Misir Mərdanovu hələ də sakit buraxmırlar
Misir Mərdanovu hələ də sakit buraxmırlar
Keçmiş nazirin adı yeni iddia ilə gündəmə gəldi

Dünən səhər saatlarında internet saytlarında belə bir xəbər yayıldı ki, təhsil naziri Mikayıl Cabbarov Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktorunu işdən qovub.
Məlumata görə, nazirliyin araşdırmaları nəticəsində Novruz Dəmirov barədə ciddi faktlar ortaya çıxıb. O, bir neçə ay əvvəl bir xanımdan 15000 manat alaraq kollec diplomu ilə işə götürüb. Bundan başqa daha ədəbiyyat ixtisası üzrə bir müəllimdən də rüşvət alaraq işə qəbul edib. Araşdırmalar zamnani bu faktlar ortaya çıxdığı üçün həmin müəllimlər işdən uzaqlaşdırılıb. Məlumata görə, hələ komissiya gimnaziyada yoxlamanı davam etdirir.
Onu da qeyd edək ki, ötən il Hesablama Palatası Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında 300000 manat yeyinti faktı ortaya çıxarıb. O zaman Novruz Dəmirov bu pulu ödəmişdi.
Məlumatlarda ən maraqlı məqamlardan biri isə bu idi: Novruz Dəmirov sabiq təhsil naziri Misir Mərdanovun xalası oğludur...
Amma çox keçmədən Mərdanovun bu xəbərlə bağlı münasibəti yayıldı. Sabiq təhsil naziri işdən azad edilən gimnaziya direktoru ilə qohumluq əlaqəsini yalanladı. Belə ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru görəvində çalışan sabiq təhsil naziri Novruz Dəmirovun işdən çıxarılmasına münasibət bildirərkən dedi: "Birincisi, mənim Novruz Dəmirov adında xalam oğlu yoxdur. Digər tərəfdən isə, mən bu cür məlumatlara əhəmiyyət vermək istəmirəm. Dəqiqləşdirmədən məlumat yazırlar. Xahiş edirəm, mənim adım daha belə məsələlərdə hallandırılmasın".
Amma maraqlıdır ki, Novruz Dəmirovun özü açıqlamasında Mərdanovla qohumluq əlaqəsinin olmadığını deməyib. "İşdən ayrılmaq məsələm doğrudur, amma hələ ki, işimdəyəm, əmr gözləyirəm" - deyə bildirən gimnaziya direktoru daha sonra işdən öz xahişi ilə ayrıldığını bildirib: "İşdən ayrılmaq üçün ərizə ilə Təhsil Nazirliyinə müraciət etmişəm. Ancaq işdən azad olunmağımla bağlı əmr verilməyib. Öz xahişim ilə işdən ayırlmaq istəyirəm".
Sabiq təhsil naziri Misir Mərdanovla qohum olması haqda yayılan məlumata aydınlıq gətirən Novruz Dəmirov bu məsələnin mənasız olduğunu qeyd edib: "Öz şəxsi istəyimlə işdən ayrılıram. Bunun Misir Mərdanovla və digərləri ilə bağlı heç bir əlaqəsi yoxdur. Həmin informasiyaların məsələyə heç bir aidiyyatı yoxdu".
Başqa bir məlumata görə isə, N.Dəmirov Misir Mərdanovun xalası oğlu olmasa da yaxın qohumluq əlaqələri var.
Maraqlısı budur: keçmiş nazir gimnaziya direktorunun xalası oğlu olmasını birmənalı təkzib etdiyi halda Dəmirov niyə öz açıqlamasında belə bir açıq təkziblə çıxış etmir?
Digər tərəfdən, Mərdanov xalası oğlu olmasa belə, Dəmirovla başqa formada qohum olduğunu niyə dilə gətirmək istəməyib?
Və nəhayət üçüncü məqam: keçmiş təhsil naziri bir daha "adının belə məsələlərdə hallandırılmasını" istəmədiyini deyib. Onun belə bir "özəl rica"da bulunmasının səbəbi nə ola bilər?
İstisna deyil ki, keçmiş nazir ona yaxın olan şəxsin görəvdən uzaqlaşdırılmasını, bu zaman öz adının ön plana çıxmasını, gimnaziyada müxtəlif vaxtlarda korrupsiya hallarına yol verilməsi barədə iddiaların da səslənməyə başlamasını təsadüfi saymır. Ehtimal var ki, o bunu özünə qarşı rəqiblərinin yeni həmləsi sayır və narahatdır. Odur ki, bir daha adının "belə məsələlərdə hallanmaması" üçün jurnalistlərə məxsusi xahiş edir.
İstisna deyil ki, Mərdanov adının Novruz Dəmirov olayı ilə bağlı təsadüfi gündəmə gətirilmədiyinə dair şübhələr içindədir. O da istisna edilməməlidir ki, sabiq təhsil nazirinin belə şübhələri heç də əsassız deyil.
Görünür, Misir müəllimi ona qarşı olan çevrələr hələ də sakit buraxmamaq niyyətindədirlər. Tamamilə mümkündür ki, keçmiş nazirin adının belə səpkidə mütəmadi gündəmə gətirilməsi isə Mərdanovun tamamilə "ofsayd"a salınmasına hesablanıb.
Günel Əkbər