Virtual məkanda insan hüquqları
Virtual məkanda insan hüquqları

Sosial şəbəkələrin, internetin həyatımızın ayrılmaz tərkib hissəsinə çevrildiyi bir vaxtda qlobal səviyyədə ən çox müzakirə edilən və mübahisələrə səbəb olan məsələlərdən biri insan hüquq və azadlıqlarıdır.
İnternetdə söz azadlığı, insan hüquqları gündəlik həyatımızda normativ hüquqi aktlarla tənzimlənən insan hüquq və azadlıqlarından çox fərqlənir. Virtual məkan artıq hər birimizin şəxsi həyat sirlərini özündə cəmləməyə başlayıb. Sosial şəbəkələrdə paylaşdığımız statuslar, yerləşdirdiyimiz məlumatların kimlər tərəfindənsə istifadə olunması, yaxud bəstəkarın bəstələdiyi mahnılar, kitabların elektron varantlarının, yeni kinofilmlərin pirat variantının internetdə yerləşdirilməsi ən müxtəlif sahələrdə insan hüquqlarının pozulması kimi təqdim edilir. Əslində söylənilənlərdə həqiqət payı böyükdür. Virtual məkanda etik davranış kodeksi, bütün bunlarla yanaşı Azərbaycanda internetdə insan hüquqları ilə bağlı ən çox müzakirə edilən məqam ilk növbədə sosial şəbəkələr və onlayn informasiya portalları vasitəsi paylaşılan statuslar və ya yazıları kimlərinsə özünə təhqir sayması, məhkəmənin bu müraciətlər əsasında çıxartdığı hökmləri və edilən xəbərdarlıqları bəzilərinin insan hüquqlarının tapdalanması kimi təqdim etməsidir. Son illərdə Azərbaycanda internet istifadəçilərinin sayı durmadan artır. Ölkədə istənilən saytlara girişlə bağlı heç bir məhdudiyyət tətbiq edilmir. Bu addım Azərbaycan dövlətinin insan hüquq və azadlıqlarına, demokratik dəyərlərə yanaşma tərzi kimi qiymətləndirilə bilər. Lakin insan hüquqları ilə bağlı daha bir məşhur deyim var: "Sənin hüquqlarının başqasının hüquqları başlayan sərhəddə bitir". Bu tezisdən çıxış edərək vurğulamaq lazımdır ki, hər bir internet istifadəçisi dövlətin ona yaratdığı şəraitdən sui-istifadə hallarına yol verməməli, virtual məkanda etik davranış kodeksini üstün tutmalıdır. Ekspertlər vurğulayır ki, Azərbaycan gənc dövlət olsa da, internet istifadəçiləri arasında belə bir davranış kodeksinin formalaşdırılması istiqamətində ciddi addımlar atır, müvafiq qurumlar maarifləndirici tədbirlər həyata keçirirlər. Lakin çatışmayan cəhətlər də hələlik kifayət qədərdir. Elektron hökumətin formalaşdırılması, insan hüquqlarının qorunmasında informasiya texnologiyaları və internetin tətbiqi mühüm yer tutur. Belə tədbirlərdən biri də, Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə elektron hökumətin formalaşdırılmasıdır. Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri məhz "Elektron hökumət"in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir. "Elektron hökumət" - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni" maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün "bir pəncərə" prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi "elektron hökumət" portalı tətbiq edilir. Ölkəmizdə "elektron hökumət"in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının
(Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq "elektron hökumət"in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, "Elektron hökumət" portal hazırlanaraq istifadəyə verilib. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər. İnternetdə insanların bir-birlərini təhqir etməsinin qarşısını almaq üçün qanunvericilikdə bir sıra dəyişliklərin edilməsi zəruridir. Sözügedən istiqamətdə artıq ilkin addımlar atılıb. Belə ki, internet də daxil olmaqla şər və böhtana qarşı cərimələrin miqdarı xeyli artırılıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 147.1 maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-nin 148-ci maddəsinə görə isə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycanda da sosial şəbəkələrdə müxtəlif profillər yaradaraq bəziləri vətəndaşların hüquqlarını pozmaqla məşğuldur. Millət vəkili Zahid Oruc deyir ki, internetdə bəzi həmkarlarının ünvanına elə sözlər işlədilir ki, təhqirdən də o yana keçir: "Bu şəxslərin tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsi zəruridir".
