Məcburi köçkünlərin pozulmuş hüquqları
Məcburi köçkünlərin pozulmuş hüquqları
Adam başına düşən məcburi köçkün əhalisinin sayına görə Azərbaycan dünyada ən yüksək göstəricilərdən birinə malikdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 20-ci əsrin sonlarında postsovet məkanında ən qanlı müharibələrdən birinə səbəb oldu.
Azərbaycan bu müharibə nəticəsində 20 faizə qədər ərazilərini itirdi, 1 milyona yaxın insan öz evindən qaçqın düşdü. Bu, II Dünya müharibəsindən sonra ən böyük qaçqın axını idi və Azərbaycan irimiqyaslı humanitar fəlakət təhlükəsi ilə üzləşmişdi. Müharibənin ilk illərində Dağlıq Qarabağdan və Ermənistan qaçqın düşən azərbaycanlıları inzibati binalarda, sanatoriyalarda, məktəblərdə, uşaq bağçalarında və digər yerlərdə çətinliklə də olsa yerləşdirmək mümkün olurdu. O çətin günlərdən illər keçsə də, bu gündə Azərbaycanda 1 milyona yaxın insan məcburi köçkün həyatını sürməkdə davam edir. Görülən bütün tədbirlərə baxmayaraq qaçqın və məcburi köçkünlərin humanitar və sosial vəziyyətində çətinliklər hələ də qalır. Çadır şəhərciklərini müasir tipli yeni binalar əvəzləsə də, məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası indiyədək davam edir.
Məcburi köçkünlük vəziyyəti artıq iyirmi ildən çoxdur ki, Azərbaycanda davam edir və bu da məcburi köçkünlərin problem və hüquq müdafiə ehtiyaclarının vaxt keçdikcə necə dəyişməsi və onların ehtiyaclarının ümumilikdə Azərbaycan əhalisinin ehtiyacları ilə necə müqayisə olunduğu barədə suallar doğurur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, 2013-cü ildə Komitə tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nda və həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə təsdiq edilmiş Əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib. İl ərzində bu sahə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 4 Fərman və Sərəncam, Nazirlər Kabineti tərəfindən 22 qərar və sərəncam qəbul edilib. 2003-2013-cü illərdə isə bu məqsədlə ölkə Prezidenti tərəfindən 52 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 170 qərar və sərəncam, Milli Məclis isə 10 qanun qəbul edib. Ötən il il ölkə başçısı aprelin 1-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınıb 13 ədəd 5 mərtəbəli yaşayış binasından ibarət məhəllənin, aprelin 16-da Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsinə inşa edilib 10 ədəd 9 mərtəbəli yaşayış binasından ibarət məhəllənin və sentyabrın 10-da Bərdə rayonunda 870 məcburi köçkün ailəsi üçün salınıb 15 ədəd 5 mərtəbəli yaşayış binasından ibarət məhəllənin açılışında iştirak edib.
Bakı Dövlət Universitetinin yataqxanalarında və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində 1440 ailə üçün yeni salınmış məhəlləyə, Mingəçevir şəhərindəki fin tipli qəsəbədə və orta məktəb binalarında müvəqqəti məskunlaşmış 502 ailənin həmin şəhərdə yeni inşa edilmiş yaşayış kompleksinə, Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış yeni məhəlləyə, Qəbələ rayonunda müvəqqəti məskunlaşmış 155 ailənin həmin rayonda inşa edilmiş 2 ədəd 5 mərtəbəli yaşayış binasına, Bərdə rayonunda müvəqqəti məskunlaşmış 870 ailənin həmin rayonda inşa edilmiş yaşayış kompleksinə, İsmayıllı rayonunda 45 məcburi köçkün ailəsinin yeni salınmış qəsəbəyə, İmişli rayonunda 2-ci mərhələ üzrə 225 ailənin yeni salınmış qəsəbəyə köçürülməsi təmin edilib. Bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə Gəncə şəhərində 1500 məcburi köçkün ailəsinə 25 ədəd 5 mərtəbəli yaşayış binası və 500 yerlik Mədəniyyət Sarayından (İncəsənət məktəbi ilə birlikdə) ibarət məhəllənin tikintisi başa çatdırılaraq 2014-cü il yanvarın 20-də açılışı olub. Eyni zamanda Sabunçu rayonunun Ramana qəsəbəsində 80 ailəyə 1 ədəd və Balakən rayonunda 45 ailəyə 1 ədəd 5 mərtəbəli yaşayış binalarının və Sabunçu rayonunun Ramana qəsəbəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün 300 şagird yerlik yeni binanın tikintisi başa çatdırılıb.
Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində 160 ailə üçün 2 ədəd, Qaradağ rayonunun «Ümid» qəsəbəsində 1-ci mərhələdə 200 ailə üçün 3 ədəd 5 mərtəbəli yaşayış binalarının tikintisi başa çatıb. Bakı şəhərindəki yataqxanalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədi ilə Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisindən ayrılmış 500 hektar torpaq sahəsində məcburi köçkünlər üçün yaşayış massivinin salınması ilə bağlı texniki şərtlər alınmış, kompleksin baş planı ilə birlikdə müfəssəl planının hazırlanmasına dair layihə tapşırıqları, layihə-axtarış işləri üçün smeta sənədləri hazırlanmış və birinci mərhələnin layihə işləri ilə bağlı müqavilə bağlanıb. Beləliklə, 2013-cü ildə 5.741 ailə və ya 28.700 nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, bu da 2012-ci ilə nisbətən 1.188 ailə və ya 5.935 nəfər çoxdur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 18 rayon (şəhər) icra hakimiyyətinə 553,1 min manat, qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında isə 31 ailəyə 36,7 min manat, cəmi 589,8 min manat məbləğində humanitar yardım verilib. Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış 11 min nəfərdən çox məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilib. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 72 obyektdə cari təmir işləri aparılıb. Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər onlara işıqlı, geniş mənzillərdə yaşamaq imkanı yaratsa da, Ermənistanın işğalçı siyasəti bu gün də məcburi köçkünlər işsizlik roblemi yaşayır.
Komitədən bildirilir ki, Dövlət Proqramının məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğunun azaldılması üzrə 2-ci bölməsində nəzərdə tutulan tədbirlərlə əlaqədar yeni iş yerlərinin yaradılması daim diqqət mərkəzində olub. Hesabat dövründə 1985, o cümlədən məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə 750 nəfər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 2244 nəfər daimi işlə, 4404 nəfər isə mövsümi işlə təmin olunub.570 nəfərə işsiz statusu verilmiş, 615 nəfərə işsizlik müavinəti təyin edilib. 455 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 185 nəfər isə ictimai işlərə cəlb olunub. Son 10 il ərzində isə 86,8 min nəfər müvafiq işlə təmin edilmiş, 4.340 nəfərə işsiz statusu verilib, 2716 nəfər peşə hazırlığı kurslarına, 1.901 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 16 min ailəyə ünvanlı sosial yardım verilib. Bununla belə Azərbaycan dövlətinin məcburi köçkün həyatı yaşayan vətəndaşlarına ayırdığı diqqət və qayğı onlara öz dogma yurd-yuvalarındakı imkanları açmır. Azərbaycanın 1 milyondan çox vətəndaşının məcburi köçkün həyatı yaşaması daim Beynəlxalq Təşkilatların diqqətinə çatdırılsa da, hələdə onların pozulmuş hüquqlarının bərpası istiqamətində beynəlxalaq təşkilatlar tərəfindən əməli iş görülmür. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyir ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən silahlı təcavüz nəticəsində zəbt edilməsi və nəticədə 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün düşməsi XXI əsrdə BMT-nin bir üzvünün digər üzvünə qarşı işğalçılıq siyasəti yeritməsi yolverilməzdir. Onun sözlərinə görə, bu gün dünyanın bəzi güclü dövlətləri BMT-nin sülh yaradıcı missiyasının funksiyalarını mənimsəyərək bir sıra maneçilik yaradırlar.
Millət vəkili Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini, yüz minlərlə insanın öz ev-eşiyindən məcburi köçkün düşdüyünü xatırladaraq, bu həmin insanların fundamental hüquqlarının kobud şəkildə pozulması kimi dəyərləndirir. O, Azərbaycan torpaqlarının Beynəlxalq İnsan Haqqları Bəyannaməsinin 40 illik yubileyi ərəfəsində işğal edildiyini də xatırladır: "Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı olan haqsızlığa və vətəndaşlarımızın qarşılaşdığı hüquq pozuntularına biganə yanaşır. BMT dünyada baş verən konfliktləri həll etmək üçün sülh yaradıcı missiya həyata keçirir. Bu missiya qəbul etdiyi qətnamələrlə konfliktlərin həllinə çalışır, lakin bəzi güclü dövlətlər bu funksiyanı öz nəzarətinə keçirməklə sanki dünyada sülh yaradıcı missiyanı həyata keçirir. Əslində isə onlar bununla mövcud funksiyaların qaydalarını pozurlar. Bu gün işğalçılıq siyasəti davam edir və beynəlxalq aləm bütün baş verənləri sükutla qarşılayır. Bu, onu göstərir ki, beynəlxalq qurumlar öz vəzifələrini lazımi şəkildə yerinə yetirmirlər. Bu isə insanların beynəlxalq hüquqlara olan inamlarını zəiflədir".
Mələk Eyvazlı