Bakıda küçə çirkab suyuna qərq olub
Bakıda küçə çirkab suyuna qərq olub
Sakinlər illərdir yaşadıqları evin həyətindən çirkab suyunu təmizləməkdən təngə gəlib

Bakının Binəqədi rayonunda bir qrup sakin yaşadıqları evin həyətinə toplanan çirkab sulardan əziyyət çəkir.
Qızxanım Bayramova illərdir yaşadığı evin həyətindən çirkab suyunu təmizləməkdən təngə gəlib. Paytaxtın Binəqədi rayonu, 1-ci mədən, 43-cü korpus ünvanında elə onun kimi kanalizasiya problemi ilə üz-üzə qalan ailələr çoxdur. Sakinlərin şikayəti boruların tutulması səbəbindən yola yığılan çirkab suyu və ətrafa yayılan üfunət qoxusundandır. Əvvəllər ərazidə əhali sayı az olduğundan bu cür problemlər yaşanmırdı. Son 10 ildə isə sözügedən ünvana köçənlərin sayı artdığından, kommunikasiya xəttlərində də problemlər üzə çıxmağa başlayıb. Sakinlər deyir ki, il boyu küçə su ilə dolduğundan kənardakı elektrik dirəklərindən tutaraq keçməyə çalışırlar, bu isə təhlükə deməkdir.
Sakinlər deyir ki, içməli su xətti də elə bu gölməçənin altından getdiyi üçün çirkab suları içməli suya qarışır. Elə bu səbəbdən xəstəlik evdən uzaq getmir. Dəfələrlə öz hesablarına boruları təmizlədiklərini deyən sakinlər, artıq bunun da çıxış yolu olmadığını bilidirirlər.
Məsələ ilə əlaqədar "Azərsu" ASC ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözügedən ərazidə hazırda podratçı şirkət tərəfindən təmir işlərinə başlanılıb. Konkret olaraq həmin ünvana gəldikdə isə orada köhnə borular artıq tamamilə sıradan çıxıb və yaxın bir həftə ərzində tikinti-bərpa işləri 43-cü korpusda aparılacaq. Bundan sonra məsələ köklü surətdə həll olunacaq.
Aliyə