş olarıq. Bəli, az da olsa, uşaq mahnıları yazılır. Nə üçün az? Bu haqda az sonra daha geniş məlumat verəcəyik.

Təbliğat zəif getdiyi
üçün bəstəkarların
bir qismi artıq
bu işi görmək istəmir

Etiraf edək ki, bu gün KİV qida məhsulundan hər hansı firmanın geyim, müğənninin mahnı təqdimatınadək hər bir şeyin tanıtımında mühüm rola malikdir. Demək olar ki, cəmiyyət sırf media vasitələri ilə məlumatlanır, operativ informasiya alır, yeniliklərdən xəbərdar olur. Günümüzün acı həqiqətlərindən biri də budur ki, bağçaya gedən qızcığaz "Cücələrim" mahnısını tanımır. O zamanlar bütün SSRİ-ni fəth edən bu mahnı indi öz vətənində unudulub. Bu günün körpələri, təəssüflər olsun ki, PSY-nin "Gangnam Style" mahnısının sədaları altında eynilə onun kimi rəqs etməyə çalışırlar. Və ya sevgiyə aid mahnıları bacardıqları tərzdə zümzümə edirlər.
Əlbəttə, uşaqların özlərinə aid mahnıları tanımamasında ilk növbədə medianın rolunu vurğulamalıyıq. Şakira, Britni Spirs və s. bu kimi əcnəbilərin ifasını yayımlayan telekanallar, təəssüf ki, günlərinin bir qismini uşaqlara həsr edə bilmirlər. Məhz bu səbəbdəndir ki, uşaq mahnılarına istər tamaşaçı tərəfindən, istərsə də alıcı tərəfindən maraq azalıb. Təbliğat zəif getdiyi üçün bəstəkarların bir qismi artıq bu işi görmək istəmədiyini deyir. Nəyə görə? Çünki bu qədər əməyin qarşılığında onlar yatırdıqları vəsaiti götürə bilməyəcəklər. Tanınmış bəstəkar Cavanşir Quliyevin təbiri ilə desək, biz də insanıq, bizim də qarnımız var, hər axşam nəsə yemək istəyirik. Mövzunu tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Oqtay Zülfüqarov və xalq artisti Elnarə Dadaşova ilə müzakirə etdik.

Elnarə Dadaşova:
"Sovet dövrünü
söyürük, amma…"

