21 Noyabr 2019
20 Noyabr 2019
Medianın siyasi maarifləndirmə ehtiyacı
Medianın siyasi maarifləndirmə ehtiyacı SİYASƏT 11:06 2014-08-05

Medianın siyasi maarifləndirmə ehtiyacı
Medianın siyasi maarifləndirmə ehtiyacı

Son günlər yaşananlar müəyyən problemləri ortaya çıxartdı

Son bir neçə gün ərzində cəbhə xəttindən həyacanlı xəbərlər gəlməkdədir. Son 20 il ərzində ilk dəfə atəşkəs bu qədər genişmiqyaslı şəkildə pozulmamışdı. Azərbaycan tərəfindən ümumilikdə 13 nəfər şəhid olsada,Ermənistan tərəfi rəqəmləri gizlətdi. Amma ilkin informasiyalardan görünən budur ki, Ermənistan tərəfinin itkiləri iki dəfə çox olub.
Görünür məsələnin ciddiliyi beynəlxalq təşkilatları da ciddi narahat etməyə başlayıb və bəyanatlar günbə-gün artmaqdadır. Sonuncu belə bəyanat isə ATƏT-in Minsk qrupunun həmsədrindən gəldi. "Ümid edirəm ki, Ermənistan və Azərbaycan prezidentləri yaxın gələcəkdə görüşüb, vacib məsələləri müzakirə etməyə razılıq verəcəklər" ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik həlak olan hərbçilərin ailələrinə başsağlığı verib və münaqişənin hərbi yolla həllinin mümkün olmadığını bəyan edib. C. Uorlik APA-nın sualına cavabında son günlər cəbhə xəttində baş verənlərdən narahatlığını bildirib: "İlk növbədə ötən günlər baş vermiş zorakılıqlar zamanı həlak olanların ailələrinə başsağlığı vermək istərdim. Mən təmas xəttində çoxlu sayda ölümlərin baş verməsi barədə xəbərlərdən çox narahatam. Bu insidentlər münaqişənin sülh yolu ilə həlli səylərinə zərbədir. Mən tərəfləri atəşkəsə əməl etməyə çağırıram".
C. Uorlik qeyd edib ki, həmsədrlər problemin sülh yolu ilə həllinə nail olmaq üçün tərəflərlə fəal iş aparır: "Minsk Qrupu tərəflər arasında vasitəçilik üçün yeganə format olaraq qalır. Biz münaqişənin uzunmüddətli həlli üçün bölgəyə müntəzəm səfərlərimizi və yüksək səviyyəli təmaslarımızı davam etdirəcəyik. Ümid edirəm ki, Ermənistan və Azərbaycan prezidentləri yaxın gələcəkdə görüşüb, vacib məsələləri müzakirə etməyə razılıq verəcəklər. Sülh razılaşmasına aparacaq danışıqlara başlamağın vaxtı çatıb. Əgər tərəflər doğrudan da münaqişənin həlli istəyindədirlərsə, onlar həmsədrlərlə strukturlaşmış danışıqlar prosesinə daxil olmaq barədə İsveçrənin təklifini qəbul etməlidir". Amma bizi hazırda düşündürən tək beynəlxalq təşkilatların reaksiyası yox , həm də ölkə daxilində baş verənlərə cəmiyyətin reaksiyasıdır. Bunun üçün bir bəyanata diqqət ayıraq və sonra müəyyən nəticələr çıxardaq. "Cəbhə bölgəsindən xəbər verən jurnalistlər bəzən özləri də bilmədən düşmən tərəfi məlumatlandırırlar. Çox təəssüf ki, bir neçə gün öncə cəbhə xəttindən verilən xəbərlərdə hərbi texnikanın sayı, hansı istiqamətə doğru irəlilədiyi fotolarla açıq-aşkar internet saytlarda yerləşdirilmişdi". Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı söyləyib. Onun sözlərinə görə, bəzi saytlarda hətda hərbi hissələrin nömrəsi, yerləşdiyi ərazinin ünvanı da dəqiqliklə göstərilib ki, bu da hərbi sirrin qorunması baxımından yolverilməzdir: "İndi jurnalistlərin demək olar ki, hamsının əlində mobil telefon, çəkiliş aparmaq üçün texniki avadanlıq var. Cəbhə bölgəsinə yollanan jurnalistlər hərbi texnikaların şəklinədək çəkərək saytlara yerləşdiriblər. Bu qətiyyən yolverilməzdir. Bəzi mətbu orqanlar cəbhə bölgəsindən yalnış məlumat verməklə ictimaiyyət arasında çaşqınlıq yaradıblar. Biz onlara deyirik ki, belə vəziyyətlərdə jurnalistlər vətəndaş mövqeyindən çıxış etməli, hər bir məlumatı Müdafiə Nazirliyindən dəqiqləşdirdikdən sonra yaymalıdırlar".Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da cəmiyyətə yalnış informasiya ötürən, hərbi hissələrin, hərbi texnikanın sayınadək dəqiq informasiya yayan mətbu orqanları qınayıb.