Siyasi marifləndirmə əsas şərtdir
Siyasi marifləndirmə əsas şərtdir

Hazırda Azərbaycanda bu istiqamətdə ciddi addımlar atılır

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirilir. Bunu ölkə başçısının Qeyri-hökumət təşkilatlarına (QHT) Dövlət Dəstəyi haqda 2007-ci il, 27 iyul tarixli və QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması haqda 2007-ci il, 13 dekabr tarixli Fərmanları da təsdiqləyir. Bu gün ölkəmizdə çoxsaylı vətəndaş cəmiyyəti institutları var ki,müxtəlif sahələrdə layihələr həyata keçirməklə cəmiyyətdə maarifləndirmə işləri aparırlar. Bunlardan biri də, ölkəmizdə siyasi aktivliyin artırılması istiqamətində çoxsaylı layihələr həyata keçirən "ELS" Müstəqil Araşdırmalar Mərkəzidir. Elə həmsöhbətimiz də "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovadır.
-İradə xanım gəlin söhbətimizə sizin Mərkəzi daha yaxından tanımaqla başlayaq...
-2006-cı ildən fəaliyyət göstərərən "ELS" Müstəqil Araşdırmalar Mərkəzi öz sıralarında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yardım göstərmək, sabit və etibarlı gələcəyin quruculuğu prosesinin real iştirakçısı olmaq istəyənləri birləşdirir.2007-ci il yanvar ayının 31-də Mərkəz könüllülük əsasında fəaliyyət göstərən qeyri-kommersiya, qeyri-hökumət, ictimai təşkilat kimi qeydiyyatdan keçib.Mərkəz ölkənin sosial-ictimai həyatının bütün sahələrində geniş spektrli tədqiqatlar həyata keçirir. Bunun üçün monitorinqlər, hər növ sosioloji sorğular, dəyirmi masalar və s. tədbirlər keçirilir.Mərkəz öz işində müstəqillik, dəqiqlik, operativlik, doğruluq və obyektivlik prinsiplərinə əsaslanır.
Mərkəzlə müxtəlif yönümlü zəngin nəzəri və praktiki təcrübəyə malik mütəxəssislərlə yanaşı gənclər də əməkdaşlıq edir. Onlar yaşlı nəsildən təcrübə alır və öz növbəsində aktual problemlərin həllinə yenilik gətirirlər.Mərkəzin fəaliyyətinin məqsədi ictimai həyatın əsas amili və nizamlayıcısı olan ictimai şüurun rolunun artmasına imkan yaradan bütün sahələrdə vətəndaş cəmiyyətinin təşəkkül tapmasına kömək etmək, elmi və praktiki tədqiqatların keçirilməsi əsasında biliklərin və mütərəqqi informasiyanın yayılmasına yardım etmək , ölkəmizin inkişaf istiqaməti barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır.
- Qadınların hakimiyyətdə təmsil olunmasının səviyyəsini və onların ölkənin ictimai-siyasi həyatındakı iştirakını qənaətbəxş hesab edirsinizmi?
- Qadın Azərbaycanın ictimai-siyasi həyatında olduqca fəal rol oynamaqdadır. Qadınların hakimiyyət qurumlarında təmsil olunmasının səviyyəsi kifayət qədər yüksəkdir. Parlamentin 125 millət vəkilindən 14-ü qadındır.Bu müsəlman ölkələrinin qanunverici orqanları ilə müqayisədə çox böyük bir rəqəmdir. Lakin onu da qeyd etmək istəyirəm ki, qadınların icra hakimiyyətlərinin mərkəzi orqanlarında təmsil olunması elə də yüksək deyil.Bununla belə, qadınla nazir müavini, departament və idarə rəhbərləri, dövlət komitələrinin sədrləri vəzifələrini tutmaqdadırlar.Qeyd etmək istəyirəm ki, Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında fəal iştirakı məsələsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın rolu olduqca böyükdür. Bu, qadının necə rəhbərlik etməsinin, həm də ölkənin ictimai həyatında necə fəallıq göstərməsinin, eyni zamanda qadın ağlının və gözəlliyinin bir arada necə cəmləşməsinin bariz nümunəsidir.
-Sizin QHT seçki dövrlərində Azərbaycanda qadınların seçici fəallığının artırılması istiqamətində bir sıra layihələr keçirib. Bu layihələr bu istiqamətdə nə qədər müsbət dəyişikliyə səbəb oldu?
