Qubad İbadoğlu
Qubad İbadoğlu "mitinq" iradına cavab verdi
"Bundan harda gəldi istifadə etmək olmaz"
Müsavat başqanlığına iddialı Qubad İbadoğlu müsavatçıların ona tutduğu mitinqdə iştirak etməmək iradına münasibət bildirib.Q. İbadoğlu "facebook" səhifəsində bildirib ki, o, mitinqlərə mübarizənin hədəfi kimi baxmır: "Bəzi dostlarımız mənə irad tuturlar ki, mən mitinqlərdə iştirak etməmişəm. Mitinq adamı deyiləm. Onların düşüncəsi ilə mənim yanaşmam arasındakı fərq ondan ibarətdir ki, mitinqlərə, piketlərə, yürüşlərə mübarizəmizin hədəfi kimi deyil, mübarizədə bir vasitə kimi baxıram. Hesab edirəm ki, bu vasitələrdən siyasi şəraitdən asılı olaraq istifadə olunmalıdır. Ondan harda gəldi istifadə etmək və ya bütünlüklə imtina etmək olmaz. Lakin siyası mübarizədə mitinqi və bu kimi etiraz aksiyalarını son hədəf kimi qoymaq da düzgün yanaşma deyil".
Lakin bu, ona irad tutan müsavatçıları qane etməyib. Daha çox A. Hacılının tərəfdarı olan müsavatçıların buna reaksiyası belə olub: "Qubad bəy, sizi bir dəfə olsun mitinqdə görməmişik. İştirak etdiyiniz aksiyalar da QHT-lərlə bağlı olub. QHT-lərlə bağlı aksiya da kiminsə hansısa qurumda qrant məbləğini ala bilməməsidir. Bunun mübarizəyə, yaxud 3-4 polislə foto çəkdirib burda paylaşmağınıza heç bir aidiyyəti yoxdur".
Müsavat Partiyası başqanının həbsdəki müavini Tofiq Yaqublu partiya sədrliyinə namizədlər arasından öz seçimini edib. Hazırda həbsdə olan T.Yaqublu vəkili vasitəsilə "Yeni Müsavat"a göndərdiyi müraciətində açıq mətnlə Qubad İbadoğlunu dəstəklədiyini bəyan edib.
Müraciətdə deyilir: "Salam, hörmətli qurultay nümayəndələri!
Məndə olan məlumata görə, başqanlıq postuna dörd iddiaçı var: Səxavət Əlisoy, Arif Hacılı, Tural Abbaslı və Qubad İbadoğlu. Onların hər biri başqanlıq postuna layiqdirlər. Mənim düşüncəmə görə, əsas mübarizə Qubad İbadoğlu ilə Arif Hacılı arasında gedəcək və yəqin ki, siz artıq öz seçiminizi etmisiniz. Mən də öz seçimimi etmişəm, dəstəklədiyim namizəd Qubad İbadoğludur. Özüm də Qurultay nümayəndəsiyəm, həbsdə olmağım səbəbindən sesvermədə iştirak edə bilmərəm, amma həbsim müdafiə etdiyim namizədin lehinə təbliğat aparmağa maneə ola bilməz və bu, qaydalara tam uyğundur". Başqanlığa digər namizəd Tural Abbaslı isə daha sərt açıqlama ilə çıxış edib. "Hansısa namizədin xeyrinə geri çəkilmək, güzəştə getmək fikrim yoxdur".Bu barədə Müsavat başqanlığına namizəd Tural Abbaslı deyib.
Lakin T. Abbaslı bildirib ki, başqanlıq yarışında məğlub olmaq, yaxud qalib gəlmək kimi xüsusi prinsipi yoxdur: "Məğlub olaramsa, deməli, Müsavatda demokratik mühit var. Namizəd olmağın və namizəd olaraq uduzmağım, yaxud udmağım dəyərlidir. Lakin bu yarışda hansısa namizədin xeyrinə geri çəkilmək fikrim yoxdur".T. Abbaslı qeyd edib ki, ümumi idarəçilik məsələsində digər namizədlərlə birgə işləyə bilər.
