Ermənistan əsir və girovlarla bağlı beynəlxalq konvensiyaları pozur
Ermənistan əsir və girovlarla bağlı beynəlxalq konvensiyaları pozur

Dağlıq Qarabağ münaqişəsi zamanı 1 milyondan çox qaçqın və məcburi köçkünlə yanaşı, əsir və girov götürülən Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması bu günə qədər davam edir.
Ermənistan beynəlxalq birliyin üzvü olsa da, faktiki olaraq üzərinə götürdüyü öhdəliklərə, BMT-nin məlum dörd qətnaməsinin icrasına əməl etmir. Keçən əsrin 90-cı illərindən etibarən Dağlıq Qarabağ münaqişəsi insan hüquqlarının pozulmasının mühüm səbəblərindən birinə çevrilib və bu proses indiyədək davam edir. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin Sadıqovun verdiyi son məlumata görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 2014-cü il avqustun 1-nə olan məlumata görə, 4015 nəfər itkin düşüb, 1409 nəfər isə əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçib. İtkin düşmüş 4015 nəfərdən 877 nəfərinin, o cümlədən 27 uşaq, 99 qadın və 133 qocanın əsir-girov götürülməsi, bu və ya digər səbəbdən işğal zamanı evlərini tərk edə bilməməsi barədə toplanmış materiallar müvafiq beynəlxalq təşkilatlara göndərilib. Erməni əsir-girovluğundan azad edilmiş vətəndaşlarımızın şahid ifadələri əsasında həmin şəxslərin siyahısı tərtib edilib, onların ilkin saxlanma yerləri və digər faktlar dəqiqləşdirilib. Əsaslı dəlil-sübutlara baxmayaraq, Ermənistanın aidiyyəti qurumları bu şəxslərin əsir və girov götürülməsi faktını hələ də inkar edir. Ötən ilin avqust ayının 1-dək olan məlumata görə isə, münaqişənin başlandığı vaxtdan bu günə kimi 1402 nəfər əsir-girovluqdan azad edilib. Erməni işğalçılarının əsir və girov götürdükləri azərbaycanlılara amansız işgəncələr verdiyini Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olan məlumatlar da təsdiqləyir. Komissiyanın məlumatlarında bildirilir ki, ermənilər əsir və girovların yaralarının qaysağı qopardaraq onlara əzab verib, üzərinə təlim keçmiş itlər buraxıb. Girov götürülən qadınlarımızın ləyaqəti mütəmadi alçaldılaraq özünəqəsd dərəcəsinə çatdırılıb. Əsir və girovlara şallaqla vurma, dəmir alətlə döymə, ütü və siqaretlə bədən yandırma, ayaq altından şallaqla vurma, dırnaq, diş çəkmə, şaxtalı havada susuz və ac saxlama, havasız kameralara salma, tək adamlıq kameralara təsiredici səs buraxma və sair kimi işgəncələr verilib. Erməni həkimlərin girov götürülən uşaqların bazu sümüyünü çıxarması, yenidoğulmuş körpələrimizə naməlum tərkibli iynələr vuraraq onları ömürlük şikəst etməsi barədə də dəlillər var. Komissiyada şahid ifadələrinə dayanaraq toplanan faktlar Ermənistanın əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını tapdaladığını, həmçinin "Hərbi əsirlər ilə rəftara dair", eləcə də "Müharibə qurbanlarının müdafiəsinə dair" 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyalarının şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək, insan ləyaqətinə toxunmaq kimi tələblərini pozduğunu sübut edir.
"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin rəhbəri Esmira Orucova da ermənilərin azərbaycanlı əsir və girovlara insanlığa sığışmayan işgəncələr verdiyini deyir. Birlik sədri bizimlə söhbətində bildirdi ki, düşmən tərəf əsirlərlə davranışda qəbul olunan beynəlxalq hüquq normalarını və Cenevrə Konvensiyasının tələblərini pozub: "Əsir və girovluqdan azad edilənlərin üzərindəki fiziki təzyiqlər onlara işgəncələr verildiyini bir daha təsdiqləyir. Ermənilər münaqişə tərəflərinin riayət etməli olduğu Cenevrə konvensiyasının heç bir tələbini yerinə yetirməyib. Bu Konvensiyanın tələbinə görə, münaqişə zamanı mülki əhalinin girov götürülməsi yolverilməzdir. Amma ermənilər Xocalı soyqrımı zamanı dinc əhalini süngüdən keçirməklə yanaşı, yerdə xəstə yatan ahıl insanlardan tutmuş, ruhi xəstələrimizə qədər girov götürüblər. Onlara mənşəyi məlum olmayan iynələr vurmaqla yanaşı, orqanlarını çıxararaq müxtəlif vasitələr üçün istifadə ediblər. Əsirlikdən qayıdanların dediklərinə görə, ermənilər qondarma erməni soyqırımı günü bizim əsirləri erməni qəbirləri üzərində qurban kəsirlərmiş. Digər əsirləri isə həmin mənzərəni seyr etməyə məcbur edirlərmiş".