Bəstəkar Elnarə Dadaşova uşaq mahnılarının öncəki illərlə müqayisədə az yazılmasının səbəblərini izah edərək deyir ki, əsas problem vəsait çatışmazlığıdır: "Uşaq mahnısı yazmaq üçün gərək kifayət qədər vəsaitin olsun ki, görəcəyin işin öhdəsindən gələ biləsən. Düşünürəm ki, belə mahnılarının az yazılmasının əsas səbəbi budur. Yazdığımız mahnını sata bilmirik. Alıcılıq qabiliyyəti çox aşağıdır. Nə edək, bizim də gəlirimiz buradan çıxır. Düşünürük ki, bəstələdiyimiz mahnılarla maddi ehtiyacımızı önləyə bilərik".
Uşaq mahnılarının tanıtımı üçün görülən müəyyən təbliğat işlərinin də yetərli olmadığını vurğulayan bəstəkar qeyd edir ki, proses davamlı olaraq aparılmalıdır ki, mövcud durum dəyişilsin: "Amma öncəki illərlə müqayisədə az da olsa, yazılır, təbliğatı üçün müəyyən işlər görülür. Məncə, bu da kifayət etmir. Bu gün, ya sabah hansısa təqdimat, mətbuat konfransı, müsabiqə təşkil etməklə işi yekunlaşdırmaq olmaz. Prosesi davamlı olaraq aparmaq lazımdır".
Bəstəkar xanım deyir ki, görülən işlər də formal xarakter daşıyır. Məhz bu səbəbdən ortalıqda heç bir nəticə yoxdur: "Elə bil ki, bizdə hər şey formal xarakter daşıyır. Adi bir müsahibə də. Bu müsahibəmdən sonra guya nəsə dəyişəcək ki? Əlbəttə ki, yox. Siz sual verəcəksiz, mən danışacağam, bu yazı portallara yerləşəcək, oxuyacaqlar, vəssalam. Bir nəticə çıxaran olacaqmı?"
Uşaq mahnıları ilə bağlı bir çox materialların tapılmasının da çətin olduğunu vurğulayan həmsöhbətimiz deyir ki, o zamanların klassik ifaları belə bu günün efirində səsləndirilmir: "Uşaq mahnıları ilə bağlı materiallar əldə etmək çətindir. Kitabxanaya müraciət etdikdə çətinliklə üzləşirsən. Bu məsələlər də aktual problemlərdəndir. Yazılan elə mahnılar var ki, illərlə arxivdə yatıb qalıb. Hətta vaxtilə uğur qazanan, uşaqların sevimlisinə çevrilən klassik mahnılar da efirlərdə səsləndirilmir. O zamanlar "Cücələrim"i tez-tez səsləndirirdilər. Bəs indi, çoxmu eşidirsiniz? Yox. Efirdə o qədər bayağı, nimdar, səviyyəsiz mahnılar səsləndirildiyi halda uşaq mahnılarına yer verilmir. Efirlər bu mahnılara yayım vaxtı ayırmırsa, bizim yazdığımızı kim verəcək? Mahnılar yazılır, amma siz onu eşidə bilmirsiniz. Nisbətən Azərbaycan Radiosu uşaqlara xidmət edir, amma öncəki kimi yox. Valideynlər elə kanallara baxırlar ki, orada ümumiyyətlə mahnı deyilən bir şey yoxdur".
E.Dadaşova deyir ki, uşaqlara qayğı hərtərəfli olmalıdır: "Uşaqlara qayğını tək musiqi baxımdan müzakirə etmək düzgün olmaz. Bu gün valideynlər də övladlarına qarşı diqqətli deyillər. Uşaqlar üçün yazılan o qədər gözəl tamaşalar var ki. Amma baxan, uşağı aparan yoxdur. Valideynlərdə də bu mövzuya qarşı diqqətsizlik var. Elə düşünürlər ki, bütün bunlar ikinci dərəcəlidir. Sovet dövründə uşaqların boş vaxtları boş deyil, daha mənalı keçirdi. Sovet dövrünü söyürük, amma onun müsbət tərəflərini görə bilmirik. Uşaq öz mahnıları ilə böyüməlidir. Sovet dövrü ilə müqayisədə bu sahədə uduzmuşuq. Elə bilirik ki, hər şey özbaşına həll olunacaq. Özbaşına heç nə həll olunmur".
İllər sonra tələblərinin yerinə yetirildiyini söyləyən həmsöhbətimiz onlar üçün ayrılan studiyanın texniki baxımdan o qədər də yararlı olmadığını deyir: "O qədər dedik, axırda bir studiya verdilər. Təxminən 5 ildir ki, studiyamız var, amma ondan yararlana bilmirik. Deyilənlərə görə, texniki avadanlıqlar istənilən vəziyyətdə deyil. Studiya işləsəydi, işimiz daha asan olardı. Çünki lentə aldığımız ifaların keyfiyyəti qənaətbəxş deyil. Bunun üçün gərək studiyaya gedəsən, lazımi pulu ödəyəsən. Belə bir işin öhdəsindən gəlmək üçün özünün meneceri, prodüseri olmalısan".

"Mahnını alıb iki yüz
manat versələr, sevinərik"

Tək aranjmana 300-2000 manat arası məbləğin tələb olunduğunu deyən E.Dadaşova Bəstəkarlar İttifaqının lazımi köməklik göstərdiyini, lakin maddi bazasının kifayət qədər olmadığı üçün bu xərcləri qarşılaya bilməyəcəyini deyir: "Aranjman elətdirməmişəm. Amma bilirəm ki, bunun üçün 300-2000 arası məbləğ tələb olunur. Hələ studiyanın qiymətini hesablamıram. Mahnını alıb iki yüz manat versələr, sevinərik. Vəziyyəti dəyişmək, nəsə nəticə əldə etmək üçün Bəstəkarlar İttifaqı da çalışır nəsə etsin. Amma ittifaqın bu qədər vəsaiti qarşılayacaq maddi bazası yoxdur".
Bəstəkar deyir ki, internet portallarında da təbliğat istənilən səviyyədə deyil: "Yalnız meneviservetimiz.az saytı bu istiqamətdə müəyyən işlər görür. Sayt bütün palitranı özündə əks etdirə bilməsə də heç olmasa "Cücələrim" kimi klassik mahnıları qoruyub saxlayır. Mənim də bəzi mahnılarım var ki, onların keyfiyyət göstəricisi aşağı olduğundan internet səhifələrinə yerləşdirilmir. Sovet dövründə biz bu cür mahnıları studiyada yazırdıq. Keyfiyyət aşağı olduğundan müəyyən xışıltılar eşidilir. Biz də hazırlanan mahnını necə gəldi efirə verə bilmirik".
E. Dadaşova mövcud vəziyyətdən çox narahatdır: "Türkiyəli bir bəstəkar mənə zəng etmişdi, maraqlanırdı ki, Mədəniyyət Nazirliyində mahnıların alqı-satqısı necədir. Dedim ki, xeyr, iki ildir, heç nə alınmır. Düzdür, festivallar keçirilir... amma biz bəstəkarları da düşünmək lazımdır. Nəsə elə bil ki, uşaq mahnıları haqda düşünən yoxdur. Bütün ölkələrin, dövlətlərin yaxın gələcəkdəki taleyi hazırkı nəsildən asılıdır. Əgər onlar fiziki cəhətdən və ruhən sağlam olarlarsa, cəmiyyət də sağlam olar. Sağlam deyillərsə, gələcəyimiz böyük sual altına düşəcək".

