İnsan hüquq və azadlıqlarından sui-istifadə
İnsan hüquq və azadlıqlarından sui-istifadə

Xüsusi xidmət orqanlarına bağlılığı məlum olmayan təşkilatlar yenə aktivləşir

Bu gün insan hüquq və azadlıqlarının qorunması kifayət qədər aktual bir məsələdir və Azərbaycan zaman-zaman bu istiqamətdə ciddi islahatlar həyata keçirib. Bir tərəfdən ölkədə siyasi azadlıqların təminatı, stabil mühitin formalaşması, siyasi maarifləndirmənin təşkili kimi addımlar atılırsa, digər tərəfdən qanunvericilik bazası daha da mükəmməlləşdirilir.
Eyni zamanda Azərbaycan bir sıra beynəlxalq təşkilatlara üzv olmaqla insan hüquq və azadlıqlarının beynəlxalq normalara uyğun şəkildə qorunmasına nail olub. Bunun üçün medianın, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini də unutmaq olmaz. Amma çox təəssüflər ki, bəzi məqamlarda Azərbaycana tətbiq edilən ikili yanaşma yanlış nəticələrlə sonunclanır. Belə ki, erməni lobbisinin təsirində olan müəyyən qüvvələr insan hüquq və siyasi azadlıqları prinsipindən xüsusi maraqları üçün istifadə edərək süni şəkildə gərginlik yaratmağa çalışırlar. Çox təəssüflər ki, bu proses həm də Avropanın Şərqə yanaşmasında da ğöstərir. Belə ki, son on il ərzində Yaxın Şərqdə ABŞ və Avropanın atdığı addımların böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunması adı ilə olsa da nəticədə bu elə insan hüquqlarının pozulması, vətəndaş müharibələrinin başlanması ilə sona çatdı. Və dəfələrlə şahidi olmuşuq ki, Azərbaycanda da hansısa qüvvələr süni gərginlik yaratmağa,qarşıdurmaların ortaya çıxmasına maraq göstərib və bu iş üçün milyonlarla dollar dəyərində pulda ayırıblar. Elə bu günlərdə USAID təşkilatının medianın inkişafı üçün qrant layihəsini gizli şəkildə həyata keçirtməsi də buna misal ola bilər. Bununla bağlı "Unikal"a açıqlama verən millət vəkili Çingiz Qənizadə maraqlı məqamlara toxundu. Onun sözlərinə görə media qurumlarının bu qrant layihəsində iştirakı təmin edilməyib, elan barədə xəbər verilməyib. Adətən qrantların verilməsi üçün müsabiqə elan edilir, müəyyən zaman kəsiyində layihələr hazırlanır və sair. Burda isə qrant müsabiqəsi haqqında geniş ictimaiyyətə, mediaya məlumat verilməyib, layihələrin təqdim edilməsi üçün cəmi 7 günlük qısa müddət qoyulub. Belə bir şəraitdə ciddi bir layihə hazırlayıb qrant üçün təqdim etmək qeyri-mümkündür. Mənim fikrimcə, USAID-in Azərbaycandakı ofisi elanı məhdud çərçivədə verməklə göstərib ki, əvvəlcədən pərdə arxası razılaşma əldə edilib və konkret kimlərə qrant veriləcəyi bəlli olub. Çox maraqlıdır ki, Azərbaycandan aşkarlıq və şəffaflığı, demokratik dəyərləri, insan haqlarının qorunmasını tələb edən təşkilatlar bəzən özləri bu cür hallara göz yumurlar: " Bununla əlaqəli iki misal çəkmək istəyirəm. Dövlət başçısı İlham Əliyev Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 22 iyul 2010-cu ildə sərəncam imzaladı. Bu sərəncamdan irəli gələrək, 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. 2013-cü ildə Prezidentin də iştirakı ilə həmin mənzillərin jurnalistlərə təhvil-təslim mərasimi oldu. Mənzil verilən jurnalistlər arasında iqtidar, müxalifət və bitərəf mövqeyi ilə seçilən ən müxtəlif media qurumlarında çalışanlar var idi. Yəni, jurnalistlər arasında ayrı-seçkiliyə yol verilmədən belə bir iş görüldü. Bundan əvvəl isə ölkə başçısı tərəfindən imzalanan müxtəlif sənədlərlə media qurumlarına birdəfəlik yardımlar edilib, mətbuat orqanlarının "Azərbaycan" nəşriyyatına olan borcları silinib və sair. Hətta Prezident İlham Əliyevin siyasətini ən çox tənqid edən qəzetlər də bu imkandan yararlanıblar. Ancaq çox təəssüf ki, ölkəmizdə mediaya olan bu yanaşmanı, müsbət nümunəni görmək istəməyən bəzi qurumlar USAİD-in Azərbaycandakı ofisi kimi qrant elanları verir, yalnız özlərinin istədikləri qəzetlər arasında bölgü aparır, onlara qrantlar verirlər. Tam məsuliyyətimlə bildirirəm ki, USAİD-in Azərbaycandakı ofisinin bu cür qrant elan etməsi tamamilə formal xarakter daşıyır. Artıq onlara əvvəlcədən bəllidir ki, kimlərin layihəsini qəbul edib, kimlərə qrant verəcəklər. Bu da həm şəffaflığın, həm də ədalətlilik prinsipinin pozulmasıdır. Belə vəziyyət imkan verir