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov isə beynəlxalq təşkilatların əsir və girovlarla bağlı vəziyyəti obyektiv araşdırmamasında din faktorunun rol oynadığını söyləyir. Komitə rəhbəri deyir ki, "Hərbi Əsirlərlə rəftara dair" Cenevrə Konvensiyasının 23-cü maddəsində əsirlikdə saxlayan Dövlətin hərbi əsir düşərgələri, coğrafi mövqeyi barədə məlumatı himayəçi dövlət vasitəsilə müvafiq dövlətə verməli olduğu göstərilib. Amma Ermənistan bu tələbə əməl etmir: "Çox təəssüf ki, Ermənistana bu saymazlığına görə, heç bir beynəlxalq təşkilat sanksiya tətbiq edilməsi barədə məsələ qaldırmır. Səbəb isə din faktorudur. Düşmən tərəfin əsirlərimizə verdikləri işgəncələri təsdiqləyən sübutlar da var. Konvensiyanın 12-ci maddəsində isə göstərilir ki, hərbi əsirlərə görə onları əsirlikdə saxlayan dövlət məsuliyyət daşıyır. Amma bu sənədi əsas tutaraq heç bir təşkilat Ermənistana əsirlərə verdikləri amansız işgəncələrə qarşı sanksiya tətbiq etmir".
E. Behbudovun sözlərinə görə, artıq Ermənistanın hüquq müdafiəçiləri də bu dövlətin ərazisində azərbaycanlı əsir və girovların saxlanıldığını təsdiqləyib: "Onların dediklərinə görə, azərbaycanlı əsirlər bu gün Şuşa həbsxanasının zirzəmisində saxlanılır. Vaxtı ilə Şuşada ədliyyə orqanında çalışan azərbaycanlılar da həmin həbsxananın zirzəmisinin olduğunu təsdiqləyir. Girov götürülmüş qadınlar isə Xankəndində uşaq bağçalarında saxlanılır. Məlumatlara görə, digər azərbaycanlılar işğal olunmuş ərazilərdəki əsir düşərgələrindədir. Biz bu faktlara dayanaraq, beynəlxalq təşkilatların, BQXK-nın nümayəndələrinin və hüquq müdafiəçilərinin iştirakı ilə həmin ərazilərdə monitorinqin aparılmasına çalışmalıyıq. Əsir və girovları geri qaytarmaq mümkün olmasa da, onların saxlanılma şəraitinə nəzarətin aparılmasına nail olmalıyıq. Çünki ermənilər əsir və girovlarla davranışda heç bir beynəlxalq norma və konvensiyaların tələblərinə məhəl qoymurlar. Əsirlikdən qayıdanların vəziyyəti göstərir ki, onlar əsir və girovlara işgəncələrin ən ağır, dözülməz, özünəqəsd səviyyəsinə çatdıran növlərini şamil edirlər. Elə növlərini ki, əsir və girovlar azad edilib evlərinə qaytarılsalar belə, ömürlərinin sonunadək həmin işgəncələrin əziyyətini çəkirlər".
Millət vəkili Aygün Mustafayeva da erməni işğalçılarının əsir və girovlarla münasibətdə beynəlxalq hüquq normalarının tələblərini pozduğunu bildirdi. Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişənin aktiv fazasında heç bir döyüş gedən zonada fəaliyyət göstərməyib: "Ona görə də həmin dövrdə əsir və girov götürülənlərin qeydiyyatı aparılmayıb. Nəticədə Komitə həmin əsir və girovların saxlanma şəraitinə nəzarəti həyata keçirə bilməyib. Bu səbəbdən ermənilər əsir və girovlara amansız işgəncələr veriblər. Onların orqanları çıxarılaraq xarici ölkələrə satılıb, əsir və girovlar üzərində müxtəlif tibbi eksperimentlər aparılıb".
