Siyasi maarifləndirmə cəmiyyətin aktivləşməsidir
Siyasi maarifləndirmə cəmiyyətin aktivləşməsidir

Erməni lobbisinin qarşısında Azərbaycan diplomatiyası


Bu gün insanların siyasi maarifləndirilməsi ,insan hüquq və azadlıqlarının olduğu kimi anladılması tək mükəmməl cəmiyyətin formalaşması üçün yox, həm də ətraf mühitlə təmas üçün çox vacibdir. Bunu da unutmayaq ki, hazırda Azərbaycanın 20 faiz torpaqları işğal olunub və Ermənistanın Azərbaycana təcavüzü , torpaq iddiaları davam etməkdədir.
Söhbət tək atəşkəsin pozulmasından yox, eyni zamanda beynəlxalq miqyasda Azərbaycana qarşı təşkil olunan informasiya savaşından gedir. Xocalı faciəsi kimi faciə törədən Ermənistan nəinki bu faciəni dünyadan gizlədə bilmişdi, hətta soyqırım törədən tərəf kimi Azərbaycanı tanıtmışdı. Bütün bunların başlıca səbəblərindən biri də ölkəmizdə zamanında siyasi maarifləndirmənin zəif olması ilə bağlı idi. Düzdür, sonradan Azərbaycan diplomatiyasının müdafiədən, hucum diplomatiyasına keçid etməsi , Heydər Əliyev Fondunun dünyaya həqiqətləri çatdırması kifayət qədər irəliləyişlərə səbəb oldu və dünya əsl reallığı gördü. Bununla paralel olaraq həm də Azərbaycanda cəmiyyətin siyasi maarifləndirməsi istiqamətində də işlər həyata keçirildi. Bu isə sözsüz ki, cəmiyyətin aktivləşməsi ilə nəticələndi. Amma qarşı tərəf, Ermənistan da gözləmə mövqeyində dayanmayıb hər fürsətdə Azərbaycanın əleyhinə, türklüklə bağlı kampaniyalar təşkil etməklə ağır zərbələr vurmağa çalışırlar.Bunu da xatırladaq ki, qarşıdan qondarma erməni "soyqırım"ının 100 illiyi gəlir və bu proses daha ciddi şəkil alacaq. Artıq gələn xəbərlər bunu sübut edir. Belə ki, Dünya Kilsələr Birliyinə üzv olan kilsələr 2015-ci ildə uydurma erməni "soyqırımı"nı tanımağa hazırlaşır. Bu bəyanatla Əsassız Erməni İddiaları ilə Beynəlxalq Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy çıxış edib.
G. Gülbəy dünya kilsələrinin erməni "soyqırımı"nın tanınması üçün Türkiyəyə qarşı birləşdiyini və dindən istifadə edərək Türkiyəyə təzyiq göstərməyə hazırlaşdıqlarını deyib: "2015-ci ildə erməni "soyqırımı"nın ildönümündə soyqırımın tanınması və təzminat tələbləri üçün WCC üzvü olan kilsələrin beynəlxalq təşkilatların, hüquqşünasların və insan haqları müdafiəçilərinin iştirakı ilə Cenevrədə beynəlxalq konfrans təşkil etməsi, bu konfransla eyni zamanda Cenevrə Kafedralında erməni "soyqırımı" "qurbanlarını" anmaq üçün dua ayinin təşkili, bu olayın tanınması üçün WCC üzv kilsələrin duaya dəvət edilməsi qərara alınıb".
