Medianın maarifləndirmədə rolu
Medianın maarifləndirmədə rolu

Ekspertlər fərqli fikirdədir

Bu gün dünyanı maraqlandıran ən vacib məsələ, insanların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsidir. Avropada demək olar ki, bu problem müəyyən qədər həll olunub və yaradılan vətəndaş cəmiyyətləri prosesdə aktiv iştirakçılardır. Həmçinin medianın da bu prosesdə rolu kifayət qədər güclüdür. Maraqlıdır, bəs Azərbaycanda durum nə yerdədir? Bununla bağlı olaraq aparıcı media və QHT rəhbərlərinə "vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi üçün mətbuat nələr etməlidir" sualı ilə müraciət etdik.
Jurnalist Ekspert Mərkəzi adlı İctimai Təşkilatın sədri Ceyhun Musaoğlu məsələyə maraqlı yanaşma etdi:" Birincisi, mətbuat şəxsi maraqlara yox, ictimai maraqlara xidmət etməlidi. Bundan əvvəl isə ictimai marağın nə olduğunu müəyyənləşdirməlidi. Hər KİV orqanı daha çox birinci şəxsin varlanmasına xidmət edir. Varlanmaq üçün isə diqqət cəlb etməlisən. Reklam şirkətlərinin diqqətini yalnız şou və sex xəbərlərlə cəlb etmək mümkündü. Bu gün elmə büdcədən o qədər az pul ayrılır ki, o rəqəmi yazıb oxucunu özümüzə güldürmək istəməzdim. Elmin meydanı daralanda, şounun meydanı genişlənir.Hamı ordadı. Kimi şounun üzvüdü, kimi tamaşaçısı. Belədə cəmiyyətin hüquqi, siyasi, mədəni səviyyəsini qaldırmaq mümkün deyil. Bizim məmləkətdə daxili siyasət yoxdu. Cəmi bir komanda var, o da iqtidar. yürütdüyü siyasəti istəsək də, istəməsək də qəbul edirik. Alternativi olmayan siyasətdə yeni dünya açmaq, insanlara əsl siyasətin necə olduğunu göstərmək Don Kixotluqdu. Hüquq problemimiz isə həmişə olub. Biz əsarətdə yaşayan xalq olmuşuq.Əsarətdə olan insana hüquq dilindən çox, qul dili lazımdı. Bir misal deyim, iranlılar "get" sözünü "rədd ol" kimi ifadə edirlər. Çünki ağaları onların getməsini istəyəndə "rədd ol" deyib. Belə insana necə izah edəsən ki, o təhqir olunub? Mədəniyyətdən ümumiyyətlə danışmaq olmaz. Özünü başqalarından çox sevən insanların yığışdığı məmləkətdə gödəniyyət daha aktualdı. Mətbuat olmayan mədəniyyətdən necə yazsın. Gərək nümunə olsun ki,ən yaxşı halda keçmiş ənənələrimizi təbliğ etməliyik. Bu isə bizi keçmişdə ilişdirib saxlayar". Media və Mülki Cəmiyyət İctmai Birliyinin sədri Xanoğlan Əhmədov da "Unikal"a açıqlamasında bildirdi ki, bu ilk növbədə mütaliə mədəniyyəti ilə bağlıdır: " Son illərin araşdırmaları göstərir ki, mütaliə sarıdan qonşu ölkələrlə müqayisədə biz xeyli geridə qalırıq. Hətta Gürcüstandan da. Vətəndaşların mütaliə azlığı özünü bütün sahələrdə biruzə verir. Məsələn, hüquqi biliyi olmayan vətəndaş elə hesab edir ki, harada polis görsə ondan qorxmalıdır. Və ya hər addımbaşı hüquqları pozulanda yalnız susmaqla kifayətlənir. Təcrübələr göstərir ki, zəngin mütaliəsi olanlar həm də, yüksək siyasi mədəniyyətə malik olurlar. Bu sahədə mətbuatın üzərinə düşənlərə gəlincə isə, hər şeydən əvvəl jurnalistlərin özü bütün elm sahələrindən anlayışlı, savadlı olmalıdırlar. Əvvəllər qəzetlərdə hüquqi biliklərin artırılması ilə bağlı məlumatlara geniş yer ayrılsa da, günümüzdə bu problem sanki unudulub. Bütövlükdə cəmiyyətin intelektual səviyyəsinin yüksəldilməsində mətbuatın rolu əvəzsizdir. Yetər ki, bu imkandan səmərəli istifadə olunsun. Həsən bəy Zərdabi XIX əsrdə yazdığı məktublarının birində arzu edirdi ki, "kaş bizim çobanlarımız da, prussiyalı çobanlar kimi yazıb oxumağı bacaraydılar". Mən də arzu edirəm ki, bu günki mətbuatımızın təmsilçiləri öz peşəsinin fədaisi olmağı bacaran insanlar olsun". Birlik.az saytının baş redaktoru Vüsal Hətəmov da "Unikal"a açıqlamasında bildirdi ki, mətbuat bu istiqamətdə çox şey edə bilər:" Mətbuat konfransları, sorğular, müsahibələr, analitik yazılar işləyə bilər. Lakin təəssüf ki, bizdə bu proseslər lazımınca getmir. Bizdə mətbuatın öhdəsinə qalsa, vətəndaş cəmiyyətinə doğru addımlamağımız ancaq arzu olaraq qalacaq. Düzdür, bunun da günahı kənardandır. Mətbuat maddiyyat baxımından kimlərinsə əlinə baxdığından sifarişli yazılar işləyir. Əlbəttə ki, bəzi mətbu orqanlar istisnadır. Demək istədiyim budur ki, həqiqi fikrin formalaşmasında mətbuatın xüsusi rolu var.