"Tək mən yox, istənilən namizədi partiya üzvləri seçir, istər opponentləri, istərsə tərəfdarları. Qalib hər kəsə eyni mövqedən yanaşmalı, tək öz qrupuna yox, bütün partiyaya rəhbərlik etməlidir. Bütün partiyanı ağuşuna almağı, qucaqlamağı bacarmalıdır. Əks təqdirdə, həmin namizədin özü işləyə bilməz. Çünki Müsavat canlı mexanizmdir, onu hissələrlə idarə etmək mümkün deyil", - deyə başqanlığa namizəd açıqlayıb.Tural Abbaslı daha sonra Rəsul Quliyevçi kimi tanınan Zəminə Dünyamalıyevanı təhqir edib: "Zəminə xanım Azərbaycanda ən çox partiya dəyişən şəxsdir. Amma heç bir partiyada uğur əldə etməyib. Onun siyasi təcrübəsi çox idisə, bir-bir dəyişdiyi partiyalara tətbiq edərdi".T. Abbaslı qeyd edib ki, Müsavatda heç bir böhran vəziyyəti yoxdur. Onun sözlərinə görə, təmsil olunduğu partiya Azərbaycandan ən güclü partiyadır: "İsa bəyin rəhbərliyinə gəlincə, onu deyə bilərəm ki, bu şəxsin siyasi idarəçiliyi həm cəmiyyətə, həm də müsavatçılara bəllidir. İsa bəy kimi insanlar çox olsa bütün ölkə üçün müsbət dəyişikliklə olar. Zəminə xanımın İsa bəyin fəaliyyəti haqda danışmağa isə heç bir haqqı yoxdur. O gündəmə gəlmək üçün İsa bəyin adından istifadə edir".T. Abbaslı Z. Dünyamalıyevaya məsləhət görüb ki, gündəmə gəlmək üçün Rəsul Quliyev haqqında yeni açıqlamalar versin.
Qeyd edək ki, Z. Dünyamalıyeva bildirib ki, Müsavat artıq özünü idarə edə biləcək səviyyədə deyil.
"On il bundan əvvəl mətbuatda çıxış etmiş, İsa Qəmbərin çox səviyyəli şəkildə Müsavat başqanlığından getməsini arzu etmişdim. Həm də İsa Qəmbərin başqanlıqdan gedəcəyinə inandığımı ifadə etmişdim. Çünki mən İsa Qəmbəri belə görmək istəyirdim. Yəni xalqın etimadını, müsavatçıların ümid və hörmətini itirmədən, siyasətin pik nöqtəsində olduğu üçün siyasətdən getməsinin tərəfində idim. Çox təəssüflər olsun ki, İsa Qəmbər bunu özünə yaraşdırmadı. Nəticədə pik nöqtədən sıfır nöqtəsinə endi. İsa Qəmbər 10 il öncə başqanlıqdan getsəydi, Müsavat bu vəziyyətə düşməzdi", -deyə o bildirib.
Z. Dünyamalıyeva qeyd edib ki, xalq İsa Qəmbəri peşman edəcək.
Qeyd edək ki, Müsavat Partiyası qurultayını sentyabrın 27-nə təyin edib. Partiyada namizədlərin qeydiyyatı və seçki kampaniyasına rəsmən start verilib. Lakin rəsmi olaraq qeydiyyatdan keçən namizədlərin sayı birdir. Belə ki, gənc müsavatçıların namizədi olan Tural Abbaslı rəsmi olaraq başqanlıq iddiasını ortaya qoyub. Digər iddialılarsa Arif Hacılı, Qubad İbadoğlu və Səxavət Əlisoydur.
Elvin Rüstəmov