-"ELS" Mustəqil Araşdırmalar Mərkəzi Gəncə şəhərində "Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrubənin tətbiqi" layihəsi çərçivəsində beynəlxalq konfrans keçirmişdi. Tədbir, ABŞ-nın Azərbaycandakı səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramının dəstəyi ilə reallaşmışdı.Layihənin məqsədi, qadınların ictimai və siyasi həyatda irəli çəkilməsi, regionlarda parlament seçkiləri ərəfəsində seçkilərlə bağlı seçmək və seçilmək hüquqları, o cümlədən qadınların qərar qəbuletmə prosesində iştirakı və s. məsələlərin gündəmə gətirilməsi, habelə, seçicilərin hüquqi maarifləndirilməsi, bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq təşkilatların təcrübəsindən bəhrələnməklə Azərbaycanda vətəndaş fəallığının stimullaşdırılması və qadınların ictimai həyatda iştirak səviyyəsinin artırılmasına dəstək olmaqdır.
Qeyd edim ki, bu layihə üzrə ELS-in tərəfdaşı 90 ildən artıq tarixə malik olan ABŞ-ın Qadın Seçicilər Liqası idi.Liqanın üzvləri mütəmadi olaraq seçki məntəqəsinin əməkdaşları və ya seçkilər günü yerli seçki müşahidəçiləri qismində xidmət edirlər. Layihə zamanı bəlli oldu ki, Azərbaycan qadınlarının seçkilərdə aktiv iştirakı üçün heç bir hüquqi maneə olmasa da, problem yaradan amillərin daha çox stereotiplər və seçkinin obyektivliyinə inamsızlıqdır. 2010-cu ilin iyun-iyul aylarında Azərbaycanın qərb rayonlarında ELS könüllülərinin keçirdiyi sorğunun nəticələri göstərir ki, respondentlərin 21,6%-i "Siyasətlə maraqlanmıram"; 18,4%-i "Mənsiz də keçinərlər" "Mənim səsim heç nəyi dəyişməyəcək"; 16,2%-i "Namizədlər seçki öncəsi verdiyi vədləri həyata keçirmirlər"; 13,9%-i "Evdən icazə vermirlər"; 12,4%-i "Vaxtım yoxdur, ailəmlə məşgulam"; 5,8%-i "Seçkinin obyektivliyinə inanmıram"; 5,8%-i "Qocayam" "Xəstəyəm" "Əliləm"; 3,4-i "Vaxtım yoxdur – işləyirəm" cavabını verib. "Evdən icazə vermirlər" deyə cavablandıran respondentlərin əksəriyyəti 45 yaşdan yuxarı evdar, işsiz qadınlardır. 2010-cu ildə keçirilən seçkilərdə iştirak edib-etməyəcəkləri sualına ümumilikdə 66,8% "Bəli" cavabını verib. 20,5% respondent hələ qəti qərar qəbul etməyib, 12,7%-i isə səs vermək niyyətində olmadığını bildirib. Sorguda, həmçinin qadınların seçki orqanlarında təmsil olunmaq istəyib-istəmədiklər də soruşulub. Bu istəkdə olan qadınlar 9,2%, cavablandırmaqda çətinlik çəkənlər 11,3 % təşkil edib. Nəticə etibarilə görmək olar ki, seçkilərdə iştirak etməkdə tərəddüd edənlərə nisbətən hər 5-ci qadın cəmiyyətin fəal üzvüdür...".
Dünya miqyasında qəbul edilib ki, qadınların siyasi həyatda və liderlik mövqelərində olmaması demokratiyaya kölgə salır. Bütün səviyyələrdə qərar qəbuletmə prosesinə bərabər səviyyədə cıxış, demokratiyanın düzgün şəkildə işləməsi üçün ilkin zəruri şərtdir. Siyasi məsələlərdə bərabər iştirak hökümətləri daha reprexentativ, etibarlı və şəffaf edir. Mükəmməl demokratiyanın əldə edilməsi qadınların və kişilərin balanslı şəkildə iştirakını tələb edir. Ölkə əhalisinin yarısı siyası proseslərdə iştirak etmirsə, demokratiyadan danışmaq olmaz. Qadınlar, konstitusiyanın və sülh prosesinin bərqərar olunmasında əhəmiyyətli dəyişiklik edə bilərlər.Qadınlar və kişilər arasında bərabər rəftar, qadın məsələləri sahəsində siyasətlərə və qərarlara ciddi təsir göstərir.
-Azərbaycan cəmiyyətində qadınların hal-hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Mən özüm Azərbaycanda qadınların öz imkanlarını necə genişləndirə biləcəyinin real nümunəsiyəm. Qadın Azərbaycanda yerinə yetirmək istədiyi istənilən işin qulpundan yapışa bilər.
Qadının seçim etmək, eləcə də öz məqsədinə doğru irəliləmək imkanları mövcuddur. Ona görə də, Azərbaycanda qadınların hüquqlarının pozulmasından söhbət gedə bilməz.
-Seçici fəallığının artırılması istiqamətində layihələrin həyata keçirilməsinə bu gün ehtiyac görürsünüzmü?
-Son illər keçirilən seçkilər göstərir ki, insanlar seçkilərdə iştirak etməyə maraq göstərirlər. Amma hər şeyin onların seçimindən asılı olması barədə fikrin yaranması üçün maarifləndirməyə hər zaman zərurət var.