Əli Kərimlinin müavini Müsavatla münasibətlərindən danışıb
Əli Kərimlinin müavini Müsavatla münasibətlərindən danışıb

Razi Nurullayev: "AXCP heç vaxt Müsavata qarşı kinli olmayıb"

AXCP ilə Müsvat Partiyası arasındakı münaqişə səngisə də soyuq müharibə davam edir. Belə ki, cəbhəçilər hər dəfə Müsavatı suşlamaqdan belə çəkinmirlər.
AXCP sədrinin müavini Razi Nurullayev Müsavat Partiyasının sentyabrın 27-nə planlaşdırdığı qurultayla bağlı "Unikal"a açıqlamasında bildirib ki, Müsavatda hansı namizədin daha şanslı olması ilə bağlı proqnozu var. Onun sözlərinə görə, Müsavat Partiyasının qurultayı onların daxili işləridir və AXCP heç vaxt onların qurultayına qarışa, bununla bağlı heç bir fikir səsləndirə bilməz: "Sadəcə, Müsavata uğurlar arzu edirik. Müsavat Partiyası çoxdandır ki, qurultaya hazırlaşır. Bir neçə dəfə də təxirə salınıb. Ümid var ki, bu il dedikləri vaxtda qurultay keçiriləcək. Belə görünür İsa Qəmbər də partiyanın başqanlığından gedəcək. Müxtəlif namizədlər var. Hansı daha uğurlu kampaniya aparsa, o da seçilər. Kimin sədr seçilməsinə partiya qarışa bilməz. Kimin daha çox şanslı namizəd olması ilə bağlı öz fikirlərim var. Ad çəksəm siyasi təhlilçidən daha çox siyasi statusum qabardılacaq. Bu da AXCP-nin mövqeyi kimi veriləcək. Bu baxımdan nəzərdə tutduğum adı deyə bilmirəm. Amma təbii ki, orada şanslı insanlar var".
AXCP sədrinin müavini hazırkı namizədləri nəzərə almaqla qurultaydan sonra Müsavatla münasibətlərindən gözləntilərini açıqlayıb: "Bu, Müsavatın siyasətindən asılı olacaq. AXCP heç vaxt Müsavata qarşı kinli olmayıb. Müsavata qardaş kimi münasibət bəsləyib. Biz hesab edirik ki, Müsavat bir çox məsələlərdə daha kəskin olmalı, daha aydın mövqe sərgiləməlidir. Bunlara əsaslanıb gələcəkdə münasibətlərin necə olduğunu da demək olmaz. Yeni sədrin hansı taktikalar seçəcəyi, necə işləyəcəyi həmin zaman müzakirə oluna bilər".
Razi Nurullayev bildirib ki, AXCP-nin Müsavatın qurultayında iştirak edib-etməyəcəyi bəlli deyil: "Bununla bağlı mən bir söz deyə bilmərəm. Partiyanın Rəyasət Heyəti qərar qəbul edəcək. Bu, mənim səlahiyyətimdə deyil".
Qərib Gərayzadə