"Azərbaycan bu iki qorxmaz oğlunun da qayğısına qalacaq"

"Son iki gündə həm Ermənistan, həm Azərbaycan mətbuatında Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində tutulan Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında çox saylı məlumatlar verilməkdədir. Ermənistan mətbuatı məlumatları əsəbiliklə və gərginliklə verir. İki mülki vətəndaş onların cəbhə xəttini hiss edilmədən keçərək işğal altında olan Kəlbəcər rayonuna gəlir və hətta orada videoçəkilişlər də edirlər. Bu isə Ermənistanın özündə Ermənistan ordusu haqqında mifi darmadağın etmiş olur". Bu sözləri millət vəkili Aydın Mirzəzadə özünün facebook səhifəsində paylaşıb.
"Azərbaycan mətbuatı bu məlumatları həyacanla və fəxarətlə verir. İki mərd Azərbaycan kişisi ölümünü gözünün qarşısına alaraq düşmən tərəfə keçməsi və özlərini evlərindəki kimi hiss etməsi xalqımızın genetik qorxmazlığından xəbər verir. Əslində də belədir. Kəlbəcər Azərbaycan ərazisidir və hər iki şəxs öz evlərinə getmələri üçün kimdənsə icazə almağa ehtiyac görməyiblər".
"Yaxınlarının dediklərinə görə onlar əvvəllər də o ərazilərə gedib-gəlirlərmiş. Ermənistan əsgəri tutduğu ərazini heç də güclü qorumurmuş. Hər halda Dilqəmin və Şahların o ərazidə tutulması bunu sübut edir. Bilmirəm bu "başısoyuqluğa" görə neçə erməni generalı vəzifəsindən qovulacaq, neçə hərbi hissəyə qəfil yoxlamalar gələcək, ancaq göründüyü kimi silahsız azərbaycan kişisi silahlı erməni əsgərindən, döşü medallı erməni generalından qat-qat güclü imiş"
"Belə nümunələr yaxın tariximizdə artıq varımızdır. Ramil Səfərov Ermənistan zabitinin Azərbaycan bayrağına təhqrinə dözməyərək onun layiqli cəzasını verməsini hər birimiz bilirik. Mübariz İbrahimov Ermənistan əsgərlərinin azğınlığına dözməyərək işğal edilmiş tərəfə keçərək neçəsinin layiqli cəzasını verməsi çox ədalətli idi. Dilqəm Əsgərov və Şahbaz Quliyev isə Vətən ayrılığna dözməyərək öz evlərinə döndülər. Onlar üçün bütün müharibə və diplomatik qaydaları mövcud deyilmiş və bununla da Ermənistanın kürkünə birə saldılar. Bütün oğulları kimi Azərbaycan bu iki qorxmaz oğlunun da qayğısına qalacaqdır. Şübhəm yoxdur ki, dövlətimizin gücünü bu məsələdə də görəcəyik".