Bakıdakı məşhur layihə ilə bağlı ilginc gəlişmə
Bakıdakı məşhur layihə ilə bağlı ilginc gəlişmə
Müştərilərinə xoş vədlər verən tikinti şirkətinin üzərini qara buludlar aldı

Uzun müddətdir telekanallarda və digər KİV-lərdə hay-küylü reklamı gedən yaşayış massivi layihəsi ilə bağlı xoşagəlməz vəziyyət yaranıb. Bu barədə isə həmin yaşayış massivində mənzil alan vətəndaşların internet saytlarından birinə şikayəti zamanı məlum olub.
Belə ki, Abşeron rayonu "At yalı" massivi ərazisində yeni salınan, gələcəkdə "Sevil massivi" adlanacaq bir layihənin üzərini qara buludlar alıb "Sevil" MMC tərəfindən inşa olunan binadan mənzil alan İlahə adlı oxucunun milli.az-a yazdığı məktubda deyilir ki, həmin massivdən ev alıb, lakin mənzilin pulunu ödəyə bilmir: "Zəhmət olmasa, maraqlana bilərsiniz ki, Sevil massivində nələr baş verib? Oradan ev almışıq və ora blomb vurulub. Heç bir menecer zənglərə cavab vermir".
Oxucu məktubunda deyilir ki, iki ay əvvəl həmin şirkətdən mənzili alıblar, amma ödəniş edə bilmirlər: "İki ay hər ay 502 manat pul ödəmişəm. Dünən üçüncü ayın pulunu ödəmək üçün getdik, qapıya möhür vurulub. Ofis işləmir, tikinti işlərinə də icazə verilmir. Öz menecerimizlə əlaqə saxladıq, o da zənglərə cavab vermir. Orada bəzi həyət evləri alanlar bildirir ki, korrupsiyadan yoxlama gəlib. Bəziləri deyir ki, Vergilər Nazirliyi tərəfindən yoxlama var, bu həftə açılacaq. Heç kəsdən məlumat ala bilmirik. Belə çıxır ki, pulumuz batdı və evsiz qaldıq?"
Şirkətin satış meneceri Hafiz Səmədov isə məsələ ilə bağlı bildirib ki, vergi müfəttişləri və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları araşdırma aparırlar. Onun sözlərinə görə, bir ərazinin bir neçə müştəriyə satılması halları var, bu məsələ araşdırılır: "Bir həftəyə problem aradan qaldırılacaq. Müştərilər ödənişlərini ödəmək üçün gözləsinlər. Onlar üçün heç bir problem yaradılmayacaq. Şirkət hər şeyi nəzərə alaraq onları cərimə etməyəcək".
Məsələ ilə bağlı Vergilər Nazirlyi ilə əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, Azərbaycanda tikinti şirkətlərinin vətəndaşları aldatması barədə faktlar yeni deyil. Buna dair çoxsaylı nümunələr göstərmək olar.
İndi belə görünür ki, analoji vəziyyət hay-küylü reklamlarla qısa vaxtda böyük məşhurluq qazanan "Sevil massivi" adlı layihə ətrafında yaranmaqdadır. Bu layihə ilə bağlı qaranlıq məqmların nə vaxt tamamilə aydınlığa qovuşacağını demək çətin olsa da, vergi müfəttişləri və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarının artıq işə əl qoyması durumun ciddiyyətindən xəbər verir.

Günel Əkbər