Ə. Amaşov bildirib ki, mətbuat bu məsələdə həssas olmalı, milli maraqlardan çıxış etməlidir: "Jurnalistikada xəbərləmə önəmli olsa da, cəbhə bölgəsi ilə bağlı veriləcək hər bir informasiya Müdafiə Nazirliyi ilə dəqiqləşdirildikdən sonra yayılmalıdır. Bundan əlavə jurnalistlərin döyüş texnikasının sayı, hansı istiqamətə yerdəyişməsi barədə məlumatlar verməsi qətiyyən yolverilməzdir. Jurnalistlər anlamalıdırlar ki, düşmən tərəf Azərbaycanda saytları anbaan izləyir, ən dəqiq məlumatları mediadan əldə edir. Ona görə də, bu məsələdə həssas olmalı, hərbi sirlərin düşmənin əlinə keçməsinə xidmət edən məlumatları yaymamalıdırlar".İndi isə gəlin gərəkli nəticələr çıxaraq. Atəşkəsin pozulmasından sonra aydın oldu ki, bu gün cəmiyyətin hadisələrə reaksiyası kifayət qədər aktivdir və siyasi maarifləndirmə nəticəsində vətəndaşlar hadisələrə lazımi reaksiyanı verə bilirlər. Amma diqqəti cəlb edən başqa nüans bu oldu ki, hazırda Azərbaycan mətbuatı cəmiyyətin siyasi maarifləndirilməsinə rəğmən kifayət qədər ciddi boşluqlarla üz-üzə qalıb və demək olar ki, bu durum acınacaqlı haldadır. Müharibə dövrünün qaydalarına əməl etməkdən xəbərsiz olan əksər mətbu orqanlar sadəcə olaraq ən yaxşı halda dezinformasiya yaymaqla çaşqınlığın yaranmasına səbəbkar oldular. Bundan başqa Ermənistan tərəfinin məqsədli şəkildə yaydıqları xəbərlər də asanlıqla Azərbaycan mətbuatında tirajlandı. Bu isə bir daha sübut edir ki, cəmiyyətə baxanda mətbuatın özünün siyasi
maarifləndirməyə ciddi ehtiyacı var. Halbuki aparıcı rol məhz mətbuatın üzərinə düşməli idi. Ancaq mətbuatdan fərqli olaraq Qeyri Hökümət Təşkilatları kifayət qədər obyektiv mövqe tuta bildilər və demək olar ki, mərkəzləşmiş şəkildə fəaliyyət ortaya qoya bildilər. Bununla bağlı "Unikal"a açıqlama verən yazar Azər Sarıyev mətbuatın tutduğu mövqeni sərt tənqid etdi və bunu siyasi maarifləndirmənin zəifliyi ilə əlaqələndirdi:" Bir neçə kütləvi informasiya vasitəsini çıxmaqla, peşəkarlıqdan söz gedə bilməz. Dəqiqləşdirilməmiş, kiminsə haradansa eşitdiyini informasiya kimi yayanlar oldu. Bir məsələyə xüsusi diqqəti çəkmək lazımdır. Cəmiyyəti informasiya ilə təmin etmək jurnalistin əsas vəzifəsidir. Amma müharibə gedən ölkədə dövlətin, millətin maraqları hökmən nəzərə alınmalıdır. Vətən, millət təəssübü bütün peşə prinsiplərindən üstün olmalıdır məncə. Təəssüf ki, son günlər bilərəkdən ya da bilməyərəkdən reytinqi, xəbərçiliyi dövlətçilikdən, milli maraqlardan üstün tutan həmkarları da gördük".Bundan başqa ortaya çıxan başqa maraqlı nüans isə bu oldu ki, belə həssas məqamlarda media sosial şəbəkələrin qarşısında aciz qaldı. Gün ərzində 200 mindən çox statusların paylaşdığı və milyona qədər insanın bu statuslara reaksiyalar verməsi sübutladı ki, siyasi maarifləndirmə ilə bağlı ciddi çatlar var. Hətta elektron media belə sosial şəbəkələrin qarşısında aciz qaldılar və aydın oldu ki, elektron media da siyasi maarifləndirmədən və operativ reaksiyadan kənarda qalıb. Elementar bir fakta baxaq. Atəşkəs pozulur,8 nəfər şəhid veririk, televiziyalar isə bundan xəbərsizdilər və konsert proqramları bir-birini əvəz edir. Bu məqamda isə sosial şəbəkələrdə artıq az qala səfərbərlik elan edilir. Bu bir tərəfdən cəmiyyətin aktivliyini sübutlayırsa, digər tərəfdən başqa bir təhlükəni ortaya çıxarır. Söhbət ondan gedir ki, müəyyən təxribatçı qüvvələr, Azərbaycan mediasının bu savadsızlığından, qeyri-peşəkarlığından istifadə etməklə sosial şəbəkələr vasitəsi ilə istənilən təxribatı həyata keçirə bilər və kütlə psixologiyasına əsaslanaraq hətta vətəndaş qarşıdurması da yarada bilərlər. Bütün bunları nəzərə alaraq hesab etmək lazımdır ki, mütləq şəkildə mediaya nəzarət mexanizmi