ASİMDER sədri Türkiyə və Azərbaycandakı kilsələrin də WCC üzvü olduğunu və bu konfransa qatılacaqlarını bildirərək, iki ölkənin müvafiq dövlət qurumlarını kilsə və dini liderlərə lazımi xəbərdarlıq etməyə çağırıb.Bunu da qeyd edək ki, artıq yüz ildir ki, erməni lobbisi məhz "soyqırım"dan istifadə etməklə türk dünyasına ağır zərbə vura biliblər. Digər tərəfdən türk dünyasındakı siyasi maarifləndirmənin aşağı səviyyədə olması səbəbindən onlar istəklərinə daha rahat şəkildə nail ola biliblər. Amma bu gün yalnız Azərbaycanın atdığı addımları nəzərə alsaq görərik ki, ermənilər artıq ciddi müqavimətlə üz-üzə qalacaqlar. Məhz İlham Əliyevin beyin mərkəzləri yaratmaq ideyasından, gənclərin Avropa və ABŞ-da təhsil almalarına şərait yaratması ilə erməni lobbisi qarşısına azərbaycanlılardan ibarət lobbi çıxarda bildi. "Xocalı" soyqırımını bir çox dövlətlərin soyqırım kimi tanıması isə ermənilərə öldürücü zərbə oldu. Artıq erməni lobbisi dərk edir ki, siyasi maarifləndirmə yolunu keçən və daha ciddi gücə sahib olan Azərbaycanın aktivliyi səbəbindən qondarma "soyqırım"ı istədikləri kimi dünyaya çıxara bilməyəcəklər və buna görə kilsələri gündəmə gətirdilər. Bunu da qeyd edək ki, hələ 1991-ci ildə Ermənistan dünyaya belə bir informasiya çatdırmışdı ki, Ermənistan Qafqazda xristianlığın sonuncu qalasıdır və Azərbaycanın timsalında müsəlmanlar xristianlara divan tutur. Çox təəssüflər ki, bu təbliğat maşını effekt vermişdi və bir neçə il öncəyə qədər dünyada belə rəy yaranmışdı ki, ermənilər müsəlmanların basqısına məruz qalan tək xristian dövlətidir. Amma aparılan işlər, Azərbaycandakı tolerantlıq dünyaya nümayiş etdiriləndən sonra anlaşıldı ki, ermənilər illər boyu dünyanı aldatmaqla məşğuldurlar. Bu gün isə ermənilər düşdükləri duruma uyğun olaraq yenə kilsələrə üz tutublar. Ekspertlər hesab edir ki, erməni lobbisi "soyqırım"ın yüz illiyi ilə bağlı yenidən informasiya savaşına start verəcəklər və həmçinin siyasi təzyiqləri də artırmağa çalışacaqlar. Sözsüz ki, yenə də Dağlıq Qarabağ kartından istifadə etməklə. Hazırda bunun işartıları görünməkdədir və özüdə Ermənistan prezidenti səviyyəsində. Belə ki, Ermənistan prezidenti Serj Sərkisyan Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalberlə görüş keçirib.Görüş zamanı S.Sərkisyan ATƏT-in Minsk Qrupunun sülhyaratma missiyasına da toxunaraq, həmsədrlərin son təkliflərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas ola biləcəyini vurğulayıb: "Son 20 il ərzində Minsk Qrupu kifayət qədər təcrübə və institusional yaddaş toplayıb. Onların son təklif etdikləri prinsiplər münaqişənin həlli üçün əsas ola bilər".S.Sərkisyan həmişəki kimi qərəz nümayiş etdirərək, Qarabağ münaqişəsindəki mövqeyinə görə Azərbaycanı suçlayıb: "Azərbaycan bu prinsipləri qəbul etmir, lakin rəsmi açıqlamalarda əksini bildirir. Bu səbəbdən də cəbhə xəttində gərginlik yaradaraq qarşılıqlı etimad səylərini rədd edir".Ermənistan prezidenti sonda yenə sərsəm iddia irəli sürüb. Belə ki, o, münaqişənin