"Öncələr AzTV 40 saatını uşaq verilişlərinə həsr edərdi, indi dörd saatını"

Əməkdar incəsənət xadimi Oqtay Zülfüqarov uşaq mahnılarının az yazılmasının səbəbini izah edir. O deyir ki, belə mahnıların yazılması üçün gərək ki, balaca balaları sevəsən: "Uşaq mahnısı yazmaq üçün gərək onları sevəsən. Çoxları yazırlar. Bir var uşaq mahnısı onun öz dilindən oxunur, mən beləyəm, mən eləyəm, bir də var ki, böyüklər uşaq üçün oxuyurlar. Bunlar fərqli-fərqli şeylərdir. Uşaqlar daha çox öz dillərindən oxunan mahnıları sevirlər. Amma təəssüf ki, daha çox böyüklərin dilindən oxunan mahnılar yazılır. Buna görə də uşaqlar belə mahnıları oxumurlar".
Səhhəti pis olsa da uşaqlar üçün yeni-yeni bəstələr hazırlayan O.Zülfüqarov ən son işləri haqda da məlumat verdi: "Uşaqlar üçün ciddi musiqilər bəstələyirəm, bütün ömrümü balaca balalara həsr etmişəm. Səhhətim pis olsa da yazıram. Yaxın günlərdə uşaqlar üçün yazmış olduğum "Sehrli alma" adlı yeni baletim Opera və Balet Teatrında təqdim olunacaq. Bundan başqa, "Azərbaycan bayrağı", "Sayıram onacan", "Naqquli" adlı yeni uşaq mahnılarım işıq üzü görüb. Naqquli bilirsiniz nədir? Biz uşaq olanda bu oyunu oynayardıq. İndiki uşaqların bu oyun haqda heç bir məlumatı yoxdur. Bəlkə, sizin valideynləriniz belə bu oyun haqda məlumatlı deyillər. Çünki qədim oyunlardan biridir".
Oqtay Zülfüqarov Sovet dövrü ilə müqayisədə bu sahəyə qayğının azaldığını deyir. Bəstəkar deyir ki, hələ Sovet dövründə AzTV 40 saatını uşaqlara ayırardı: "İndiki uşaqlar yaşlarına uyğun mahnılarla böyümürlər. 3-4 yaşlı uşaq sevgidən oxuyur, əcnəbiyə qulaq asır. Mövcud telekanalların da bu istiqamətdəki rolu qənaətbəxş deyil.
Telekanallar, heç olmasa, yarım saat uşaq mahnılarına yer ayırsa, yaxşı olar. Öncələr AzTV 40 saatını uşaq verilişlərinə həsr edərdi. İndi nə qədərdir, bilirsiniz? Dörd saat. Sovet dövründə bu sahəyə Moskvanın xüsusi diqqəti var idi. Pionerlər evi də mövcud idi. İndi ancaq toyxanadır, bozbaşdır, kababdır. Ən yaxşı gəzmək, əyləncə də buna deyirlər. Öncələr uşaqlar üçün yazılan vətənpərvərlik mahnıları efirə yayımlanardı. İndi isə... heç nə, hər şey unudulub. Amerikada, xaricdə hansı mahnılar çıxır, onları səsləndirirlər. Uşaqlar da deyirlər ki, daranq-durunq mahnılar yaxşıdır. Mahnı gərək gözəl olsun, illərlə yaşasın. Tofiq Quliyev, Səid Rüstəmov, Cahangir Cahangirov, Qara Qarayev, Fikrət Əmirovun yazdığı mahnılar indi də müasirliyini itirməyib".
Bu gün oğlunun da uşaqlara xidmət etdiyini deyən bəstəkar yeni işıq üzü görən kitablarından da danışıb: "Oğlum Cahangir Uşaq Filarmoniyasının bədii rəhbəridir. 25 ildən artıqdır ki, Kukla Teatrında musiqi şöbəsinin müdiridir. Bu yaxınlarda müsabiqələrin birində "Vətən hissi" və "Dostluq" mahnılarına görə mükafata layiq görülüb. Artıq özüm də mahnıların sözlərini yazıram. Mahnı sözlərinə aid nəvəmin adını daşıyan "Aysel" adlı mətn kitabım da çıxıb. Artıq üçüncü belə kitab işıq üzü görür".
Məhin