"İlham Əliyev Azərbaycan gəncliyinə heç bir dövlətdə olmayan şansı yaradıb"


Müsahibimiz "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlıdır.
- Bu gün gənclərin siyasi marifləndirilməsi nə yerdədir?
- Bu gün Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti həyata keçirilir. Bu siyasətin mahiyyətində Azərbaycan gəncliyini güclü, dövlətçiliyimizə və milli dəyərlərimizə bağlı, eyni zamanda dünyada bütün istiqamətlər üzrə gedən rəqabət prosesinə tam gətirə biləcək səviyyədə intellektual bir qüvvə kimi görmək istəyi dayanır. Tam əminliklə demək olar ki, reallaşdırılan dövlət gənclər siyasəti hər ötən gün özünün məqsədlərinə daha çox çatmaqdadır. Bu siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai-siyaisi həyatında yaxından iştirak edir, hakimiyyətin müxtəlif qollarında təmsil olunurlar.
Şübhəsiz ki, bütün bunlar gənclərimizdə aydın siyasi dünyagörüşün və yanaşma tərzinin formalaşmasında həlledici rol oynayır. Bu gün gəncliyimiz ölkədə cərəyan edən ictimai-siyasi prosesləri dərindən analiz edib, obyektiv nəticələr çıxaracaq qədər siyasi yetkin bir mərhələdədir. Artıq, gəncliyimiz müasir və müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunu, ölkədə cərəyan edən proseslərin mümkün təsirlərini, ölkəmizin gələcək inkişaf perspektivlərini təhlil edib, dövlətimizin tərəqqisi üçün nələrin zəruri olduğunu müəyyən edəcək güc və siyasi intellekt sahibidir.
- Hansı addımlar atılarsa daha effektli nəticələr əldə etmək lazımdır?
Düşünürəm ki, gənclərimizin siyasi maarifləndirilməsi, onların ölkənin ictimai-siyasi həyatında daha sürətlə inteqrasiyası üçün mühüm addımlar atılmaqdadır.
Məsələn, orta məktəblərdə Şagird parlamentləri fəaliyyət göstərir ki, bu təsisatlar gənclərimizin artıq məktəb illərindən aktiv ictimai fəaliyyətlə məşğul olmasına və onların ictimai fəallıq səviyyəsinin yüksəlməsinə xidmət edir.
Digər yandan universitetlərdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatları(TGT) da gənclərimizin ictimai hazırlıq səviyyəsinin yüksəlməsində, onların ictimai-siyasi proseslərə sürətlə inteqrasiya olunması işində yer alan mühüm qurumlardır.
Bundan başqa Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılmasından sonra yalnız Gənclər təşkilatları deyil, fərdi gənclər də dövlətdən dəstək alaraq öz mütərəqqi ideyalarını gerçəkləşdirmək şansı qazandılar. Bu isə şübhəsiz ki, gənclərimizin ictimai-siyasi proseslərdə aktiv iştirakına çox böyük töhfələr verir.
Düşünürəm ki, görülən bu işlər gənclərimizin siyasi mənada daha da maariflənməsində və aktivləşməsində əhəmiyyətli rol oynayır.
- Gənclərin ideoloji hazırlığı nə yerdədir?
Azərbaycan gənclərinin mütləq əksəriyyəti əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib. Azərbaycançılıq ideologiyası cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən dəyərlər sistemini özündə əks etdirir. Azərbaycan xalqının, dövlətinin ümummilli maraqlarının təmini və qorunması mənasında bu ideologiyaya alternativ yoxdur. Gəncliyimiz birmənalı şəkildə bu ideologiyanın prinsip və ideyalarına xidmət edir. Şübhəsiz ki, kənardan Azərbaycan gəncliyini müxtəlif zərərli və yad ideologiyaların təsir dairəsinə salmaq üçün davamlı cəhdlər mövcuddur. Ancaq, Azərbaycan gəncliyi Azərbaycançılıq ideologiyasını dərindən dərk edən və bu ideologiya ətrafında sıx birləşən qüvvə olaraq daima bu cür zərərli və dövlətçilik maraqlarımızın əleyhinə yönələn cəhdlərə qarşı amansız mübarizə aparıb. Hər kəs bilməlidir ki, gəncliyimiz milli maraqlarımızı təhdid etməyə cəhd göstərən bütün dini və siyasi cərəyanlara qarşı ən sərt mövqedə dayanacaq.
- Bu gün dövlətin gənclər siyasəti qaneedicidirmi?
Qeyd etdiyim ki, Azərbaycanda dövlət gənclər siyasətinin memarı Ulu Öndər Heydər Əliyevdir. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər gününün təsis edilməsi, Gənclərin respublika forumlarının keçirilməsi, gənclərlə bağlı müxtəlif dövlət proqramlarının qəbul edilməsi, gənclər siyasəti ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi ölkə gəncliyinin həyatından dönüş nöqtəsi oldu.
Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən olduqca uğurla davam etdirilir. Gənclər siyasəti artıq dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi, Azərbaycan Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi və atılan digər çoxsaylı mühüm addımlar gəncliyimizin hərtərəfli inkişafında olduqca önəmli mərhələdir.
Bu gün ölkəmizin fəal və istedadlı gənclərinin yüksək dövlət postlarına önə çəkilməsi şübhəsiz ki, Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinin məqsədyönlü olduğuna və gəncliyimizin ölkəmizin idarəçiliyində iştirak etməsinə hesablandığına işarədir.
