Özəl sektor QHT-lərə niyə maliyyə yardımı ayırmır?
Özəl sektor QHT-lərə niyə maliyyə yardımı ayırmır?

Əliməmməd Nuriyev: " Əsas səbəb biznes strukturlarının QHT-a ayırdığı vəsaitdən də verginin tutulmasıdır"

Deyirlər, Qeyri Hökumət Təşkilatları (QHT) olmasa, vətəndaş cəmiyyəti qurmaq çətin olar. Cəmiyyət biliciləri onu da iddia edirlər ki, hökumətin ən yaxşı köməkçisi, yəni əlindən tutanı, problemləri göstərəni, hətda həlli yollarını təmənnasız-filansız təklif edən məhz QHT-lərdir. Bir sözlə, nə dövlət, nə də adi adamlar QHT-dən ziyan çəkməyib. Fransada işləyən əhalinin 13 faizə qədəri üçüncü sektorda çalışır.
Qonşu Gürcüstanın ağır vaxtında - 1992-ci ildən sonrakı dövrlərdə "hər bir adam bir QHT-dir" deyimi yaranmışdı. Yəni dövlətin kasıb vaxtında intellektual adamların dolanışığı çətinləşəndə insanlar üz tutmuşdu QHT işinə. Bu proses bir az əyri, bir az düz bizim də ölkədə baş verdi. Azərbaycanda xeyli sayda QHT fəaliyyət göstərsə də, hələ də elə sahələr var ki, orada vətəndaş cəmiyyəti institutlarının işinə ciddi ehtiyac var. Əhalinin sosial fəallığının artırılması baxımından ölkədə bəzi sahələrdə QHT-lərin fəaliyyətinə zərurətin olduğu açıq-aşkar görünür. Bunu da qeyd edək ki, bu gün dünyada insan haqlarının və hüquqlarının qorunması, siyasi aktivliyin artırılması bilavasitə QHT-lərin vəzifə borcudur. Həmçinin unutmaq olmaz ki, Prezident yanında QHT-lərə Yardım Fondu yaranandan sonra bu sahədə daha ciddi irəliləyişlər oldu. Buna baxmayaraq, tək dövlətin qayğısı yox həm də özəl sektorun da QHT-lərə dəstək verməsinə ciddi ehtiyac var. Qeyd edək ki, QHT-lər fəaliyyət göstərəndən bu günə qədər, ölkədə hər zaman onların layihələrinin maliyyələşdirilməsi məsələsi geniş müzakirə mövzusu olub. Elə günü bu gündə QHT-nın çoxu xarici donorlara meyillilikdə suçlanır. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə üçüncü sektora maliyyə yardımı ayrıldıqdan sonra, QHT-nın xarici donorlardan asılılığı qismən aradan qalxsa da, hələdə xaricdən qrant alan QHT-nın sayı üstünlük təşkil edir. Bunun kökündə isə ölkədə milli donorçuluğun zəif inkişaf etməsi durur. Hazırda ölkədə dövlətdən başqa QHT-i maliyyələşdirən milli donor demək olar ki, yox dərəcəsindədir. Halbuki əksər ölkələrdə artıq vətəndaşların özləri vətəndaş cəmiyyətini təşkil edən qurumların maliyyə mənbəyinə çevriliblər. Biznes strukturları vətəndaş cəmiyyətinin inkişafı və onların işinə cəmiyyətdə əngəl törədə biləcək maneələri aradan qaldırmaq üçün müəyyən sosial proqramların gerçəkləşməsinə maliyyə yardımı göstərirlər. Beynəlxalq təcrübədən də məlumdur ki, QHT-lərin büdcəsinin formalaşmasında əsas maliyyə mənbələrindən birini də özəl sektorun, biznes qurumlarının ayırdığı vəsaitlər təşkil edir. Qərb ölkələrində vətəndaş cəmiyyətinin, QHT sektorunun möhkəmlənməsində özəl sektorun payı təxminən 40-50 faizə qədər olsa da, Azərbaycanda bu rəqəm cəmi 2-3 faiz civarındadır. Turkiyədə vətəndaş cəmiyyəti proqramlarının dəstəklənməsində biznes strukturlarının payı 20 faizdən artıqdır. Həmçinin Türkiyədə biznes qisamüddətli dövr üçün nəzərdə tutulan sosial proqramları deyil, uzunmüddətli dövr üçün aktual olan strateji problemlərin həllinə dəstək verir. Bu nümunələri digər ölkələrin təcrübələrində də görmək olar. "Unikal" qəzeti Azərbaycanda QHT sahəsində milli donorçuluğun inkişafına mane olan səbəbləri araşdırıb. Konstitusia Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, hazırda ölkədə biznes strukturlarının vətəndaş cəmiyyətinin inkişafı üçün birbaşa maliyyə xərcləməsinə nadir hallarda rast gəlmək mümkündür. Fond prezidentinin sözlərinə görə, ölkədə bir-iki şirkət var ki, onlar da ancaq tədbirlərin həyata keçirilməsinə maliyyə dəstəyi göstərirlər: " Bu gün hər bir biznes qurumu cəmiyyətə və ətraf mühitə təsir edən qərarlarında və fəaliyyətlərində şəffaflığı təmin etməlidir, ictimai təşkilatlarla ümumi sosial problemlərin həllində tərəfdaşlığın qurulmasında maraqlı olmalıdırlar. Hesab edirəm ki, biznes qurumlarının bu istiqamətdə fəaliyyətinin qurulmasında QHT-lər onlarla daha yaxın əməkdaş qismində iştirak edə bilərlər. Həmin biznes qurumlarının da əsas məqsədi KİV-də onlarla bağlı neqativ yazıların yer almaması, mesenatlıq funksiyası daşıyır. Özəl sektorun sosial proqramlara sərmayə
ayırmamasının müxtəlif səbəbləri var. Əsas səbəb biznes strukturlarının QHT-a ayırdığı vəsaitdən də verginin tutulmasıdır. Əslində sosial proqramlara sərmayə ayıran özəl sektor nümayəndələrinə müəyyən vergi güzəştləri edilməlidir. Bu onlarda QHT-nın layihələrinə maliyyə vəsaiti ayırmağa maraq yarada bilər. Digər səbəb isə özəl sektor nümayəndələrinin bəzilərinin milli donorçuluğun inkişaf etdirilməsinin onlar üçün nə dərəcədə əhəmiyyətli olduğunu dərk etməməsidir. Biznes strukturları bilməlidirlər ki, onlar vətəndaş cəmiyyətinin inkişafına xidmət edən QHT-a ayırdığı vəsaitin əvəzində gələcəkdə daha çox qazanacaqlar. Çünki özəl sektorun inkişafına mane olan problemlərlə bağlı məsələlərin geniş ictimaiyyətə və dövlətə çatdırılması onların xeyrinə olan bir məsələdir".
