İcra başçısı vitse-qubernatorla görüşdü
Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyinin Rusiya Federasiyasının Həştərxan şəhərinə işgüzar səfəri çərçivəsində sentyabrın 9-da Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Həştərxan vilayəti hökumətinin sədri, vilayətin vitse-qubernatoru Konstantin Markelov və Həştərxan şəhərinin merinin vəzifələrini icra edən İrina Yeqorova ilə görüşlər keçirilib.
Həştərxan vilayəti hökumətinin sədri Konstantin Markelovla görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilib və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan K.Markelov qeyd edib ki, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün böyük işlər görülüb.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev ilə Həştərxan şəhərinin merinin vəzifələrini icra edən İ.Yeqorova arasında baş tutan rəsmi görüşdə Həştərxan və Azərbaycan arasında mövcud olan iqtisadi münasibətlərin daha da gücləndirilməsi, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, humanitar və sosialyönümlü tədbir və layihələrin təşəbbüskarı, eləcə də təşkilatçısı olan Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri həyata keçirilib və bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. Belə ki, Fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə region ərazisində sosial əhəmiyyətli bir sıra iri layihələr həyata keçirir. Həştərxanda Ulu Öndər Heydər Əliyevə abidə ucaldılıb. Onun adını daşıyan park və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulmuş, "Azərbaycan-Rusiya Dostluq Körpüsü" açılmış, Knyaz Vladimirin abidəsi ucaldılmış və "Meçta" uşaq əyləncə şəhərciyi salınıb.
Eyni zamanda, görüşdə Həştərxan şəhərində Heydər Əliyev adına 11 saylı məktəbin nəzdində Heydər Əliyev Fondu tərəfindən müasir memarlıq üslubunda inşası yekunlaşmaq üzrə olan yeni uşaq bağçasında aparılan son tamamlama işləri əsas müzakirə predmeti olub.
Qeyd olunub ki, işlər artıq yekunlaşmaq üzrədir və cari ilin sentyabr ayının sonunda bağçanın açılışı planlaşdırılır.