HƏMAS-dan İsrailə ağır zərbə
HƏMAS-dan İsrailə ağır zərbə

ABŞ-ın dövlət katibi qəfil qaynar bölgəyə getdi

HƏMAS-ın hərbi qanadı olan "İzəddin əl- Kassam" briqadası Qəzza səmasında İsrailə məxsus "F-16" hərbi təyyarəsini vurub. Bu barədə "İzəddin əl- Kassam" briqadasının özü yazılı açıqlamasında bildirib.

Təyyarənin raketlə vurulduğu bildirilir. İsrailin Qəzzada hərbi əməliyyatlara başladığı 7 iyul tarixindən bu yana bu ölkəyə məxsus 3 pilotsuz təyyarənin də vurulduğu yazılı açıqlamada qeyd olunub. Hərbi təyyarənin vurulması ilə əlaqədar İsrail tərəfindən hər hansı bir açıqlama verilməyib.
Xatırladaq ki, İsrail 7 iyulda "Qoruyucu xətt" adlı əməliyyat çərçivəsində Qəzzaya qarşı havadan, 17 iyuldan isə qurudan hücuma başlayıb. Hücumlarda bu vaxta qədər 635 fələstinli həyatını itirib, 4 mini isə yaralanıb.

Yəhudilər Beynəlxalq
İslam Bankını vurdu

Dünən həmçinin İsrail ordusunun Qəzza zolağındakı Rəfah şəhərində yerləşən Beynəlxalq İslam Bankını vurduğu bildirilib.
Hadisə şahidləri bankın İsrailin hərbi qırıcıları tərəfindən vurulduğunu söyləyib. Bankda baş verən yanğın nəticəsində şəhəri qara tüstü bürüyüb və banka böyük məbləğdə ziyan dəyib.
Xoşbəxtlikdən hadisə zamanı ölən və yaralanan olmayıb.

Bir çox ölkələr İsrailə uçuşu dayandırdı

Britaniya aviaşirkəti də İsrailə uçuşları dayandırıb. Bu ölkənin "EasyJet" aviaşirkəti Təl-Əvivə uçuşu bir sutkalıq dayandırıb. Səbəb isə Fələstindən "Həmas" təşkilatının atdığı raketlərdən birinin Təl-Əviv şəhərindəki aeroportun yaxınlığına düşməsidir.
Bundan əvvəl də Almaniya, Fransa, Avstriya, ABŞ və Rusiyanın bir çox aviaşirkətləri İsrailə uçuşları qeyri-müəyyən müddətə təxirə salmışdı.

BMT-dən qalmaqallı
açıqlama

BMT-nin baş katibi qalmaqallı açıqlama verib. İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşən BMT-nin baş katibi Pan Gi Mun mətbuat nümayəndələrinin də iştirak etdiyi toplantıda İsrailin özünü müdafiə etmək hüququnun olduğunu vurğulayıb.
O, İsrailin demoktraik ölkə olduğunu xatırladaraq, Fələstin hökumətinin İsraili tanımalı olduğunu dilə gətirib. "HƏMAS-ın raket hücumlarını kəskin şəkildə qınayırıq. Onlar bu hücumlara dərhal son verməlidir. Baş nazir Netanyahuya dünyasını dəyişənlərə görə başsağlığı vermək istəyirəm. İsrail xalqına başsağlığı diləyirəm" -deyə, Pan Gi Mun çıxışında bildirib.
Netanyahu isə öz növbəsində İsrailin özünü müdafiə etmək üçün nə lazımdırsa edəcəyini və bunun onların birbaşa haqqı olduğunu vurğulayıb.
Qeyd edək ki, BMT-nin baş katibi tərəflərin razılığa gəlməsi üçün görüşlər keçirdiyini, əlindən gələni etdiyini söyləyib.

Türkiyənin iqtisadiyyat naziri İsrail şirkətlərini boykot etməyə çağırdı

Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi Qəzza sekorunda hərbi əməliyyatların keçirilməsini dəstəkləyən İsrail şirkətlərini boykot etməyə çağırıb. Bu barədə qardaş ölkənin "Anadolu" agentliyi xəbər yayıb.
Onun sözlərinə görə, İsraildə elə şirkətlər var ki, onlar Qəzzaya hücumu dəstəkləmirlər və onlara qarşı boykot tətbiq etmək doğru olmazdı.
Bir az əvvəl xəbər verilmişdi ki, Türkiyənin qeyri-hökumət təşkilatları (QHT) Qəzzaa sekorunda hərbi əməliyyatların keçirilməsinə cavab olaraq İsrail şirkətlərini boykot etməyə çağırıb.
SrağagünTürkiyə regiondakı qeyri-sabit vəziyyətlə əlaqədar İsrailə bütün aviareysləri dayandırıb.
Bundan öncə ABŞ-ın Delta, US Airways və United Airlines, Fransanın Air France, Avstriyanın Austrian Airlines, İsveçrənin Swiss Airlines, Almaniyanın Lufthansa (36 saat ərzində İsraildə bütün uçuşlar ləğv edilmiş) şirkətləri İsrailə öz təyyarələrinin uçuşlarını dayandırıblar. Hollandiyanın KLM aviaşirkəti vəziyyəti hər gün izləyəcəyini vəd edərək çərşənbə axşamı Amsterdam-Təl-Əviv reysini təxirə salıb.
İyulun 7-dən həyata keçirilən "Sarsılmaz qaya" əməliyyatı zamanı 800-dən artıq dinc sakin qətlə yetirilib ki, onların arasında qadınlar və uşaqlar da var.
Xəbər verilir ki, hərbi əməliyyat zamanı İsrail ordusu 45 hərbçisini itirib.

Kerri təcili İsrailə getdi

ABŞ dövlət katibi Con Kerri ABŞ Hərbi hava Qüvvələrinə məxsus təyyarədə İsrailə yola düşüb. Bu barədə "Associated Press" agentliyi xəbər verib.
Kerri regiona səfər zamanı İsrailin baş naziri Binyamin Netanyahu, Fələstin lideri Mahmud Abbas və BMT baş katibi Pan Gi Munla danışıqlar aparacaq.
İsrail səfərindən öncə isə Kerri Misirin paytaxtı Qahirədə olub. O, burada Misir prezidenti Abdel-Fəttah əl-Sisi ilə görüşərək Qəzzada münaqişənin dayandırılmasına dair fikir mübadiləsi aparıb.
Murad İbrahimli