Təhsil sistemində milli müxtəliflik necə qorunur?
Təhsil sistemində milli müxtəliflik necə qorunur?

Təhsil Nazirliyi: "Regionlarda müxtəlif azsaylı xalqların dilləri müəyyən siniflərdə tədris olunur"

"Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fövt olar və ondan bir nişan qalmaz". Məşhur pedaqoq Uşinskiyə məxsus bu kəlam illər keçsə də bu gündə öz aktuallığını itirməyib. Doğurdan da istənilən bir xalqın varlığını yaşatmaq üçün dilini qoruyub saxlaması vacib şərt sayılır. Azərbaycan etnik baxımdan rəngarəng olduğundan,ölkəmiz dillər muzeyini xatırladır. Azərbaycanda xeyli sayda etnik qrupların yaşaması ölkəmizin təhsil sistemində milli müxtəliflik məsələsinin necə əks olunmasını hər zaman aktual edir. "Unikal" bu dəfə təhsil sistemində milli müxtəlifliyin necə təşkil edildiyi barədə suala cavab axtarmağa çalışıb.
Təhsil Nazirliyindən "Unikal"a verilən məlumata görə, respublikamızda yaşayan milli azlıq, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında Prezident fərmanına uyğun olaraq onların dillərinin ümumtəhsil məktəblərində tədrisi ilə bağlı lazımi şərait yaradılıb: "Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin II bəndinə müvafiq olaraq ölkəmizdə yaşayan əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin etmək başlıca vəzifə kimi qarşıya qoyulub. Həmçinin Konstitusiyanın 45-ci maddəsində göstərildiyi kimi, hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququndan istifadə etməsi diqqət mərkəzində saxlanılır. Bu gün bu siyasət nazirlik tərəfindən aşağıdakı formada aparılır:
- məktəbəqədər müəssisələrdə təlimin, ümumtəhsil məktəblərində təhsilin ana dilində və ya uşağın, onun valideyninin arzu etdiyi (istədiyi) dildə almaq imkanının olması ilə;
- təlim-tərbiyənin məzmununda - tədris planlarında, proqramlarında, dərsliklərdə və tədris vəsaitlərində müxtəlif millətlərə məxsus və ümumbəşəri dəyərlərin əks etdirilməsi ilə;
- pedaqoji kadrların tərkibinin milli müxtəlifliyi ilə;
- bir sıra təhsil müəssisələrində tədrisin iki və ya üç dildə- bölmələrdə (sektorlarda) aparılması ilə və s.
Etnik qrupların kompakt şəkildə məskunlaşdıqları bölgələrdə isə məktəbəqədər tərbiyə müəssisələrində uşaqlar öz ana dillərində danışırlar. Ümumtəhsil məktəblərində isə azsaylı xalqların və etnik qrupların uşaqları dillərini ana dili kimi öyrənirlər. Hazırda ölkəmizin təhsil sistemində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təlim Azərbaycan dilində, rus dilində, gürcü dilində aparılır. Regionlarda müxtəlif azsaylı xalqların dilləri müəyyən siniflərdə tədris olunur. Bakıda fəaliyyət göstərən "Xabad Or-Avner" Tədris Kompleksində təlim rus dilində aparılır, Azərbaycan, ivrit və ingilis dilləri öyrədilir, İsrail tarixi və mədəniyyəti, Azərbaycan tarixi və coğrafiyası tədris edilir. Hesab edirik ki, bu fakt mədəniyyətlərarası dialoqun yaradılması baxımından çox müsbət nümunədir. Respublikamızın təhsil sistemində həm təhsil alanlar, həm də təhsil verənlər müxtəlif millətlərə, mədəniyyətlərə və dinlərə mənsub insanlardır. Məktəbəqədər müəssisələrdə və ümumtəhsil məktəblərində ölkəmizdə yaşayan bütün millətlərin və xalqların nümayəndələrindən ibarət olan pedaqoji işçilər qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, bir-birinə dəstək və tolerantlıq şəraitində çalışır. Mədəniyyətlərarası dialoq və dini müxtəliflik məktəblərdə ayrıca fənn kimi tədris olunmur. Fikrimizcə, bu məsələ, ilk növbədə, tərbiyə məsələsidir ki, bu da müxtəlif fənlərin, xüsusilə humanitar fənlərin məzmununa inteqrasiya edilib. Ümumtəhsil müəssisələrində uşaqlar müxtəlif fənlərin tədrisi prosesində ölkəmizdə, regionda və dünyada yaşayan xalqların və millətlərin dili, ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, flora və faunası, milli mənəvi dəyərləri, inancları - dinləri ilə tanış olurlar. Bu tanışlıq uşaqların (şagirdlərin) digər xalqlar haqqında təsəvvürlərini genişləndirir, sanki onlara yaxınlaşdırır".
