Əli Kərimlinin Londonda xərclənən pulları
Əli Kərimlinin Londonda xərclənən pulları

AXCP sədri oğlunu Avropanın ən bahalı universitetində hansı pulla oxutdurduğunun hesabını verməlidir

Məlum olduğu kimi, AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli Londonda Bristol Universitetinin hüquq fakultəsini bitirərək Bakıya qayıdıb. Bir neçə gün öncə partiya sədri Facebook səhifəsində həyat yoldaşı Samara Seyidova və Türkel Kərimlinin Bristol Universitetinin binasındakı birgə fotosunu da paylaşmışdı.
Qeyd edək ki, Əli Kərimli İllərdir ki, hakimiyyətin ünvanına tənqidlər yağdırır ki, ölkədə ümumiyyətlə pul qazanmaq imkanları yoxdur, camaat acından ölür. Belə olan təqdirdə ortaya xeyli suallar çıxır ki, 20 ildir ki, heç bir yerdə işləməyən bir adam necə dolanır bir tərəfə, oğlunu xarici ölkədə necə oxutdurur. Təbii ki, bunun arqumentli cavabları var. AXCP sədrinin hardan və necə pullar qazandığını sübut edən təkzibedilməz faktlar mövcuddur.
"Unikal"ın apardığı araşdırmaya görə, Əli Kərimli, oğlu və yaxın qohumları 2011-2012-ci illərdə bir neçə bankdan 8 milyon 388 min manat pul çıxarıb. Bu barədə ona qarşı dəfələrlə ittihamlar irəli sürülsə də, Ə.Kərimli bu sualları qarşısında daş kimi dinməz dayanıb. Apardığımız araşdırmaya görə, AXCP sədrinin adı keçən xeyli bank əməliyyatları olub.Bu əməliyyatda Əli Kərimlinin, onun oğlu Türkel Kərimlinin, əmisi oğlu Tofiq Kərimlinin, qaynı Elnur Seyidovun, baldızı Aytən Rafiq qızı Seyidovanın və Kərimlilər ailəsinin digər üzvlərinin adları keçir. Bu bank materiallarının təhlili ortaya həddən artıq arzuedilməz mənzərə çıxarır. Məlum olur ki, Əli Kərimlinin özü və qohumları 2012-ci il, oktyabrın 30-dan 2013-cü il, iyunun 13-dək olan müddətdə banklardan Azərbaycan reallığında (yeri gəlmişkən, təkcə Azərbaycan yox, elə Qərb reallığında da!) fantastik görünən məbləğdə - 8 milyon 603 min 364 manat pul çıxarıblar. Özü də nağd şəkildə.
Təbii ki, təəccüblüdür ki, müxalifət lideri praktiki olaraq 2 il ərzində müntəzəm olaraq nəhəng məbləğlərdə pul çıxarır, iri məbləğli maliyyə əməliyyatları aparır, böyük həcmdə pul kütləsini qəbul edir və ya iri məbləğlərdə vəsaiti harasa göndərir. Heç bir əmlakı, gəlir yeri olmayan bir adamın bu qədər vəsait üzərində hökm verməsi müəmmalıdır. O zaman ortaya bir sıra suallar çıxır. Bu pullar haradandır? Onların mənşəyi haradandır? Müxalifət lideri oliqarxlara məxsus banklardan bu qədər pulu nağd şəkildə çıxarmağa necə nail olub? Bu milyonlar hara xərclənib? Bu qədər pul Əli Kərimliyə haradan gəlib? O, 2005-ci ildən bəri rəsmən heç yerdə işləməyib. Bizneslə məşğul deyil. Nə o, nə də AXCP beynəlxalq fond və təşkilatlardan qrant almayıb. Bəs bu qədər maliyyə vəsaiti Ə.Kərimliyə hansı mənbələrdən gəlib? Lakin bunlar da hələ hamısı deyil.
Bir məqamı da diqqətə çatdıraq. Əli Kərimli 2008-ci ildə "Texnikabank"ın Yasamal filialından 145 min manat məbləğində kredit götürüb. O, bu kredit borcunu cəmisi bir neçə ayın içində çox asanlıqla, yəni heç bir ləngimə və problem olmadan ödəyib qurtarıb. Yeri gəlmişkən, özü də təkcə öz borcunu da yox! Əli Kərimli oğlu Türkel Kərimlinin də 20 min 640 funt-sterlinq və 12147 manatlıq iki kredit borcunu ödəyərək borc hesablarını bağlayıb. Bəs bunu hansı mənbələr hesabına edib? İşsiz müxalifətçi bu 200 min manatı qəfildən haradan tapmışdı? 2009-cu ilin sentyabrında isə Əli Kərimli dünyanın ən nəhəng və aparıcı banklarından biri olan "Barklays Bank PLC" bankında oğlunun - yenə həmin Türkel Kərimlinin adına hesab açdırıb. Türkel Kərimli elə həmin il də Böyük Britaniyanın çox nüfuzlu və bahalı ali məktəbi olan "S.T.Edwards School"un tələbəsi olur. Əli Kərimli 2009-cu il, iyulun 29-dan etibarən oğlunun "Barklays Bank PLC" bankındakı hesabına böyük məbləğlərdə pullar köçürməyə başlayır. Ölkənin heç yerdə işləməyən baş müxalifətçisi iyulun 29-da 30 min funt-sterlinq məbləğindəki ilk tranşı göndərir. Əli Kərimli Britaniyanın nüfuzlu ali məktəbində oxuyan oğlunun təhsil haqqını hansı mənbələrdən ödəyirdi? Ə.Kərimli 2011-ci il, sentyabrın 26-da oğlunun bu dəfə artıq digər nüfuzlu Britaniya universitetində - Bristol Unuversitetində aldığı təhsilin haqqını ödəmək üçün daha 25 min funt-sterlinq göndərib. AXCP sədri bəlkə deyə: o, bu pul və daş-qaş xəzinəsini haradan tapmışdı? Təbii ki, Əli Kərimli arqumentli və faktlara söykənən bu suallara cavab verə bilmir. Bu səbəbdən də qınına çəkilib gizlənməkdədir.
Hakimiyyətdən hesabat tələb edən Əli Kərimlinin özünün nəyə görə hesabat verməməsi müəmmalıdır. Əslində, hamıya bəllidir ki, AXCP sədri yalnız milli maraqlarımızı qurban vermək hesabına həmin pulları əldə edə bilər. Elə bu səbəbdən də yüzminlərlə dolların hansı yolla və necə əldə etməsi barədə ictimaiyyətə hesabat verməkdən yayınır.
Qərib Gərayzadə