"Güzəran Sosial Araşdırmalar" Mərkəzinin sədri Qadir İbrahimli isə bu firkrdədir ki,QHT-lərin qrant üçün üz tutacağı daha bir ünvan özəl sektordur: "Bilirsiniz ki, QHT sektoru ölkəmizdə durmadan inkişaf edir, QHT-lərin sayı sürətlə artır. Belə bir şəraitdə, artıq əlavə maliyyə mənbələrinin formalaşmasına ehtiyac var. Eyni zamanda beynəlxalq biznes mühitində "korporativ məsuliyyət" deyilən bir mədəniyyət var və Qərb ölkələrində bu sahədə böyük təcrübə mövcuddur. Biz bu təcrübələri öyrənmişik, prosesin dünyada necə tənzimlənməsinə diqqət yetirmişik. Azərbaycanda bir sıra transmilli korporasiyalar var ki, onların sosial sərmayə proqramları üçün vəsaitləri var, lakin bu vəsaitlər necə xərclənir, hansı sahədə xərclənir bu baxımdan cəmiyyətdə böyük bir informasiya yoxdur. Hazırda bu sahədə Gürcüstanda olan vəziyyət Azərbaycandan xeyli fərqlidir, orada iri şirkətlərin sosial layihələrə böyük sərmayələri var. Azərbaycanda isə cəmi bir neçə şirkət tərəfindən buna rast gələ bilərik. Artıq zaman çatıb ki, bizim iri şirkətlər QHT sektoruna dəstək versinlər. Bu da təbii ki, qanun olaraq yox, məsuliyyət xartiyası olaraq tənzimlənə bilər. Kimsənin üzərinə zorla belə bir öhdəlik qoyulmur, amma vətəndaş cəmiyyətinin formalaşmasında şirkətlərin də rolu vacibdir. Hesab edirəm ki, QHT sektorunun inkişafında özəl şirkətlər də dövlət qədər maraqlı olmalıdır".
Prezident yanında Vətəndaş cəmiyyəti jurnalının baş redaktoru Səfər Alışarlının fikrincə, Azərbaycanda yerli donor olaraq biznes strukturlarının çıxış etməməsinin ciddi səbəbləri var. S.Alışarlı hesab edir ki, ölkədəki biznesmenlər öz biznes fəaliyyətində ictimai xeyriyyə təzahürlərinin ona mənfəət gətirəcəyini görmür: "Biznesmen ictimai sektoru maliyyələşdirməsinin onun biznesinin inki-şafının güclənməsinə kömək etdiyini görsə, bu fəaliyyətdən yan keçə bilməz. Görünür Azərbaycan biznesmenlərində bu ehtiyac hələki yaranmayıb".
Milli QHT Formunun prezidenti Rauf Zeyni isə milli donor institutunun yaranmasının ölkəmiz üçün çox vacib olduğunu söylədi: "Avropa ölkələrinin əksəriyyətində milli donor vətəndaş cəmiyyətini ona görə maliyyələşdirir ki, onun qanunvericilik bazası var. Həmin ölkələrdə qanunla milli donor vətəndaş cəmiyyətinin hər hansı bir layihəsini maliyyələşdirirsə, həmin vəsaitin məbləğində də vergidən azad olunur. Bu məsələ bizim qanunvericilikdə də təkminləşdirilərsə, yaxud da "Xeyriyyəçilik haqqında" qanun qəbul olunsa biznesmenlər bu işə maraq göstərər".
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov isə biznes strukturlarının hər hansı layihəsinin maliyyələşdirilməsinə sərf etdiyi məbləğin vergidən azad edilməsinin ölkədə milli donorçuluğu elə də inkişaf etdirəcəyinə inanmır. S.Məmmədov deyir ki, belə halda biznes strukturları QHT yaradaraq müəyyən məbləğdə vəsaiti həmin ictimai təşkilatın hesabına köçürəcəklər. Bu yolla da layihə adı ilə qazandıqları pulun bir hissəsini vergidən azad etmiş olacaqlar: "Biznes strukturlarının milli donora çevrilməsi üçün onların vətəndaş cəmiyyətinin inkişafında marağı olmalıdır. Özəl sektor nümayəndələri dərk etməlidirlər ki, QHT vasitəsilə onlar bir çox problemlərinin həllinə nail ola bilərlər. Amma bizdə azad sahibkarlıq inkişaf etmədiyindən, sahibkarlar buna maraq göstərmirlər".