Separatçılar Ukrayna ordusuna tanklarla hücum etdi
Separatçılar Ukrayna ordusuna tanklarla hücum etdi

Kiyev atəşkəs rejiminə son qoydu, bu gündən yeni hərbi əməliyyatlar dalğası başlaya bilər

Separatçılar tanklarla Ukrayna ordusuna qarşı hücuma keçib. Bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk öz "Facebook" səhifəsində yazıb.
O bildirib ki, separatçılar səkkiz tankla Kramatorskda Ukrayna əsgərlərinin blok-postlarına hücum ediblər. Şiddətli döyüşlərdə Ukrayna tərəfinin 4 zirehli maşını və minomyotu məhv edilib. Separatçıların isə bir tankı vurulub.
Separatçıların canlı qüvvə tələfatı barədə məlumat verilmir. Tımçuk bildirib ki, döyüş zamanı 4 ukraynalı əsgər öldürülüb, 5 nəfər yaralanıb.
Bu arada Ukrayna prezidenti Pyotr Poroşenkonun ölkənin şərqində atəşkəs rejiminin tətbiq edilməsi barədə verdiyi əmrinin müddəti dünən başa çatıb. Bu barədə "RBK-Ukrayna" xəbər agentliyi yazıb.
Ukrayna prezidenti 20 iyun tarixində atəşkəs rejiminin tətbiq edilməsi barədə əmr vermiş və sülh planını açıqlamışdı. On beş maddəlik sülh planında ağır cinayətlərdə iştirak etməyən və təslim olanların cinayət məsuliyyətindən azad edilməsi, ölkəni tərk etmək istəyənlər üçün dəhlizin yaradılması, həmçinin girovların azad edilməsini nəzərdə tutur.
Bundan başqa, Ukrayna-Rusiya dövlət sərhədində 10 kilometr enində bufer zonanın yaradılması planlaşdırılıdı.
Lakin ötən müddət ərzində sülh planının icrası istiqamətində heç bir addım atılmayıb və atəşkəs rejiminə əməl olunmayıb. İyun ayının 24-də Ukrayna ordusunun "Mİ-8" hərbi vertolyotunun vurulması nəticəsində 3-ü ekipaj üzvü olmaqla 9 hərbçi öldü.
P.Poroşenko isə "B" planının da olduğunu bildirir. Ekspertlər hesab edir ki, Kiyevin "B" planının, yəni irimiqyaslı hərbi əməliyyatların bu gündən etibarən başlaması çox real görünür.
Bu arada Ukraynanın şərqində girov saxlanılan ATƏT müşahidəçilərindən 4 nəfər sərbəst buraxılıb. "Euronews"un verdiyi məlumata görə, "Donetsk Xalq Respublikası"nın təmsilçiləri bunun qarşılığında heç nə gözləmədiklərini bəyan ediblər.
"Biz heç bir şey tələb etmədən onları azad etdik. Ümid edirik ki, beynəlxalq ictimaiyyət bizi başa düşəcək", - deyə separatçıların lideri Aleksandr Boroday bildirib.
Digər 4 nəfər müşahidəçinin Luqansk yaxınlığında saxlanıldığı bildirilir.
"Ukrayna bütün imkanlara malikdir ki, Rusiyanı müharibəni dayandırmağa məcbur etsin". Bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenkonun məsləhətçisi Yuri Lusenko canlı yayımda deyib.
"Bizdə Dneprepetrovsk var, burada Rusiyanın bütün nüvə raketlərinin mühərriki istehsal olunur. Bizdə Zaporojye var. Burada Rusiya aviasiyası üçün lazım olan mühərriklərin 30 faizinə texniki xidmət həyata keçirilir. Nikolayevdə isə Rusiyanın bütün sualtı donanmasının mühərriklərinə xidmət göstərilir", - Ukrayna prezidentinin məsləhətçisi vurğuladı.
Eyni zamanda, Y.Lusenko xəbərdarlıq edib ki, terrorçular və Rusiya diversantları tərəfindən atəşkəs rejiminin pozulması sanksiyaların üçüncü mərhələsinin tətbiqi üçün siqnal kimi qiymətləndiriləcək.
Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya ilə hərbi-sənaye kompleksi (HSK) sahəsində əməkdaşlığı qadağan edib. Lakin bu göstəriş hələlik icra olunmur.
Ukraynanın Rusiyaya satdığı və təmir etdiyi hərbi məhsullar arasında "Voyevoda" RS-20V (NATO-nun təsnifatında "İblis") qitələrarası ballistik raketləri, helikopter mühərrikləri (Rusiya Hərbi Hava Qüvvələrinin ehtiyacının 70 faizi) və hərbi gəmilər üçün motorlar xusisi yer tutur. Erkpertlər isə hesab edir ki, Moskva-Kiyev hərbi əməkdaşlığının tamamilə dayandırılması Rusiya ordusu üçün ciddi çətinliklər yaradacaq. Əlavə edək, Ukrayna Rusiya ilə hərbi əməkdaşlığı dayandıran yeganə ölkə deyil. Müasir silah texnologiyalarına sahib Qərb ölkələri də eyni qərar verib.
Rusiya müdafiə nazirinin müavini Yuri Borisov Kiyevin bu siyasətindən ilk növbədə Ukrayna hərbi-sənaye müəssisələrinin zərər görəcəyini bildirib. Onun fikrincə, Ukrayna yeni satış bazarları axtarmalı olacaq və bu, xeyli vaxt çəkəcək.
Ancaq ukraynalı ekspertlər ümid edirlər ki, Rusiya ilə hərbi əlaqələrdən imtina edən Ukrayna yeni bazarlarda möhkəmlənə biləcək. Buraya NATO-ya üzv ölkələr də daxil edilir. Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçukun analitik materialında deyilir ki, Ukrayna və Rusiyanın müdafiə-sənaye kompleksləri arasında əməkdaşlığın dayandırılmasının Ukraynanın hərbi sənaye müəssisələrinə təsiri hiss olunacaq dərəcədə olmayacaq.
O qeyd edir ki, 2013-cü ildə Ukrayna xarici ölkələrə ümumilikdə 2,38 milyard dollarlıq hərbi məhsul ixrac edib. Bunun 1 milyard dolları isə Rusiyaya ixracatın payına düşür. 2013-cü ildə Rusiyadan Ukraynaya 700 milyon dollarlıq silah və hərbi ləvazimatlar ixrac olunub. İkitərəfli ticarətdə isə Ukrayna 300 milyon dollar müsbət saldosa malikdir.
Hərbi ekspertin sözlərinə görə, Rusiyanın Ukraynaya ixrac etdiyi müdafiə təyinatlı məhsulların 81 faizini Atom Elektrik Stansiyası üçün istifadə olunan məhsullar təşkil edir. "Bu məhsulların ixracı artıq mart ayında dayandırılıb. Ukrayna ABŞ firması olan "Westinghouse"a müraciət edərək Rusiyaya əvəz tapa bilər. Beləliklə, Ukrayna Rusiyadan idxal edilən müdafiə təyinatlı məhsulların 81 faizini əvəz edə biləcək. Ukraynanın Rusiyaya ixrac etdiyi məhsulların əksəriyyəti isə hazırda əvəzolunmazdır",- hərbi ekspert qeyd edir.
Kənan Rzaquliyev