Hansı icra başçıları Hesablama Palatasının
Hansı icra başçıları Hesablama Palatasının "radarına" düşdü?

Qurum bir çox rayon rəhbərlərini təftiş etməyə qərar verdi

Azərbaycanda bəzi icra başçılarını çətin günlər gözləyir. Buna səbəb onların fəaliyyətinin təftişinə qərar verilməsidir.
Belə ki, Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Palatadan verilən məlumata görə, Kollegiyada dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan 2011-2013-cü illər və 2014-cü ilin birinci yarımili üzrə Masallı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Azərbaycanın İspaniya Krallığındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanılması və ödənilməsinə, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsi üzrə gəlir və xərclərin, o cümlədən, şöbənin saxlanılması xərclərinin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri barədə Hesabat və Rəylər geniş müzakirə olunub. Müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiyada, eyni zamanda, dövlət büdcəsindən Qazax Rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, Kürdəmir Rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından və Ağdaş rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramları müzakirə edilərək təsdiq olunub.
Əldə etdiyimiz məlumata görə, Hesablama Palatasının auditi adları çəkilən rayonlarla kifayətlənməyəcək. Belə ki, qarşıdakı müddətdə qurum başqa bir neçə rayonda da oxşar yoxlamalar həyata keçirəcək.
Son vaxtlar belə iddialar güclənir ki, hökumət gələn ilki parlament seçkilərində bəzi rayonların icra başçılarının əvəzlənməsi gündəmə gələ bilər. Bu,əsasən korrupsiya hallarının geniş yayıldığı, vətəndaşların yerli orqanlardan şikayətlərinin, narazılıqlarının səviyyəsinin yüksək olduğu rayonların rəhbərlərinə aiddir.
Onların əvəzlənməsi ilə hökumət həmin rayonlarda seçicilər arasında iqtidar namizədinin etimadını daha da artırmağı planlaşdırır.
İstisna deyil ki, Hesablama Palatasının rayon icra hakimiyyətlərində təftiş əməliyyatlarını intensivləşdirməyə başlaması da təsadüfi deyil. Həmin təftişlərin nəticəsi vurulacaq icra başçılarının siyahısının müəyyənləşdirilməsində həlledici rol oynaya bilər.
Ülviyyə Qasımlı