İbtidai sinif müəllimi Ramilə Məmmədli deyir ki, bu gün Azərbaycanda təhsil sahəsində milli müxtəliflik məsələsi fərq qoyulmadan aparılır: "Məktəbəqədər müəssisələr üçün təlim-tərbiyə proqramında və tədris materiallarında Azərbaycan folkloru nümunələri, yazıçı və şairlərin uşaqlar üçün əsərləri ilə yanaşı, digər xalqların şifahi xalq ədəbiyyatından, yazılı ədəbiyyatdan nümunələrinə də geniş yer verilir. Uşaq bağçalarında 3-6 yaş arasında olan uşaqlar Azərbaycan nağılları ilə bərabər rus, Ukrayna, Belarus, gürcü, tatar, latış, litov, eston, macar, özbək, qırğız, tacik, Vyetnam və s. xalq nağıllarını, L.Tolstoyun, İ.Krılovun, K.Uşinskinin, Aqniya Bartonun və digərlərinin uşaqlar üçün yazdıqları şeir və hekayələri sevə-sevə öyrənirlər. Uşaqlar bu nağıllar və əsərlər vasitəsilə digər xalqlar, onların mədəni-mənəvi dəyərləri haqqında ilkin təsəvvürlər əldə edirlər. Musiqi məşğələlərində uşaqlar başqa xalqların rəqslərini oynayır, mahnılarını oxuyur, melodiyalarını dinləyirlər. Uşaqlar "Ləzginka" rəqsini ifa etməyi, "Suliko" gürcü xalq mahnısını oxumağı, V.A.Motsartın "Zınqırovlar səslənir" əsərini dinləməyi çox sevirlər. Musiqi məşğələlərində uşaqlar yaxın və uzaq ölkələrin xalq mahnıları, rəqsləri, bəstəkarların uşaqlar üçün yazdıqları musiqi əsərləri ilə tanış edilirlər. Xalq melodiyaları nümunələri və bəstəkar əsərləri ifa edilərkən həmin mahnının, rəqsin, yaxud bəstəkarın hansı xalqa mənsub olduğu uşaqlara çatdırılır, o xalq və ölkə barədə uşaqlara, onların yaş xüsusiyyəti nəzərə alınmaqla məlumat verilir. Beləliklə, uşaqlar uşaq bağçasında təlim dövründə nağıllar, hekayələr, şeirlər, mahnılar, rəqslər, melodiyalar və s. vasitəsi ilə regionun, qitənin və dünya xalqlarının milli mənəvi dəyərləri, görkəmli sənətkarları ilə tanış olur, onlara hüsnrəğbət göstərməyə başlayırlar. Uşaqların digər xalqların ədəbiyyatı və mədəniyyəti vasitəsilə onların ölkələri, əhalisi, milli mənəvi dəyərləri ilə tanış edilməsi məktəb təlimi dövründə daha da genişləndirilir və dərinləşdirilir".
Azərbaycanda azsaylı xalqların dili tədris olunsa da, zaman-zaman etnik qrupların dininin tədrisi məsələsi də gündəmə gəlir. Mütəxəssislərin fikrincə isə , hazırkı şəraitdə ümumtəhsil məktəblərində dinin tədrisinə zərurət yoxdur. Əməkdar müəllim Asif Cahangirov deyir ki, dövlətimizin əsas qanununda təsbit edilib ki, Azərbaycan dövləti dünyəvi respublikadır, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır: "Müəllimlərimiz bilməlidir ki, din güclü hərəkətverici qüvvəyə malikdir. Onun dünyaya təsiri, ilk növbədə, onun insanlara hansı hissləri aşılamasından, hansı hərəkətlərə, fəaliyyətə ruhlandırmasından çox asılıdır. Ölkələr və xalqlar arasında sülh yalnız dinlərin və mədəniyyətlərin dialoqu, barışığı yolu ilə əldə edilə bilər. Ona görə də hər bir müəllim öz ixtisası üzrə fənlərin tədrisi prosesində uyğun mövzuların imkanları daxilində mədəniyyətlərarası və dinlərarası dialoqun yaradılmasını həyata keçirməlidir. Artıq onuncu ildir ki, ölkəmizdə təhsil sahəsində islahatlar aparılır. Ümumi təhsilin məzmunu- tədris planları, fənn proqramları, dərsliklər və dərs vəsaitləri, elmi-metodik, elmi-kütləvi ədəbiyyat yeniləşdirilir, milli, ümumbəşəri və dini dəyərlərlə zənginləşdirilir.
Azərbaycan hökuməti 30.10.2006-cı il tarixli qərarı ilə "Azərbaycanda ümumi təhsilin konsepsiyası (Milli Kurrikulumu)"nı təsdiq etmişdir. Hazırda bütün fənlər üzrə kurrikulumlar işlənilib hazırlanıb. Fikrimcə, müəllim hazırlayan ali məktəblərimiz və Təhsil Problemləri İnstitutu mədəniyyətlərarası və dinlərarası dialoqun fənn kurrikulumlarında, dərsliklərdə və dərs vəsaitlərində əks etdirilməsi prinsiplərini və tədrisi metodikasını hazırlayıb müəllimlərin, məktəb rəhbərlərinin istifadəsinə vermələri ümumi təhsilin məzmununun daha dolğun olmasına kömək edərdi.Tədris prosesində mədəniyyətlərarası və dinlərarası dialoqun yaradılması metodikasına dair ali məktəblərdə ilkin müəllim hazırlığı dövründə tələbələr üçün xüsusi kursların, fakültələrin, ixtisasartırma institutlarında isə müəllimlər üçün tematik kursların təşkili məqsədəuyğun olardı. Müxtəlif xalqların mədəniyyətləri və dinləri haqqında gənclərə müvafiq biliklərin verilməsi onların gələcəkdə qloballaşan dünyada digər millətlərin nümayəndələri ilə ünsiyyət və əməkdaşlıq yaratmaq, vətənimizin davamlı inkişafını təmin etmək baxımından fəaliyyət göstərmələri üçün çox vacibdir".