ki, Azərbaycan mediası USAİD-in Azərbaycandakı ofisinin hərəkətləri ilə bağlı müəyyən şübhə doğuran məqamlar üzərində düşünsünlər.Yəqin ki, biz bunun nəticəsini gələcəkdə daha aydın görə biləcəyik. Əgər tam bilə bilsək, məlum olacaq ki, konkret kimlərə maliyyə yardımı edilib. Səhv etmirəmsə həmin qrant layihəsində 2,4 milyon ABŞ dollarından söhbət gedir. Mən USAİD-i o zaman alqışlayardım ki, onlar Azərbaycanın regionlarındakı mətbuatın inkişafına dəstək üçün hər hansı layihə həyata keçirəydilər. Bu gün kənd rayonlarında qəzetlərin çapı və satışı çox aşağı həddədir. Əgər maliyyə dəstəyi göstərməklə rayon qəzetlərinin inkişafına pul ayrılsa idi, o zaman USAİD-in bu fəaliyyətini dəstəkləyərdik. Hesab edərdik ki, USAİD bununla insanların maariflənməsinə xidmət edir. Amma bu gün qapalı şəkildə, cəmisi 1 həftəlik qısa zaman kəsiyində layihələrin hazırlanıb USAİD-ə təqdim olunması bəzi şübhəli məqamlar yaradır. Hiss olunur ki, qrant layihələri əvvəlcədən hazırlanıb və konkret kimlərə maliyyə yardımlarının göstəriləcəyi bəllidir. Elanın verilməsi isə sadəcə formal, görüntü xarakter daşıyan bir addımdır. Bu cür pulların ayrılması müstəqil mətbuatın fəaliyyətinə kifayət qədər müsbət təsir göstərə bilməyəcək. Çünki, şərtlər tamamilə başqa cür olacaq. Pulu verən təşkilat müstəqil medianın normal fəaliyyət göstərməsini deyil, yalnız onun maraqlarına xidmət göstərməsini istəyəcək. O baxımdan hər hansı uğurlu nəticə gözləmirəm. USAİD-dən fərqli olaraq QHT-lərə Dövlət Dəstəyi Şurasının vətəndaş cəmiyyəti təmsilçilərinə ayırdığı qrantların üzərində həm dövlət nəzarəti, həm də şəffaflıq var. Eyni zamanda QHT-lərdə artıq məsuliyyət hissi də var. Biz bu layihələrin Azərbaycan cəmiyyətində effektivliyini, əhəmiyyətini də hiss etməkdəyik. Bunun əksi olaraq, Azərbaycanın uğurlarını görmək istəməyən, bizləri sevməyən təşkilatlardan maliyyə yardımı almaqla isə ölkəmizin, mətbuatın inkişafına yönəlik hər hansı fəaliyyət ortaya qoymaq qeyri-mümkündür".Millət vəkilinin sözlərinə görə bəzi beynəlxalq təşkilatlar var ki, belə çirkin ənənələrdən istifadə edirlər və günü-gündən də bu ənənə genişlənir. Onlar təmsil olunduqları ölkələrin, yaxud da onları maliyyə ilə təmin edən ölkələrin siyasətini həyata keçirirlər. Bu, hər zaman belə olub. QHT-lərlə bağlı Milli Demokratiya İnstitutu, eləcə də digər bu tipli qurumlar daha çox o təşkilatlara pul ayırırlar ki, onlar mövcud olduğu ölkədə yaxşını görməyi bacarmayan, dövlətin imicinə xələl gətirən fəaliyyətlə məşğul olurlar. Təəssüf ki, bəzən ölkə içərisində kifayət qədər fəaliyyəti olmayan, cəmiyyətdə tanınmayan müəyyən adamlar həmin bu MDİ kimi təşkilatlardan 100 minlərlə ABŞ dolları həcmində qrantlar alırlar. Belə adamlar, bu cür QHT-lər onlarladır. USAİD-in Azərbaycandakı ofisi də eyni cür hərəkət etməkdədir. Təəssüf ki, məramı və məqsədi bilinməyən layihələr, qrantlar yalnız həmin təşkilatların maraqlarına uyğun fəaliyyət göstərən QHT-lərə, media qurumlarına verilir. Pul alan, qrant alan təşkilatlar isə bunun müqabilində istənilən tapşırığı yerinə yetirirlər.Ekspertlər bunu da qeyd edir ki, hazırda bir sıra beynəlxalq təşkilatlar keçmiş possovet ölkələrini tam nəzarətlərinə götürmək üçün həmən ölkələrdə özlərindən aslı durumda olan media orqanları, QHT-lər yaradır və bunun üçün küllü miqdarda vəsait xərcləyirlər. Amma prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, heç bir dövlət Azərbaycanla hədə dilində danışa bilməz və buna görə də fəaliyyətləri şübhəli olan qurumların fəaliyyəti dərhal nəzarətə götürülür. Bu gün Leyla Yunusun timsalında erməni lobbisinin tam təsirində olan qüvvələrin mövcudluğunu görmüşük və onlar ilk məqamda Azərbaycanın dövlətçilik maraqlarına ciddi zərbə vurmağa çalışıblar. Ekspertlər buna görə hesab edirlər ki, ilk növbədə Azərbaycan cəmiyyətinin özü hadisələrə həssas yanaşmalı və bu cür olayların iştirakçısına çevrilməməlidirlər. Çünki bu gün istər medianın, istərsə də QHT-lərin inkişafı üçün dövlət kifayət qədər vəsait ayırıb və bu hər il daha da artırılır. Belə olan halda gizli şəkildə hansısa beynəlxalq təşkilatın Azərbaycanda bu cür addımlar atmasının qarşısı alınmalıdır.