Partiya sədrləri Əli Kərimlinin ittiham etdilər
Partiya sədrləri Əli Kərimlinin ittiham etdilər

Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 25 illik yubiley ilə bağlı təşkil olunan tədbirdə qonaq qismində iştirak edən ADP sədri Sərdar Cəlaloğuna qarşı cəbhəçilər tərəfindən edilən hörmətsizlik digər müxalifət partiya sədrləri tərəfindən narazılığa səbəb olub. SİA-nın məlumatına görə, hadisəyə ilk reaksiya verənlərdən biri ADP ilə "Qarabağ" blokunda təmsil olunan Ümid Partiyasının sədri İqbal Ağazadə olub.
Partiya sədri Sərdar Cəlaloğlu ilə bağlı yaşananların yolverilməz olduğunu bildirib: "Sərdar bəy həmin tədbirə özbaşına getməmişdi. Sərdar bəyi ora çağırmışdılar. Sərdar bəy söz istəməmişdi. Onlar Sərdar bəyə söz vermişdilər. Söz vermişdilərsə, deməli onu sona qədər dinləməli idilər".
İqbal Ağazadə AXCP sədri Əli Kərimliyə işarə edərək, onu və ətrafındakıları etik normalara riayət etməməkdə günahlandırıb: "Kimlərsə adi etik normalara riayət edə bilmirsə, Azərbaycan cəmiyyətində, Azərbaycan siyasətində nəyisə yaxşı mənada dəyişəcəklərinə iddia etməsinlər. Öncə adi insani davranışlara sahib olsunlar, daha sonra toplum mədəniyyəti, onun idarəsi ilə bağlı fikirlərini ifadə etsinlər".
Müxalifət partiyası kimi yeni təsis olunan Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər də ADP sədri Sərdar Cəlaloğlunun AXC-nin tədbirindəki nitqinin yarısının kəsilməsinə etirazlı münasibət bildirib və qeyd edib ki, adıçəkilən tədbirə qatılmamasına rəğmən, baş verənləri qınayır: "Təbii ki, fərqli fikirlərə dözümlü yanaşmaq lazımdır. Bu fikirlərin kimin dilindən, kimin tərəfindən səslənməsindən asılı olmayaraq, onlara qarşı dözümlü münasibət ortaya qoymaq lazımdır".
Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu AXCP tərəfindən təşkil edilən yubiley tədbirində çıxış edərkən onun nitqi bir qrup şəxs tərəfindən müxtəlif şüarlar və hərəkətlər vasitəsi ilə kəsilib və nəticədə çıxışını yarımçıq dayandırmalı olan partiya sədri salonu tərk edib. Partiya sədri bu işdə Əli Kərimlinin təlimat verdiyini də iddia edib.