həllinin Azərbaycan, Ermənistan və Dağlıq Qarabağın əlində olduğunu bildirərək, ATƏT-in Minsk Qrupunun yalnız vasitəçi missiyaya malik olduğunu vurğulayıb.Bu açıqlamada diqqəti cəlb edən məqamlar nədir? İlk növbədə Ermənistan prezidenti iddia edir ki, güya Ermənistan ATƏT-in Minsk qrupunun təklifləri ilə razıdır. Amma Azərbaycan tərəfi danışıqlara tabe olmur və bununla da barışmaz tərəf kimi Azərbaycan göstərilir. Müşahidəçilərin fikrincə bu heç də təsadüfi deyilən söz deyil və Ermənistan bu istiqamətdə təbliğatını gücləndirəcək və çalışacaqlar ki, Azərbaycanı mənfi obrazda yenidən dünyaya tanıtsınlar. Çünki bilirlər ki, qondarma
"soyqırım"ın yubileyində Azərbaycan erməni lobbisinə ağır zərbələr vura biləcək. Bu səbəbdən indidən Azərbaycanın imicinə ləkə salmağa çalışırlar. Digər tərəfdən artıq danışıqlar son mərhələyə çatır və sözsüz ki, Ermənistan yenə danışıqlardan yayınmağa çalışacaq və indidən belə rəy yaradılır ki, danışıqların pozulmasının səbəbkarı Azərbaycandır. Çünki Serj Sarksyanın sonuncu fikri də bunu təsdiqləyir. Ermənistan prezidenti deyir:"Münaqişənin həlli Azərbaycan, Ermənistran və Dağlıq Qarabağın əlindədir. ATƏT-in Minsk Qrupu yalnız vasitəçi missiyaya malikdir". Burda artıq məsələnin mahiyyəti tam açıqlanır. Ekspertlər hesab edir ki, prezidentin bu açıqlaması sübut edir ki, Ermənistan hazırda ATƏT-in Minsk qrupunun təkliflərindən razı deyil və çox güman ki, elə bir mərhələ çatacaq ki, Ermənistan bu danışıqlardan imtina edəcək və prosesin Azərbaycanla Ermənistan arasında həyata keçirilməsini təklif edəcəklər ki, zaman udsunlar. Serj Sarksyanın bu günkü açıqlaması da bunun tərkib hissəsidir. Bəs bunun müqabilində Azərbaycan nələr etməlidir? Ekspertlər hesab edir ki, Azərbaycan bu gün İlham Əliyevin həyata keçirtdiyi siyasəti olduğu kimi icra etməklə əslində hədəflərə nail ola bilər. Bunlar nədən ibarətdir?
1. Ermənistanın təcrid durumda qalmasını təmin etmək
2. Azərbaycanın iqtisadi potensialını artırmaq
3. Ordu quruculuğunu davam etdirmək
4. Cəmiyyətin aktivliyini təmin etmək
5. İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını təmin etmək
6. Vətəndaşların siyasi maarifləndirilməsini təmin etmək, beyin mərkəzləri formalaşdırmaq.
Yeri gəlmişkən bunu da qeyd edək ki, siyasi maarifləndirmə ümumilikdə cəmiyyətin aktivləşməsi, iqtisadi düzənin yaranması deməkdir. Misal olaraq götürək elə Amerikanı. 1920-ci illərdə ABŞ-da vəhşi kapitalizm ən yüksək həddə idi və demək olar ki, çıxılmaz durum yaranmışdı. Uzun müzakirələrdən sonra qərara alındı ki, vəhşi kapitalizmdən intellektual kapitalizmə keçid etməklə normal cəmiyyət yaratmaq olar. İntellektual kapitalizm isə sözsüz ki, siyasi maarifləndirmə, insan hüquq və azadlıqlarının təmini ilə həyata keçirilə bilərdi. İlham Əliyev hakimiyyətə gələndən sonra məhz bu faktorları nəzərə alaraq siyasi maarifləndirməyə, cəmiyyətin aktivləşməsinə xüsusi diqqət ayırdı və bu gün possovet ölkələri sırasında Azərbaycan ən qabaqcıl bir dövlətə çevrilə bilib.