Xəstə təxəyyül, siyasi yalanlar və bihal düşmüş kütlə
Xəstə təxəyyül, siyasi yalanlar və bihal düşmüş kütlə

Yerevanda iqtidarda olan Ermənistan Respublika Partiyasının (EPA) parlament fraksiyasının rəhbəri Vağram Baqdasaryan cürətli və eyni zamanda maraqlı açıqlama verib.

"Avrasiya İqtisadi Birliyində üzvlüklə bağlı heç bir ilkin şərti qəbul edən deyilik", - "sərt" bəyanatda deyilir.
Ermənistan prezidenti Serj Sarkisyanın sədrlik etdiyi EPA-nın parlamentdəki nümayəndəliyinin rəhbəri olan bu adamın ölkə siyasətində qeyri-ciddi fiqur, iqtidar düşərgəsində isə marionetka kimi tanınmasını hələlik bir kənara qoyaq.
V.Baqdasaryanın çıxış, nitq və açıqlamalarına onun ailə üzvləri və qohumlarından savayı kimsənin ciddi önəm vermədiyini də müvəqqəti olaraq "unudaq".
Məsələ budur ki, Vağram Baqdasaryanın AİB-lə bağlı bəyanatı, yumşaq desək, gerçəkdən çox uzaq açıqlamadır.
Özlərini ölkə müxalifətinin aparıcı qüvvələri adlandıran Erməni Milli Konqresi, "Çiçəklənən Ermənistan" və İrs partiyaları, Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun yaratdıqları "Dördlük" adlı strukturun iqtidara ünvanlanan, 12 bənddən ibarət olan tələbnaməsinin açıqlanmasından bir neçə gün sonra V.Baqdasaryan "nəhayət ki, Ermənistanda konstruktiv müxalifətin formalaşdığını" vurğulamışdı.
İki gün keçdi, Ermənistan prezidenti Serj Sarkisyan "tələbnamənin açıqlanması erməni müxalifətinin hələ də illüziyalar aləmində qaldığını, xalqın maraqlarından çıxış etmədiyini və yalnız öz mənafelərini düşünən konyunkturçu fərdlərdən ibarət olduğunu göstərdi" dedi.
Beləcə, V.Baqdasaryanın "sahib"indən xəbərsiz nə isə dediyi aşkarlandı.
Problem kiminsə nə isə deməsində yox, yalanın gerçək və həqiqətin də olmamış hadisə kimi təqdimatındadır.
İş ondadır ki, Avrasiya İqtisadi Birliyinə qoşulmağa can atan Ermənistanın rəhbərliyi Moskvanın bütün tələbləri ilə şərtlərini qəbul edib. Söhbət, təbii ki, aşkar vurğulanan ilkin şərtlər toplusu olan tələbnəmədən yox, kuluar danışıqlarından və şifahi-yazılı səslənən göstərişlərdən gedir.
Avropa Birliyi ilə assosiativ anlaşmadan, sonra da "Azad ticarət zona haqqında" müqavilədən imtina edərək Qərblə münasibətləri gərginləşdirən Yerevan azad manevr imkanlarını minimuma endirərək siyasi dalana dirənib.
Bunu yaxşı bilən, daha doğrusu, Ermənistanı düşdüyü vəziyyətə salan Moskva sərt şərtlər qoyaraq tələblərinin yerinə yetirilməsinə nail oldu.
Tələblər imperativ səciyyəlidir və Serj Sarkisyan rejiminin təbliğat maşınının yalanlarına rəğmən, ermənilərin düşdükləri geosiyasi tələdən çıxmaları yalnız indiki iqtidarın uzaqlaşdırılması ola bilərdi.
Əks olan bütün məsələlər irrealdır.
Ermənistan MDB çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmaqla yanaşı, Rusiyanın təzyiqləri ilə postsovet məkanında "tərəfdaşlıq və sıx əməkdaşlıq prinsipləri"nin ehtiva olunduğu çoxsaylı anlaşmaları imzalayıb.
