Məmurların "su biznesi" ilə bağlı sensasion faktlar

Azərbaycanda satışda olan suların 40 faizinin həm qiymətində, həm də keyfiyyətində saxtalaşdırılma var

Azərbaycanda satılan müalicəvi və mineral sularla bağlı yeni, sensasion faktlar məlum olub. Belə görünür ki, həmin suların istər qiyməti, istər keyfiyyəti ilə bağlı ciddi saxtakarlıq halları mövcuddur.
"İdarəmizə həftə ərzində dükanda satılan sularla bağlı istehlakçılar tərəfindən 8-10 şikayət zəngi olur. Gədəbəydə istehsal olunan, "Mor-Mor" turş suları ilə bağlı bizə müraciət edənlərin sayı çoxdur. Müraciət edənlər əsasən soruşurlar ki, sözügedən suların 10-dan çox xəstəliklərin dərmanı kimi təqdim olunması nə dərəcədə doğrudur? ". Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkə ərazisində satışa çıxarılan qazlı və mineral suların keyfiyyət göstəricisi ilə bağlı açıqlama verərkən qeyd edib (azadxeber.net).
Müsahibin sözlərinə görə, hazırda müalicəvi təsiri olduğu iddialı edilən sularla bağlı araşdırma aparırlar: "Qanuna görə, elmi tədqiqatların rəyi olmadan nəyisə yazmaq qadağandır. Məhz buna görə də aidiyyəti orqanlara məsələni araşdırmaq üçün müraciət etmişəm. Əhalini narahat edən məsələlərdən biri də suların üzərində Səhiyyə Nazirliyinin sertifikatı və QOST standartlarının işarəsinin olmasıdır."
Edilən şikayətlərə istehsalçıların heç bir məhəl qoymadığını söyləyən ekspert, "ümumiyyətlə, Azərbaycanda suların 40 faizinin həm qiymətində, həm də ki, keyfiyyətində saxtalaşdırılma var. Əsasən də tərxun, almalı kimi rəngli, zəhərli limonadlar qeyri-sanitar şəraitdə necə gəldi saxlanılır. Bundan da fəlakətli olanı odur ki, həmin sular sonra restoranlarda, əyləncə mərkəzlərində, marketlərdə insanlara satılır" - deyə bildirib.
Ekspert xüsusi olaraq onu da qeyd edib ki, hal-hazırda çox paradoksal hal ölkədə qiyməti 40 qəpik və 10 AZN-ə olan 1 litrlik suların satılması ilə bağlıdır: "Adi və minerallaşmamış suyun bu qiymətə satılması nə dərəcədə düzgündür? Mən xahiş edərdim ki, media vasitəsi ilə aidiyyəti orqanlar bu məsələyə aydınlıq gətirsinlər. Digər bir problem borjom sularının süfrə suyu kimi təqdim edilməsi ilə bağlıdır. Çünki, borjom suyunun özü sırf müalicəvi xarakteri daşıyır. Yəni hər kəs onu içə bilməz. Bir sözlə qazanc xətrinə insanların sağlığı ilə oyun oynayırlar."
Müxtəlif firmaların zibilliklərdən yığılan plastik qabgların əhalidən pul ilə alıb, su doldurub satmasının da səhhətimiz üçün zərərli olduğunu söyləyən Eyyub bəy, "isti şəraitdə saxlanılan su qablarının əzilməsi, içində olan su ilə bəzi kimyəvi reaksiyalara girməsinə gətirib çıxarır. Bu isə insan orqanizmi üçün olduqca təhlükəlidir ", - deyə bildirib.
Onu da deyək ki, Azərbaycan bazarına çıxarılan yerli mineral və müalicəvi suların böyük əksəriyyətinin arxasında məmur maraqlarının dayandığı heç kimə sirr deyil. Belə istehsalçıların bir çoxu bəzi yüksək çinlilər tərəfindən himayə edilir. Elə bu səbəbdən də "su biznesi" ilə məşğul olan əksər müəssisələr qanunvericiliyin tələblərinə dırnaqarası münasibət sərgiləməkdən çəkinmirlər.
Onların arxalarındakı məmur gücünə arxayın olub istər qiymətləri, istərsə də keyfiyyəti saxtalaşdırmasından itirən vətəndaşlardır. Qazanan isə həmişəki kimi bəzi məmurlar. Bu vəziyyətin nə qədər davam edəcəyi bəlli olmasa da, artıq ekspertlər məsələyə aidiyyatı dövlət qurumlarının sərt, güzəştsiz, prinsipial, qanunvericiliyin tələbləri çərçivəsində müdaxilə edilməsini qaçılmaz sayırlar.

Günel Əkbər