Poroşenko üç od arasında: Maydan, Vaşinqton və Moskva
Poroşenko üç od arasında: Maydan, Vaşinqton və Moskva
Ağ Evdən sensasion ittiham: «Ukraynada terrorçuları Rusiya maliyyələşdirir"

ABŞ dövlət katibi Con Kerri Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon söhbətində atəşkəs müddətinin uzadılmasını xahiş edib. Bu barədə ABŞ-ın "Financial Times" qəzeti yazıb.
Nəşr diplomatik mənbəyə istinadən qeyd edir ki, Ukrayna ordusu tərəfindən ölkənin şərqində hərbi əməliyyatların yeniləməsi Qərb üçün xoş sürpriz olmayıb. "Qərb diplomatiyası atəşkəs rejiminin tətbiqi üçün Poroşenkoya təzyiqi göstərməkdə davam edir. Ancaq Maydandakı yeni etiraz aksiyalarının iştirakçıları terrorçular barəsində daha sərt addımların atılmasını tələb edirlər. Bu atəşkəs rejiminin müddətini uzatmayan Ukrayna prezidentinin qərarını anlamağa imkan verir", - ABŞ nəşri bildirir.
Rəsmi Moskva isə iddia edir ki, Kiyevin strateji xətti məhz Vaşinqtonda istehsal olunur. "RİA-Novosti" xəbər agentliyinə dünən açıqlama verən Rusiya Federasiya Şurası katibinin müavini Yevgeni Lukyanov Ukraynada
ABŞ-ın güc strukturlarının məsləhətçilərin fəal işlədiyini söyləmişdi.
Onun sözlərinə görə, Kiyev üçün strateji xətt məhz həmin məsləhətçilər tərəfindən istehsal edilir: "Əminliklə söyləyə bilərik ki, yalnız amerikalı muzdlulardan söhbət getmir, həm də Vaşinqtondan gələn məsləhətçilər Ukrayna ərazisində aktiv fəaliyyət göstərirlər. Mən ABŞ-ın güc strukturlarının mütəxəssislərindən danışıram. Onlar yalnız məsləhətlərlə kifayətlənmir, həm də Kiyevin strateji xəttini istehsal edirlər. Bu xətt isə ölkə rəhbərliyi tərəfindən qəbul edilir".
Rusiya prezidenti Vladimir Putin də bir neçə gün bundan əvvəl verdiyi bəyanatında ABŞ-ı kəskin tənqid edərək bildirib ki, Ukrayna böhranı Rusiya və Avropa arasında danışıqların predmeti olsaydı, vəziyyət bu həddə gəlib çatmazdı. V.Putin Vaşinqtonun Kiyevi qarşıdurmaya itələdiyini dilə gətirib.
"RİA-Novosti" xəbər agentliyi isə Vaşinqtonun Ukraynadakı hadisələrdə iştirakı ilə bağlı Putinin fikirlərini təsdiqləyən bir karikatura verib.

Terrorçular Rusiya ilə "müqavilə" bağlayıb
Rusiyadan olan muzdlular Donetsk vilayətinin Slavyansk rayonunda "müqavilə üzrə" 1 sentyabr tarixinə qədər vuruşacaqlar.
TSN kanalının saytının verdiyi məlumata görə, bu barədə yerli nəşrlərdən biri bildirib.
Slavyanskda hazırda "müqavilə üzrə" 3-5 min terrorçunun döyüşdüyü xəbər verilir. Yerli nəşrin yazdığına görə, onlar Rusiya vətəndaşları, həmçinin Krım, Şimali Qafqaz və Donetsk vilayətinin sakinləridir.
Terrorçular bir aylıq 2 min qrivna (təxminən 250 dollar) vəd edərək yerli sakinləri sıralarına cəlb etməyə çalışır.

Cen Psakidən sensasion iddia
"Ukraynada antiterror əməliyyatları təmkinli və mülayim xarakter daşıyır". UNİAN-ın verdiyi məlumata görə, bu fikirləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki səsləndirib.
Psaki bildirib ki, Ukrayna prezidenti Petro Poroşenko birtərəfli qaydada atəşkəsin dayandırılmasına hazır idi: "Lakin terrorçuların buna hazır olmadığı ortaya çıxdı". Mətbuat katibi vurğulayıb ki, istənilən halda məsuliyyət və öhdəliklər qarşılıqlı, ikitərəfli olmalıdır: "Əks halda sülhü və sabitliyi bərpa etmək mümkün deyil".
O, NATO və Avropa rəsmilərinin müvafiq açıqlamalarını xatırladaraq, Rusiyanı yenidən terrorçuları maliyyələşdirməkdə və Ukraynanın şərqində separatçıları dəstəkləməkdə ittiham edib.

"İndiki ordumuz olsa idi,
Putin Krımı işğal edə bilməzdi"
Ukraynanın müvəqqəti daxili işlər naziri Arsen Avakov ordunun döyüş qabiliyyətindən danışıb.
"Unian.net"-in məlumatına görə, o, yerli TV-yə müsahibəsində deyib: "Müharibə – düzgün təşkil olunmayan ticarətdir. Bu şəraiti kimsə gözləmir. Biz savaşa hazırlıqsız girmişik. Normal silahlı qüvvəmiz olmadan, arxa cəbhə təşkil edilmədin biz buna cəlb edilmişik".
Onun sözlərinə görə, bir ay öncə Milli Qvardiyada Piyadaların Döyüş Maşını yox idi: "Ancaq indi 53 ədəd bu maşından var. Bir ay öncə döyüş qabiliyyəti olan 120 nəfər var idisə, indi onların sayı 450 nəfər çatıb. Mən əminəm ki, əgər 3 ay öncə bizim indiki ordumuz olsa idi, Putin Krımı heç vaxt işğal edə bilməzdi".

Ukrayna prezidentindən ciddi kadr dəyişikliyi
Ukrayna Prezidenti Pyotr Poroşenko güc strukturlarının rəhbərinin dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib.
axar.az xəbər verir ki, artıq bununla bağlı Ali Radaya müraciət göndərilib. Dövlət başçısı yeni Müdafiə naziri postunda general-polkovnik Valeri Qalateyi, Baş Qərargah rəisi qismində isə general-leytenant Viktor Mujenkonu görmək istədiyini açıqlayıb.
O, parlamentdə təmsi olunan fraksiyaların üzvləri ilə görüşündə bildirib ki, hərbi sahədə zamana və tələblərə uyğun islahatlar aparılmalıdır. Poroşenko əlavə edib ki, anti-terror əməliyyatlatının uğurlu aparılması üçün peşəkar orduya ehtiyac var.
Dövlət başçısı həmçinin hərbidə olan problemlərdən də bəhs edib.
Kənan Rzaquliyev