Əl-ayağı kəndirdə olan insanın sürətlə qaçması, onu kölə saxlayan adamdan uzaqlaşması nə qədər realdırsa, Ermənistanın da mövcud şəraitdə Rusiyanın sərt pressinq müstəvisindən çıxaraq Qərblə təmasları sürətləndirməsi və əlaqələri genişləndirməsi də bir o qədər gerçək fərziyyə olardı.
Rəsmi Yerevan AB-yə assosiativ üzvlük və azad ticarətlə bağlı anlaşmaları rədd edibsə, deməli, Moskvanın tələblərini artıq yerinə yetirib. Belədə Ermənistan rəhbərliyinin hansısa "sərbəst hərəkətlər, müstəqil diplomatiya"dan dəm vurması ən azı gülünc təsir bağışlayır.
Sentyabrın 3-də Avropa Birliyinin təkliflərini qəbul etmədiyini əməldə göstərərək Gömrük İttifaqının yaradılmasını nəzərdə tutan sazişə qatılmaq niyyətini təsdiqləyən sənədi imzalayan Serj Sarkisyan rejimi bundan sonrakı illərdə vəziyyətin həddən artıq çətin olmasını indidən şərtləndirib.
Üstəlik, Ermənistan "hami və müttəfiq" saydığı Rusiyanın bütün tələblərini şərtsiz yerinə yetirərək əvəzində heç nə almayıb.
Təbliğat maşını isə öz işindədir.
Avrasiya İqtisadi Birliyinə qoşulmağın uğurlu diplomatik addım, perspektivli siyasi qərar olduğunu fasiləsiz vurğulamaqla yanaşı, ölkə iqtisadiyyatına sərmayələrin cəlbolunma sürətinin artacağını da bildirir. Yəni ümumi söz yığınları və boşboğazlıqların imperativi "yeni qərardan sonra sərmayələr üçün daha əlverişli mühitin formalaşması prosesi daha da aktivləşəcək" deyir.
Yenə də marazmatik açıqlamalar, primitiv şüurlara hesablanmış bəyanatlar.
Əvvəla, Avropa İqtisadi Birliyini yaratmış Rusiya, Qazaxıstan və Belarusla ermənilərin ümumi sərhədləri yoxdur.
Moskvanın ssenarisi və təşəbbüsü ilə yaradılması nəzərdə tutulan bu təşkilat ilk əvvəl Rusiyanın özünə xeyirdir, çünki Ukrayna problematikası ilə bağlı Qərbin sanksiyalarının sərtləşdiyi dönəmdə istehsal etdiyi məhsullarla xammalını satdığı Belarus və Qazaxıstan bazarlarında "güzəştli ticarət" adı ilə mövqelərini daha da möhkəmləndirir.
Eyni zamanda qazaxlar Rusiya vasitəsilə Belarus, belaruslar da Rusiya ərazisindən yararlanmaqla Qazaxıstan ilə nisbətən asanlaşdırılmış ticarət imkanlarını əldə edəcəklərini vurğulayırlar.
Amma belə durumda Ermənistanın mənfəəti nə olacaq - əsla bilinmir. Hər halda AİB ölkələrinin bazarları ilə maraqlanan şirkətlər və ya dövlətlər həmin məkana Ermənistan vasitəsilə çıxmağa can atmayacaqlar.
Rusiya, Belarus və Qazaxıstana ümumi sərhədlə bahəm, nəqliyyat kommunikasiyaları da olmayan Yerevan üçün AİB yalnız geosiyasi idefiks sayıla bilər. Belə fonda Serj Sarkisyanın "potensial investorların cəlb olunması" ilə bağlı açıqlamaları ya yalan, ya da xəstə təxəyyülün məhsuludur.
Və ən nəhayət, Avrasiya İqtisadi Birliyinə qatılmaq Ermənistanın İran və ABŞ ilə onsuz da gərgin münasibətlərini daha da ağırlaşdıra bilər.
Adları çəkilən iki "oyunçu" zəif və bədbəxt məkan saydıqları ölkədə Rusiyanın təsir rıçaqlarının güclənməsi ilə çətin ki, barışa...
Elçin Alıoğlu