Millət vəkilinin sözlərinə görə, azərbaycanlı əsir və girovlar bu gün də zəbt olunmuş torpaqlarda qul kimi işlədilir, onlara amansız işgəncələr verilir.
Qeyd edək ki, hazırda düşmən tərəfdə hələ də azərbaycanlı əsir və girovlar qalsa da, heç bir beynəlxalq təşkilat onların saxlanma şəraitinə nəzarət edə bilmir. Bu məsələdə ən ümid bəslənilən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi də münaqişə dövründə əsir və girov götürülən azərbaycanlıların taleyinə işıq sala bilmir. Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, Ermənistan Respubilkasında və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində əsirlikdə saxlanılmış Azərbaycan vətəndaşlarının dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalması, amansız rəftar və ləyaqəti mütəmadi alçaltmaqla özünüöldürmə dərəcəsinə çatdırılması, soyuqqanlılıqla qətlə yetirilməsi, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi söylədiklərimizə əyani sübutdur.
Aşağıda bu faktların bir qismi göstərilir: Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992) Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80-ə yaxınını yerindəcə güllələmişlər. Bu barədə kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərləri şahidlik edirlər. Xocavənd rayonu Qaradağlı kənd sakini Həqiqət Yusif qızı Hüseynova ermənilərin 1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin diri-diri yandırmalarının şahidi olub.
Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin 15 dinc sakini ermənilər tərəfindən yerindəcə qətlə yetirilib. Bunların arasında Məhəmməd Əmralıyev, Surxay Əmralıyev, Çingiz Əmralıyev, Aygün Əmralıyeva, Büsat Əhmədova və Çiçək Həsənova da olmuşdur. Bu barədə Xasay Məhəmməd oğlu Əmralıyev və Binnət Abduləli oğlu Əhmədov şahidlik edirlər. İmarət Məmişovanın ifadəsinə görə, o Kəlbəcər rayonunun işğalı zamanı iki az-yaşlı uşağı ilə girov götürülüb. İmarət Məmişovanın gözləri qarşısında ermənilər səkkiz mülki şəxsi, o cümlədən, onun səkkiz yaşlı oğlu Talehi güllələmiş və meyidləri yandırmışlar. Bundan sonra ermənilər onun özünü, 10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz qoyublar. Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əhmədovlar ailəsinin şəhadətinə görə, 17 avqust 1993-cü il tarixdə ermənilər Füzuli rayonu Qacar kəndinin 25-dək dinc sakinini onların gözləri qarşısında güllələyiblər. Erməni girovluğunda olmuş Həsən Məcid oğlu Hüseynov 1993-cü ildə Horadiz-Füzuli yolunda 40-dək dinc əhalinin ermənilər tərəfindən öldürüldüyünü bildirir. Girovluqdan qayıtmış Niyaz Balay oğlu Zeynalov bildirir ki, ermənilər girov götürdükləri, Şuşa rayonu Quşçular kənd sakinləri 1910-cu il təvəllüdlü Səriyyə Tağı qızı Zeynalovanı, 1920-ci il təvəllüdlü Yeganə Dadaş qızı Mədətovanı və Mövsüm Əbdülrəhim oğlu Əhmədovu 11 fevral 1992-ci il tarixdə diri-diri yandıraraq qətlə yetiriblər. 61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsirliyində 5 azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürüldüyünün şahidi olub. Əsirlikdən azad edilmiş İsrayıl Sarif oğlu İsmayılov təsdiq edir ki, ermənilər girov götürdükləri üç azərbaycanlının başını erməni qəbri üstündə kəsiblər. Bu siyahını uzatmaq da olar. Reallıq isə onadn ibarətdir ki, ermənilərin əsir və girov götürdükləri Azərbayca vətəndaşları Ermənistanın əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını tapdalayaraq, "Hərbi əsirlər ilə rəftara dair", eləcə də "Müharibə qurbanlarının müdafiəsinə dair" 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyalarının şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək, insan ləyaqətinə toxunmaq kimi tələblərini pozmaqda hələ də davam etməsidir.