Con Kerrinin təşəbbüsü nə verdi?
Con Kerrinin təşəbbüsü nə verdi?
ABŞ yenədə dəqiq mövqe sərgiləmədi
Dağlıq Qarabağ problemi yenidən gündəmə gəldi. Bu dəfə ABŞ-in iştirakı ilə. Gəlin öncəliklə verilən rəsmi xəbərə diqqət yetirək. ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla NATO sammiti çərçivəsində keçirdiyi görüşdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində artan gərginliklə bağlı öz dərin narahatlığını ifadə edib. Birləşmiş Ştatlar hesab edirlər ki, döyüşlərin dayandırılması və Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşması iki ölkənin xalqlarına sülh və əmin-amanlıq gətirəcək, Cənubi Qafqaz regionunda stabilliyi təmin edəcək.
Bütün məsələləri nəzərə alaraq, Kerri tərəfləri atəşkəs rejiminin şərtlərinə hörmət etməyə, Azərbaycan və Ermənistan cəmiyyətinin sülhə hazırlaşdırılması üçün əlavə tədbirlər görməyə cağırıb.
ABŞ dövlət katibi iki ölkəni münaqişənin sülh yolu ilə həlli üçün tərəflərə kömək etməyə hazır olan ATƏT-in Minsk qrupu həmsədrləri ilə aparılan işi davam etdirməyə çağırıb. Kerri, həmçinin prezidentlərin münaqişənin tənzimlənməsinin əsas məsələləri üzrə dialoqu davam etdirmək barədə razılığını alqışlayıb.Ekspertlər hesab edir ki, Con Kerrinin təşkil etdiyi bu görüş sadəcə olaraq Rusiyaya qıcıq gətirmək və ABŞ-in regiondas mövcudluğunu təsdiqləmək üçün atılan addım idi. Yəni masa üzərində heç bir təklif olmayıb və verilən açıqlamadan da göründüyü kimi ümumi yanaşmalar olub. Daha doğrusu ABŞ bir daha sübut etdi ki, ona problemin həl olunması yox, sadəcə atəşkəsin qorunması lazımdır. Amma ekspertlər hesab edir ki, Avropa və ABŞ-in əsas addımı bundan sonra atılacaq. Belə ki, gözlənilir ki, yaxın aylarda Azərbaycan və Ermənistan prezidentlərinin Fransada görüşü baş tutsun. Bu görüş isə daha effektli ola bilər. Bununla bağlı "Unikal"a açıqlama verən Mübariz Əhmədoğlu maraqlı məqamlara aydınlıq gətirdi:"Fransanın hazırkı durumu, Azərbaycanla münasibətləri yetərli qədər normaldır və bu bir neçə amillə şərtlənir. Bunlar nədir? a) Azərbaycanla Fransanın münasibətləri müsbət artan dinamikaya malikdir və hər iki tərəf bu münasibətləri dəyərləndirir. b) Fransa hətta Azərbaycana hərbi texnologiya və silah satmağa başlayıb. c) Üçüncü arqument Azərbaycan prezidentinin Bastiliyanın alınması günü münasibətilə Fransa prezidentinə göndərdiyi təbrik məktubunun mətnidir. ç). Amma Azərbaycan görüş xatirinə görüşün əleyhinədir. Rəsmi Bakı Dağlıq Qarabağ tənzimlənməsinin praktiki mərhələsinin başlanmasına əsas yaradan sənədin imzalanması ilə başa çatan görüşün tərəfdarıdır".
M.Əhmədoğlu hesab edir ki, əslində Fransanın təşəbbüsünün bu günə qədər baş tutmamasının və iflasa yaxınlaşmasının əsas səbəbkarı Ermənistan və ABŞ-dır:" Nəyə görə? A) F.Oland Ermənistanda olarkən açıq mətnlə bildirdi ki, Dağlıq Qarabağ məsələsində ermənilərin tapdığı həll düzgün həll deyil, Olland Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşəbbüsünü irəli sürəndə əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin düzgün həllini tapmaq idi. Ermənilərin həllini düzgün hesab etməməklə Oland ermənilərə ciddi zərbə vurdu. Düzgünlüklə, həqiqətlə ermənilərin arasındakı məsafə Yerdən Ayadəkdir. Ona görə ermənilərin Ollanddan acığı gəldi. B) Ollandın Gürcüstan rəhbərliyi ilə Dağlıq Qarabağ tənzimlənməsini müzakirə etməsi də erməniləri qıcıqlandırdı. Çünki Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rola malikdir. Ermənistanın bəxti gətirib ki, Dağlıq Qarabağ tənzimlənməsində "Gürcüstan" adlı mexanizm işə düşmür. C) Ənənəvi ermənipərəst dövlət hesab olunan Fransada Dağlıq Qarabağ tənzimlənməsinə dair sənədin imzalanması dünya erməniləri üçün böyük zərbə ola bilərdi. Ç) Ermənistan prezidentinin Bastiliya günü ilə əlaqəli Ollanda göndərdiyi təbrik məktubu da Ermənistanın təhtəlşüurunun göstəricilərindən biridir".
M.Əhmədoğlunun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ tənzimlənməsində ədalətli tənzimlənmənin tərəfdarı deyil. Tərəfdarı olsaydı, ATƏT MQ həmsədrlərinin atəşkəs rejiminin 20 illiyinə həsr olunmuş bəyanatından üç gün qabaq fərqli mövqe ortalığa qoymazdı.
Toğrul Əliyev