İnsan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinə çevrilib
İnsan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinə çevrilib

Birlik sədri Mehman Muradlı deyir ki, İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı insanların rahat həyatına zəmanət verir

Azərbaycanda itiqsadi inkişafla yanaşı, ictimai-siyasi həyatda müsbət dəyişikliklərin olması göz önündədir. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması dövlətin ən ümdə siyasi xəttinə çevrilib.
Belə ki, 27 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı qəbul olunub. Sözügedən proqramın qəbul olunması üçün prezidentin müvafiq sərəncamı da var. Qeyd edək ki,
Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə təsdiq edilib.
Sənəddə öncə normativ-hüquqi bazanın təkmilləşdirilməsi müəyyən olunmuş formalara əsasən təsbit olunub. Belə ki, Azərbaycan Respublikası qanunları layihələrinin hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulur. Konstitusiyanın 12-ci maddəsində müəyyən edilib ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasında qəbul edilən qanunların ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi zəruridir. Ölkədə yaranmış qanunyaradıcı təcrübə göstərir ki, qanunların hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr rəhbər tutulur, habelə bir çox qanun layihələri onların hazırlanması prosesi zamanı insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların ekspertizasına təqdim olunur, onların rəyi nəzərə alınmaqla qəbul edilir.
Bu prosesi Azərbaycan Respublikasının Milli Məclisi, Prezident Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
Onu da nəzərə çatdıraq ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi əsas götürülüb. Məlumdur ki, Azərbaycan insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürüb. Bu öhdəliyin yerinə yetirilməsinə nəzarət mexanizmləri çərçivəsində Azərbaycan Respublikası tərəfindən təqdim olunan insan hüquq və azadlıqlarının təmin edilməsinə dair dövri hesabatlar üzrə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər hökumətlərarası təşkilatların ixtisaslaşmış qurumlarının rəy və tövsiyələrinin həyata keçirilməsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icra edilməsi çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Göstərilən öhdəliklərin yerinə yetirilməsi zamanı tövsiyələrin ətraflı təhlili, görüləcək tədbirlərin və onların icrasına məsuliyyətli dövlət qurumlarının müəyyən edilməsi zəruridir. Bununla əlaqədar olaraq, qeyd olunan prosesə aşağıda göstərilən qurumların cəlb edilməsi nəzərdə tutulur. Bu işə həmçinin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatları cəlb edilir. Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Ədliyyə, Xarici İşlər nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu bu prosesi mütəmadi olaraq icra edəcək.
Bu barədə "Unikal"a açıqlama verən "İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyinin sədri, hüquqşunas Mehman Muradlı Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını müsbət qiymətləndirdiyini deyib. Onun sözlərinə görə, bu proqram insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi önəmli sənədlərdən biridir: "Bildiyiniz kimi, proqramın preambula hissəsində göstərilir ki, Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə qəbul olunub. Proqramın qəbul olunmasında 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyanı proqramın əsas mənbəsi hesab etmək olar. Belə ki, Konstitusiyanın əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Bu proqram qəbul edildikdən sonra bir çox qanunlarda dəyişikliklər olmuş və bir neçə yeni qanunlar qəbul edilib".
Birlik sədri onu da bildirb ki, proqramda ictimai instituların da üzərinə vəzifələr qoyulmuş və QHT sektorunun yardımından geniş istifadə nəzərdə tutulub: "Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının büdcəsi il ildən artıb. Rəqəmlərə nəzər yetirsək görərik ki, 2012-ci ilnən müqayisədə bu il dövlət büdcəsindən Şuraya ayrılan vəsaitin həcmi 3 dəfə artıb. Cəmi üç il ərzində Şuranın büdcəsi 1,6 milyon manatdan 4,5 milyon manata qədər artmışdı. Tək bu hal onu deməyə əsas verir ki, Azərbaycanda QHT sektorunun inkişafında dövlət maraqlıdır".
M.Muradlı vətəndaş cəmiyyətinin formalaşdırılmasında və inkişafı yönündə ciddi addımların atıldığını söyləyib. Onun fikrincə, QHT-lərin sayının artması, onların fəaliyyətinin inkişafı və ümumilikdə insanların maarifləndirilməsi mühüm hadisədir: "Heç də təsadüfü deyil ki, millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin müəllifliyi ilə qəbul edilmiş və 2014-cü ilin 01 iyun tarixində qüvvəyə minən "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası qanunu vətəndaşların və ictimai birliklərin dövlət idarəetməsində nəzarəti həyata keçirmək üçün çox mühüm bir addım olub. Hesab edirəm ki, bundan sonra da bu yöndə lazımi addımlar atılacaq".
Onu da nəzərə çatdırmaq lazımdır ki, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı çərçivəsində xeyli sayda qanunlar qəbul olunub, bəzilərinə əlavə dəyişikliklər edilib. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi də bu qəbildəndir.
Azərbaycan Respublikasının Milli Məclisi 2012-ci il mart-aprel aylarında bu prosesi həyata keçirib. Bundan əlavə, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin həbsdə saxlanılmasının qanuniliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin hazırlanması, Ekstradisiya olunmaq üçün tutulmuş şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin hazırlanması, Diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, Miqrantların hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi layihəsinin hazırlanması üzrə işin yekunlaşdırılması layihələri icra olunub. Bu tədbirlər Prezident Administrasiyası tərəfindən gerçəkləşdirilib.
Məlumat üçün onu da vurğulayaq ki, Fəaliyyət Proqramında Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq müqavilələrə qoşulması ilə bağlı tədbirlərin davam etdirilməsi əsas götürülüb. Azərbaycan Respublikası bu günədək Birləşmiş Millətlər Təşkilatının və müxtəlif regional təşkilatlarının yüzlərlə konvensiyalarına və digər beynəlxalq müqavilələrinə qoşulub. Eyni zamanda, insan hüquqları üzrə beynəlxalq hüququn daimi inkişafda olduğunu və yeni beynəlxalq müqavilələrin qəbul edildiyini nəzərə alaraq Azərbaycan Respublikasının həmin sənədlərə qoşulmasının məqsədəuyğunluğu təhlil edilməli və bu istiqamətdə tədbirlər görülməli. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu müvafiq tədbirlər həyata keçirib.
Xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətini yaxşılaşdıran və onların hüquqlarının müdafiəsini tənzimləyən müqavilə-hüquq bazasının genişləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi, hər bir vətəndaşın olduğu yerdən asılı olmayaraq, insan hüquq və azadlıqlarının təmin edilməsi üçün zəruri tədbirləri həyata keçirir. Bu məqsədlə xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının təmin olunmasına dair müvafiq dövlətlərlə və onların səlahiyyətli orqanları ilə müqavilələr bağlanılmalıdır. Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər, Ədliyyə nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti proqrama uyğun olaraq, üzərilərinə düşən missiyanı yerinə yetirib və bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.