Ölüm saçan spirtdən hazırlanan araqlar
Ölüm saçan spirtdən hazırlanan araqlar

Ağır xəstəliklərin yaranmasının yeni səbəbi

Son illər Azərbaycanda xərçəng, böyrək, qara ciyər xəstəlikləri fantastik dərəcədə artıb. Əksər ekspertlər hesab edir ki, burda bir sıra faktorlar var. İlk növbədə isə stresin çox olması, qidalanmanın kalorisizliyi və sözsüz ki, havanın da həddindən artıq ekoloji baxımdan korlanmasıdır.

Amma son iki il ərzində bu tip xəstəliklərin daha çox spirtli içkilərə görə olması da diqqətdən yayınmır. Bununla bağlı həkim Firun Yusifov məsələyə iki aspektdən yanaşmağı vacib sayır. "Unikal"a açıqlamasında Firun Yusifov bildirdi ki, spirtli içkilər heç də insan bədəninin ehtiyacı olan maddələrdən deyil. Daxili orqanlar spirtli içkilərə sanki yad reaksiya göstərərək onu bədəndən atmaq üçün fəailiyyətə başayırlar. Normadan artıq olan bu fəailiyyət daxili orqanların daha tez yorulmasına və funksiya pozğunluqlarına gətirib çıxarır.
Spirtli içkilərin bədəndə ən tez təsir etdiyi yer beyindir. Spirt ilk olaraq beyinin fəailiyyətini sürətləndirsə də bu sürət getdikcə azalaraq mənfi təsirə keçir. Hərəkət funksiyalarının yerinə yetirildiyi beyin hissələrinə təsiri nəticəsində bacarıq, refleks və hərəkət gücü pozulur.
Spirt ağciyərlərə də mənfi təsir edərək onun oksigenlə daimi təminatını pozur. Spirtin qaraciyər üzərində mənfi təsiri isə qaraciyərin yağlanması, iltihab baş vermə riski və sonda sirozun baş verməsidir.
Spirtli içkiyə vərdiş edən insanlarda ürək döyüntüləri yüksək templidir. Bu yüksək temp ürək təzyiqinin yüksəlməsinə səbəb olur. Firun Yusifov daha sonra bunları bildirdi:" Əsas və ilk meyar insanın içki qəbuluna nəzarət edə bilməməsidir. İkinci meyara görə, insan içki qəbul etmək istəyi hiss edir. Bu istək özünü həm açıq şəkildə büruzə verə, həm də gərginliyin aradan qaldırılması, istirahət bəhanəsi altında gizlənə bilər. Bu istək nəticəsində insan öz ailəsini, qanunları və sosial davranış normalarını unudur. Üçüncü əlamət isə orqanizmin spirtli içkiyə asanlıqla "dözməsi"dir. Əgər insan üç şüşə araq içsə və sərxoş olmaması ilə öyünürsə, bu, təhlükəli sindromdur. Məsələ burasındadır ki, orqanizm son gücünə qədər qana daxil olan etil spirtini emal etməyə çalışır. Amma gec və ya tez son mərhələ çatır və mexanizm pozulur. Nəticədə alkoqol əqli zəifliyə səbəb olur. Yəni insan sizinlə salamlaşa və bir neçə saniyə sonra bunu unuda bilər. Dördüncü simptom abstinent sindromdur. Bu, insanın içki qəbulundan bir gün sonra özünü yorğun, əzilmiş, hiss etməsi, əllərinin əsməsidir. Belə adamlar səhər tezdən içki qəbul etməsələr belə, yenidən içmək üçün səbirsizliklə iş gününün sonunu gözləyirlər. Amma içki qəbul edəndən sonra özünü pis hiss edənlər də iki qrupa bölünür və alkoqoldan zəhərlənənləri içki düşkünləri sırasına aid etmək olmaz. Sadəcə olaraq, onlar zəhərləndiklərinə görə səhəri gün özlərini pis hiss edirlər və vəziyyətlərinin düzəlməsi üçün yenidən içki qəbul etmək istəyi hiss etmirlər. Alkoqoliklər isə yenidən içmək zərurəti hiss edirlər. Lakin alkoqoldan zəhərlənmə də içki istehlakı mədəniyyəti ilə birbaşa bağlıdır. Əgər bir adam iki şüşə araq içərsə, 400 millilitr etil spirti qəbul etmiş olur. Bu, 70 kiloqramlıq bir insan üçün ölümcül dozadır. Adi insan bu doza ilə reanimasiyaya düşür. Alkoqoliklərdə isə bu baş vermir. Ona görə də içki qəbul edənlər üçün alkoqolizm və qəhrəmanlıq sinonim təşkil edir. Beşinci əlamət müxtəlif xəstəliklərdir. Yəni, insanın laborator təhlilləri mənfi nəticələnir və ya içki nəticəsində ailəsi dağılır. O isə içkidən ayrıla bilmir və alkoqol qəbul edilməsini dayandıra bilmir. Sonuncu meyar isə alkoqolun insanın həyatında əsas rolu oynamasıdır. Başqa sözlə, bu meyara görə, insanın məişəti və şəxsi həyatı içki ətrafında qurulur".Amma məsələ heç də bununla bitmir. Mütəxəssislərin sözlərinə görə hazırda Azərbaycanda araq istehsalı üçün əsas spirt Ukraynadan gətirilir. Bu spirtlərin tərkibi isə normadan daha çox etil yağına sahibdirlər ki, nəticədə də xəstəliklər daha çox kütləviləşir.
Mehdi Əli