Hakimiyyət lotuları kriminal "avtoritet"lərlə birləşirlər
Hakimiyyət lotuları kriminal "avtoritet"lərlə birləşirlər

Hakimiyyətlə cəmiyyət, vətəndaşla məmurlar, iqtidar mənsubları ilə idarə olunan insanlar, siyasətlə sosium arasındakı münasibətlərin forması ilə təzahür mənzərəsi ölkənin durumunu müəyyənləşdirən amillər arasında yer alır.

Cəmiyyətdəki sosial tarazlıq pozulubsa, hakimiyyət idarə etdiyi insanların hüquqlarının varlığını ümumiyyətlə istisna edirsə, sivil davranış qanunlarını kriminal qaydalar əvəzləyir.
Ermənistanda eynilə belə vəziyyətdir. Ölkənin diplomatik uğursuzluqlarının inikası kimi daxili siyasətə təsir edən qərarlar ciddi fəsadlar yaratmaqla yanaşı, perspektivləri birmənalı olaraq məhv edir.
Problem çətinliklərin sayının artmasında yox, baş verənlərə hakimiyyətin münasibətindədir.
Ermənistan prezidenti Serj Sarkisyanın yeni göstərişinə görə, ölkədə məmurlarla kriminal avtoritetlər arasındakı münasibətlər "qaydaya salınmalıdır".
İqtidardakı "lotu"larla kriminal aləmin "lotu"ları arasında tərəfdaşlıq yeni səviyyəyə keçir, əməkdaşlıq isə daha dərin və miqyaslı olur - Sarkisyanın istəyi belədir.
Prosesin başlıca məqsədi məmurların erməni kriminal avtoritetlərdən asılılığını azaltmaq, "lotu"ları isə məmurların kontrolundan çıxarmaqdır.
Ümumiyyətlə, Ermənistanın krminal-oliqarxik sistemində "avtoritet"lərin öz yerləri və rolları var.
Ötən il keçirilmiş prezident seçkilərindən sonra hakimiyyət daxilində səlahiyyətlər, gəlir mənbələri və hadisələrə təsir imkanlarının yenidən bölüşdürülməsi faktiki olaraq Yerevandakı sistemin son illərdə zəifləmiş iştahlarının yenidən artması oldu.
Baş nazir postuna Ovik Abramyanın təyinatından sonra isə kriminal aləmin iddialarının yeni müstəviyə keçməsi ilə əlaqədar olaraq iqtidarın dayaqlarının möhkəmlənməsi ilə bağlı yanlış təsəvvürlər formalaşmağa başlayıb. Faktiki olaraq, Ermənistandakı oğrularla quldurların revanş almağa başladıqları ilə bağlı iddialar da səslənir.
Halbuki mənzərə göründüyü kimi deyil və qanunları pozmağı peşəkar fəaliyyətlərinin ayrılmaz ünsürlərindən birinə çevirmiş insanlar yaşananları cəmiyyətlə münasibət vasitələrindən birinə çeviriblər.
Bu baxımdan Ovik Abramyan və "Çiçəklənən Ermənistan" Partiyasının sədri, oliqarx Qagik Sarukyanın cəhdlərini birləşdirərək Ermənistan Polisinin rəisi Vladimir Qasparyanı vəzifədən kənarlaşdırmağa çalışmaları trivial təsir bağışlayır.
Erməni mediası bu olayı "hakimiyyətdəki avtoritetlərin kriminal hücumu" kimi dəyərləndirsə də, "avtoritet" məsələsi əslində ikinci dərəcəli məqamdır.
Gerçək odur ki, Vladimir Qasparyan iqtidar düşərgəsində özünə güclü istinad məkanı arayaraq təsir imkanlarını artırmağa can atır. Prezident Serj Sarkisyan da ölkədəki son idiot olmadığından nazirin istəklərindən öz maraqlarının təminatı üçün yararlanır, V.Qasparyanın niyyətlərini pis pərdələnmiş intriqaya döndərərək həm onu, həm də sözügedən şəxsin qarşı tərəf saydığı adamları zəiflədir.
Ermənistanın "kriminal paytaxtı" sayılan Gümrüdə olarkən Vladimir Qasparyanın jurnalistlərin suallarını cavablayanda dediyi sözləri məmurlar unutmaq niyyətində deyillər.
"Siz deputatsınız, yoxsa avtoritet?!" sualı səslənəndə V.Qasparyanın qarşısındakı "millət vəkili" susmağa üstünlük vermişdi.
Aprel ayına qədər onlar susurdular.
Apreldə kriminal-oliqarxik sistemin revanşı olduğu üçün yaşananları Serj Sarkisyan yalnız ordu və polisin gücünə arxalanan iqtidarının yeni manevri kimi təqdim etmə fikrindən vaz keçərək, olanların məntiqi axar olduğuna tərəfdarlarını inandırmaq istədi.
Di gəl, hakimiyyət düşərgəsindəki fiqurlarla yanaşı, quldur dəstələrinin başçıları inanmadılar və hakimiyyət piramidasının monolitliyi adlandırılan ilğım seyrəkləşdi.
Bir qədər də keçdi, ölkədəki oliqarxlar iqtisadiyyata nəzarət rıçaqlarının Sarkisyanda yox, Rusiyada olmasından bəhrələnərək iqtidardakı komandanın möhkəmlənməsinin qarşısını aldılar.
Olaylar başqa məcrada inkişaf edə də bilməzdi, çünki hakimiyyətinin ilk günlərindən etibarən Ermənistandakı kriminal-oliqarxik sistem S.Sarkisyana inanmırdı. Belə inamsızlıq sonrakı taktiki ixtilaflar və fikir ayrılıqları nəticəsində daha da dərinləşdi, dəf olunmaz sədd oldu.
Sarkisyan da naçar qalaraq "hakimiyyət monoliti" ideyasından imtina etdi, amma yenə də yalançı manevrlər etməyə başladı. Səbəb də budur ki, bu lənətə gəlmiş "monolit" məsələsinin strateji planda Sarkisyan üçün alternativi yoxdur və əks təqdirdə o, hakimiyyət irsi problemini çözərək iqtidardan kənarlaşandan, yaxud da kənarlaşdırılandan sonra təhlükəsizliyini təmin edə bilməyəcək.
Yəni hakimiyyəti ələ keçirmiş oliqarxiya ilə onun kriminal aləmdəki dayaqlarıyla bağlı problematika Ermənistan prezidenti üçün daimi başağrısıdır.
Sarkisyan ya bu problemi həll edəcək, ya da "monolit" idefiksinin strateji məqsədlərinə qayıdaraq təhlükəsizlik təminatları ala bilməyəcək.
Sadalananları nəzərə alsaq, "avtoritet"lər və ya daha sadə yazsaq, "lotular" məsələsinin aktuallaşmasında qəribə heç nə yoxdur.
Məsələ gec-tez Yerevan iqtidarının dəhlizləri ilə fiqurların parçalanmış düşərgələrindəki münasibətlərin aydınlaşdırılmasında ən önəmli ünsürlərindən birinə çevriləsi idi.
Həmin vaxt artıq çatıb və Serj Sarkisyan da azad hərəkət imkanlarını itirməyə başladığından aqressivləşib.
"Lotu"larla "avtoritet"lər arasında düşmənçilik formasında olan əməkdaşlıq isə davam edir.
Elçin Alıoğlu