Real vəziyyət şox pisdir. Mətbuat ancaq açıq-saçıq mövzular paylaşır. Özlərini bir nömrəli mətbu orqan bilənlər qara-yaxma ilə məşğuldur. Onların özlərinə ictimai-hüquqi təlimlər keçmək lazımdır. Hansı mətbu orqan ictimaiyyətlə dinləmələr keçirir? onların real problemlərini özlərindən öyrənir? təklif budur ki bizim mətbuata bir qədər maliyyələşmə üçün imkan yaradılsın, layihələrimizə dəyər verilsin. Qəbiristanlıq durumu yaşayan Media qurumlarının ittifaqlarının monopoliyası dağıdılsın".
"Vətəninfo.az" İnformasiya Agentliyinin rəhbəri Nahid Canbaxış "Unikal"a açıqlamasında bildirdi ki, mətbuat cəmiyyətin güzgüsüdür və təbii ki, cəmiyyətin güzgüsü missiyasın üzərinə götürən media hüquqi,siyasi, eyni zamanda da mədəni səviyyənin daha da yüksək şəkildə təbliğində də üzərinə düşən öhtəlikləri yerinə yetirməlidir:" Müasir media, yəni informasiya texnologiyalarının inkişaf etdiyi bir dövürdə istər televiziyalar, istər yazılı mətbuat, istərsə də virtual media cəmiyyətdəki nöqsanları göstərməklə bərabər, vətəndaşların hüquqi-siyasi və mədəni maarifləndirməsi işini həyata keirməyə borcludu. Bu gün bu sadaladıqlarıma əməl edən barmaqla sayılan hər üç media qrupunda bu tip mövzuların təbliğinə yer verilir. Bunun da səbəbi daha tez xəbərçilik anlayışı ilə bağlıdı. Birdə görürsən bir xəbəri digər KİV-dən tez vermək üçün xəbərin ümüumi doğura bilcəyi rezonans diqqətə alınmır. Bu xəbər yayıldıqda cəmiyyətə necə təsir edəcək, insanların hüquqi-siyasi və yaxut da mədəni düşüncəsinə bunun təsiri nə olacaq bu düşünülmür. Amma hesab edirəm ki, bu gün media dünyasında gündəlik işi ilə məşğul olan hər bir kəs sadaladıqlarımıza diqqət etməlidirlər. İlk olaraq vətəndaşların hər üç sahədə səviyyəsinin yüksəldilməsi üçün qeyd olunan sahələrin öyrənilməsi vacibdir. Jurnalist bu sahələrlə bağlı maarifləndirmədə dayaz xəbərçiliyə deyil, dərin təfəkkürün və anlayışın üzə çıxarılmasına çalışmalıdır. Belə olduqda vəndəndaş mediadan hansısa xəbəri oxumaq üçün deyil, oxuduğu, baxdığı, izlədiyi mediadan maariflənmə məqsədi ilə istifadə edəcək. Bir məsələni də diqqətə almaq lazımdır ki, bu gün daha çox orta nəsil bu maariflənməyə daha çox üstünlük verir. Müasir gənclik çılğın xəbərlərin daha çox qanoyandırıcı xəbərləri izləməyə üstünlük verir. Bu tendensiya çox qorxuludu. Dünənin gəncliyi üçün müxtəlif hüquqi-siyasi və mədəni əsərləri oxumaq daha maraqlı idi. Bu günün gəncliyi bu xəbərləri oxumaq istəmir. Təbii ki, bütövlükdə gəncləri töhmət altında qoymaq istəmirəm.Amma gerçəklik budur ki, gənclərin 70-80 faizi məhz qeyd etdiyim düşüncədədir".