yaradılmalı və müharibə dövründə onların fəaliyyəti tənzimlənməlidir. Çox gülməli haldır ki, sosial şəbəkələrdə adı belə məlum olmayan hansısa profil informasiya mənbəyi kimi qəbul edilir və mətbuat bu ünvansız xəbəri az qala günün mövzusuna çevirir. Başqa bir tərəfdən isə müəyyən şəxslər heç bir çətinlik çəkmədən atəşkəsin pozulduğu nöqtələrə belə gedib çıxa bilirlər və Müdafiə Nazirliyinin bunlara nəzarət mexanizmi demək olar ki, yox dərəcəsində idi. Bunu da qeyd edək ki, nəhayət ki, media ilə QHT-lər birgə bəyanatla da çıxış etdilər. Belə ki, Jurnalist-QHT Koalisiyası son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasının, hərbi əməliyyatların intensivləşməsinin ciddi narahatlıq doğurduğunu, barış mesajlarının səsləndiyi Cənubi Qafqaz regionunda yeni müharibə kabusunu alovlandırdığını bildirərək bəyanatla çıxış edib. Modern.az-ın məlumatına görə, Jurnalist-QHT Koalisiyasının bəyanatında deyilir:"Sülhsevər Azərbaycan Respublikası illərdir ərazisinin 20 faizinin işğal altında qalmasına, bir milyondan artıq vətəndaşının qaçqın və məcburi köçkün həyatı yaşamasına baxmayaraq, bölgədə savaşın təkrar baş verməməsinə çalışıb, mövcud istiqamətdə bütün imkanlarını səfərbər edib. İstər Azərbaycan dövləti, istərsə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri müxtəlif səviyyəli toplantılarda ölkəmizin haqq səsinin dünyaya çatdırılmasına, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli
mövqeyimizin təbliğinə üstünlük verib. Ötən 20 ildən artıq müddət ərzində konflikt ətrafındakı vəziyyətin təfərrüratlarına aydınlıq gətirilib, Dağlıq Qarabağ həqiqətləri fonunda Azərbaycanın haqq səsi beynəlxalq ictimaiyyətə çatdırılıb.
Təəssüflə bildirməliyik ki, dünya ictimai rəyi nəticə etibarilə Ermənistanın illərdir davam edən işğalına biganə qalıb, BMT kimi nüfuzlu qurumun Dağlıq Qarabağ münaqişəsinə dair çıxardığı dörd qətnamənin icra olunmamasına göz yumub. Zaman-zaman Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması, cəbhə xəttində baş verən silahlı insidentlər və nəhayət 2014-cü il avqust ayının ilk günlərindən başlayaraq gərginliyin ən yüksək həddə çatması məhz təcavüz faktına münasibətdə ciddi ölçü tədbirinin götürülməməsindən qaynaqlanıb.
Sıralarında Azərbaycanın media birliklərini cəmləşdirən Jurnalist - QHT Koalisiyası hazırkı şəraitdə dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqlara, Azərbaycan torpaqlarının işğalı faktına daha həssas yanaşmağa çağırır. Qurum bildirir ki, beynəlxalq aləmin zaman-zaman ikili standartlar siyasətinə üstünlük verməsi Azərbaycan torpaqlarının işğal altında qalması reallığını doğurub. Bu isə əsrlərdən bəri formalaşmış dünya düzəninin diqtə etdiyi dinc və birgəyaşam qaydalarına zidd status-kvo formalaşdırmaqla bərabər, sülhsevər Azərbaycan xalqının təməl hüquqlarına münasibətdə böyük sayğısızlıqdır.
Cənubi Qafqaz regionunda sülhə və əminamanlığa ciddi xələl gətirən vəziyyətin aradan qalxması zərurətini vacib sayırıq. Dünya dövlətlərindən cəzasızlıq mühitini doğuran ikili standartlar siyasətindən daşınmağı tələb edirik. Jurnalist - QHT Koalisiyası olaraq onu da bəyan edirik ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki gərginliyin görünməmiş yüksək həddə çatdığı hazırkı şəraitdə təcavüzkar Ermənistana qarşı ciddi tədbirlərin görülməsi, BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinə dair dörd qətnaməsinin dərhal icra olunması təkcə Azərbaycanın media ictimaiyyətinin və bütövlükdə cəmiyyətinin arzu və istəyinin təntənəsi deyil, həm də dünyada ədalətin bərpası istiqamətində atılacaq ən böyük addım olardı. Mütərəqqi beynəlxalq ictimaiyyəti bu addımı atmağa, Azərbaycan xalqının haqqını özünə qaytarmağa çağırırıq.