Lakin bu o qədər də asan məsələ deyil. Çünki sosial şəbəkələr tək Azərbaycanla məhdudlaşmır və açılan profillərin saxta olması insan hüquqlarını tapdalayanların məsuliyyətə cəlb edilməsini xeyli çətinləşdirir. Azərbaycan İnternet Forumunun rəhbəri belə hallarla bağlı beynəlxalq təcrübədə xeyli sayda məhkəmə çəkişmələri olduğunu bildirir: "Öz keçmiş ərinin adına saxta "Facebook" səhifəsi açaraq orada qanunsuz informasiyalar paylaşdığına görə, bir qadına 18 ay həbs cəzası kəsiblər". Yəni saxta profillərin hər hansı vətəndaşı şantaj etməsi Azərbaycanda yenilik deyil və bir çox tanınmış adamlar belə halla üzləşib. Osman Gündüz belə vəziyyətdə dərhal hərəkətə keçməyi tövsiyyə edir: "Əgər artıq siz saxta profillə üzləşmisinizsə, o zaman sizin haqqınızda olan informasiyaların "screenshoot" edərək saxlanılması daha doğru olardı. Sonrakı addımlar isə sosial şəbəkənin imkanlarından istifadə edərək dərhal saxta səhifə barədə raport vermək, zəruri instansiyalara məlumat vermək, azyaşlıların isə dərhal bu haqda valideynləri və müəllimlərinə məlumat verməsi daha faydalı olardı".
Onun fikrincə, qanuna zidd məlumatlar, şantaj və böhtanlar olarsa, dərhal hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etmək lazımdır. "Məsləhət və tövsiyələr üçün Elektron Təhlükəsizlik Mərkəzinə müraciət etmək vacibdir", - deyə Azərbaycan İnternet Forumunun rəhbəri vurğulayır.Qərbdə virtual məkan vasitəsi ilə insan hüquqlarının pozulması kəskin şəkildə tənqid edilir. Məlumatlara görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin açıqlayıb ki, hökumət bütün dünya üzrə internet sisteminə nəzarət edir. Snouden Amerika kəşfiyyatının sosial şəbəkələr vasitəsilə bütün insanları izlədiyini açıqlayıb. Edvard Souden Mərkəzi Kəşfiyyat Agentliyinin "Qlobal nəzarət planı" ilə bağlı açıqlamasında bu cür şok iddialarla çıxış edib. Rusiyaya qaçmazdan əvvəl Honq Konq şəhərində Böyük Britaniyanın "Quardian" qəzetinə müsahibə verən Snouden bildirib ki, agentliyin əsas araşdırma mərkəzlərindən biri də sosial şəbəkələrdir: "Google", "Facebok", "Apple", "Mikrosoft" kimi internet nəhəngləri Amerika Birləşmiş Ştatları hökumətinin bir hissəsidir. Onlar hamısı Mərkəzi Kəşfiyyat Agentliyi ilə əməkdaşlıq edir və istənilən informasiya sistemlərinə, insanların səhifələrinə birbaşa giriş edə bilməsi üçün qeyri-şərtsiz imkanlar yaradır. Kəşfiyyatçılar istifadəçilərin bütün məlumatlarını bilirlər. Hətta bəzən insanlara doğum günü ilə əlaqədər xüsusi təbrik ismarıcları göndərirlər. Bu prosesə müdaxilə edən olmur. Hökumət üçün məxfilik anlayışı yoxdur. "Qlobal nəzarət planı" da məhz bu fəaliyyətlə əlaqədər vahid mərkəzin yaradılması üçündür". Hətta dövlət başçıları da bu siyahıdan yan keçməyib. Azərbaycanda bu cür xoşagəlməz halların qarşısının alınması üçün qanunvericilik sahəsində önəmli addımlar atılır. Belə ki, Azərbaycanda 2010-cu ildə "Fərdi məlumatlar haqqında" qanun qəbul edilib. Ölkəmiz hətta Avropa Şurasının 1981-ci il tarixli "Fərdi məlumatların avtomatlaşdırılmış sistemlərdə emalı vaxtı fiziki şəxslərin qorunması haqqında" Konvensiyaya da qoşulub. Azərbaycanın müvafiq qanunvericilik aktları informasiya cəmiyyətinin müdafiəsini nəzərdə tutan "İnformasiya Cəmiyyətində insan hüquqların və tənzimləmə haqqında" Bəyannamə, "Kibercinayətkarlıq haqqında" Konvensiya, "Kommunikasiyaların azadlığı haqqında" bəyannaməyə uyğunlaşdırılıb.