Bundan başqa Cənab Prezidentin özünün qısa müddətdə bir neçə dəfə ölkənin fəal gəncləri ilə görüşüb, onları dinləməsi ölkəmizdə gəncliyə, onun inkişafına olan yüksək diqqət və qayğının nümunəsidir.
- Gənclər və İdman Nazirliyinin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Gənclər və İdman Nazirliyi Azərbaycanda dövlət gənclər siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu qurum gənclər tərəfindən olan çoxsaylı təşəbbüslərə dəstək verir. Mən bu qurumun faəliyyətin müsbət qiymətləndirirəm.
Digər tərəfdən Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyətini qeyd etmək istəyirəm. Fond yaradılandan sonra Azərbaycanda iflic vəziyyətində olan gənclər təşkilatları inkişaf etməyə, real fəaliyyətlə məşğul olmağa başladı. Fond gənclər təşkilatlarının və fərdi gənclərin müxtəlif istiqamətli layihələrini dəyərləndirir, dəstəkləyir. Bu da Azərbaycanda gənclərlərin, gənclər təşkilatlarının fəaliyyətinə böyük dəstəkdir.
- Mövcud gənclər təşkilatlarının hansı qüsurları daha təhlükəlidir və bunun qarşısını almaq üçün nələr etmək vacibdir?
Hesab edirəm ki, gənclər təşkilatları dövlətin onlara göstərdiyi etimadı doğrultmalı və fəaliyyətlərini yalnız qrant proqramları çərçivəsində görülən epizodik işlərlə yekunlaşdırmamalıdırlar. Gənclər təşkilatları ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməli, dövlətçiliyimiz üçün zəruri olan istənilən məsələ ilə bağlı ortaya qəti və prinspial mövqe qoymalıdırlar. Gənclər birlikləri beynəlxalq əlaqələrini genişləndirməli, bu əlaqalərindən Azərbaycan həqiqətlərinin dünyada yayılması işində faydalanmalıdırlar. Hesab edirəm ki, gənclər təşkilatlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, Azərbaycan həqiqətlərinin dünyada təbliği prosesində görməli olduğu çoxsaylı işlər mövqe bu qurumların fəaliyyətinin əsas istiqamətlərini təşkil etməlidir.
- Son zamanlar ölkədə fəaliyyət göstərən bir sıra hüquq müdafiəçilərinin həbsi müşahidə olunur. Konkret olaraq, Leyla Yunus dövlət xəyanət maddəsi ilə ittiham olunur. Bu həbsdən sonra bir sıra QHT-lərin ölkədə demokratiya adı altında, əslində casusluq fəaliyyəti ilə məşğul olduğu haqqında iddialar meydana çıxıb..
-Leyla Yunus və əri Arif Yunusun Ermənistan xüsusi xidmət orqanları, onların nəzarətində olan şəxs və qurumlarla əməkdaşlığı, onlardan gələn sifarişləri icra etməsi haqqında məlumatlar yenilik deyil. Hər iki şəxs Azərbaycan dövləti və xalqı əleyhinə düşmənçilik fəaliyyəti ilə bunu dəfələrlə sübut ediblər.
Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Leyla Yunusun həbsi ilə bağlı yaydığı açıqlamada əksini tapan təkzibolunmaz faktlar da bu məlumatları növbəti dəfə təsdiqlədi. Özünü hüquq müdafiəçisi adlandıran L.Yunusun yalnız Bakı metrosunda terror aktı törədən ermənini siyasi məhbus siyahısına salması faktını xatırlatmaq kifayət edir ki, bu adamın ölkəmizə qarşı qatı düşmənçilik mövqeyində dayandığı və Ermənistandan gələn məkrli sifarişləri icra etdiyi həqiqəti üzə çıxsın. Onun illərdir ermənilərlə təslimçi sülhə hesablanan, milli maraqlarımıza təhlükə törədən fəaliyyəti böyük ikrah hissi doğurur və cəmiyyət tərəfindən birmənalı şəkildə nifrətlə qarşılanır.
Hesab edirəm ki, Leyla Yunus və əri Arif Yunusun təqsirləndirildikləri ittihamlar həqiqəti əks etdirir və tamamilə hüquqidir. Bu adamlar dövlətə xəyanət, dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ağır və ciddi maddələrlə ittiham olunur. Onların həbsi ilə bağlı iki dövlət qurumunun birgə yaydığı məlumatda bu ittihamları əks etdirən təkzibolumaz faktlar yer alıb. Leyla Yunusun Azərbaycana düşmən mövqedə olan dairələrin sifarişi, müxtəlif beynəlxalq təşkilatların ayırdığı böyük məbləğlərdə vəsaitin qarşılığında davamlı olaraq ölkəmizə qarşı yerli və beynəlxalq səviyyədə apardığı təxribatçılıq fəaliyyəti hər kəsin gözü önündə baş verib.
Leyla Yunus bütün bu əməllərinə görə məsuliyyət daşıyır və qanunlar qarşısında cavab verməlidir. Azərbaycan hüquqi və demokratik dəyərlərlə idarə olunan ölkədir. Burada hansısa partiyanın, ictimai təşkilatın təmsilçisi olmaq heç kimə qanunlar qarşısında əlavə imtiyazlar tanımır. Leyla Yunusun həbsini siyasiləşdirmək, bunu onun sadəcə Azərbaycanın düşmənlərinə xidmət edən "hüquq müdafiəçi"lik fəaliyyəti ilə əlaqələndirmək cəhdləri reallıqdan uzaqdır və heç bir nəticə verməyəcək. Leyla Yunusun həbsi hüquqi addımdır və bunda heç bir siyasi motiv yoxdur.