Vahid Əhmədov: "Rusiyaya qarşı sanksiyaların Azərbaycana təsiri gözlənilmir"
Vahid Əhmədov: "Rusiyaya qarşı sanksiyaların Azərbaycana təsiri gözlənilmir"

"ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar gözlənilən idi. Çünki Ukrayna ətrafında baş verən hadisələr, Krım və Donetsk ətrafında gedən mübahisələr buna doğru aparırdı. Sanksiyaların Azərbaycana təsirindən söhbət gedirsə, burada çox ciddi nəticə gözlənilmir. Hesab edirəm ki, "VTB" bankda müəyyən problemlərin yaranması da adi bir məsələdir".
Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. Bununla yanaşı, deputat hesab edir ki, sanksiyaların tətbiqi Rusiyanın Azərbaycanla qonşu, strateji dövlət olması səbəbindən ölkəmizə idxal olunan məhsulların bahalaşmasına təsirsiz ötüşməyəcək:
"Azərbaycan əsasən iqtisadi əlaqələrini Avropa ölkələri ilə qurur. Düzdür, Rusiya ilə də müəyyən iqtisadi əlaqələrimiz olsa da, bu sanksiyaların Azərbaycan iqtisadiyyatına ciddi təsirinin olacağını düşünmürəm. Lakin təsir olarsa belə, bu ölkəmizə idxal olunan məhsulların qiymətində müəyyən bahalaşma ilə müşahidə olunacaq".
"Rusiyanın özünəməxsus, ABŞ-ın da özünəməxsus strateji planları var. Bu iki cəbhə arasında mübarizə gedir. Mübahisə obyekti isə Ukraynadır. Avrasiya İttifaqı ilə Avrasiya İttifaqının yaradılması arasında fikir ayrılıqları var. Rusiya təbii ki, Azərbaycanı öz himayəsi altında saxlamaq istəyir. Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət nəticəsində Azərbaycan heç bir siyasi bloka ciddi şəkildə qoşulmur. Siaysi manevrlərdə balans siyasəti aparır. Bu səbəbdən də respublikamızın ciddi problemlərlə qarşılaşacağını düşünmürəm", - deyə Vahid Əhmədov vurğulayıb.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi artıq Rusiyanın üç bankına, o cümlədən Azərbaycanda filialı olan "Vneştorqbank"a (VTB) qarşı sanksiyaları rəsmən elan edib. Bu səbəbdən də son günlər "VTB" bankda müəyyən problemlər yaranıb.