Fəhlə ölümünün artmasına səbəb nədir?
Fəhlə ölümünün artmasına səbəb nədir?

Ekspertlər Azərbaycanda tikinti mədəniyyətinin formalaşmadığını deyir

Bakı şəhəri Yasamal rayonu ərazisində aprelin 15-də saat 12:20 radələrində Mətbuat prospekti, 18 ünvanında tikilən hündürmərtəbəli binanın 11-cu mərtəbəsindən fəhlə yıxılaraq ölüb. Sabirabad sakini, 27 yaşlı Ziyafət Amanovun yıxılmasına iş zamanı təhlükəsizlik qaydalarına əməl etməməsi səbəb olub.

İşi araşdıran müstəntiq Asif Şıxəliyevin verdiyi məlumata görə, hazırda istintaq aparılır. Lakin ilkin araşdırmalar zamanı məlum olub ki, doğrudan da, Ziyafət Amanov işləyən zaman təhlükəsizlik kəmərini açıbmış. Bununla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikinti işlərinin aparılmasında təhlükəsizlik qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Bu bədbəxt hadisə təkcə Asif Şıxəliyevin həyatına son qoymayıb. Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumata görə, bu ilin 3 ayı ərzində Azərbaycanda istehsalatda ölümlə nəticələnən 10 hadisə baş verib. Ötən ildə istehsalatda bədbəxt hadisə nəticəsində ölənlərin sayı 97 olub, 2010-cu ildə isə 69 belə hadisə qeydə alınıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Məhərrəm Məhərrəmov istehsalatda ölüm hadisələrində əsas günahı işəgötürənlərdə görür: "Bütün bu işlərə biz nəzarət edirik. Amma hər gün bütün fəhlələrin böyründə durub onları izləyə bilmərik axı. Bizdə o qədər müfəttiş də yoxdur ki, hər bir fəhlənin yanında dayanıb, kəmərini bağla, dəbilqə tax desin".
Məhərrəm Məhərrəmov bildirdi ki, onlar bu sahədə təbliğat işlərini həyata keçirir. Bununla əlaqədar 28 aprel Ümumdünya Əməyin Mühafizəsi günündə "Yaşıl iqtisadiyyatda təhlükəsiz və sağlam əməyin təşviqi" şüarı altında tədbir də keçiriləcək.
Məhərrəm Məhərrəmov həmçinin onu da vurğuladı ki, istehsalatda təhlükəsizlik qaydalarına necə əməl edilməsi barədə monitorinqlər də keçirilir və hətta bir çox qanun pozuntuları aşkar edilib. "Əmək Məcəlləsinin 209-cu maddəsində də göstərilir ki, əməyin mühafizəsinin əsas prinsiplərdən biri işçinin həyatının və sağlamlığının müəsissənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulmasıdır. Əmək qanunvericiliyinin pozulmasına görə, 300-dən artıq işəgötürən 565 min 450 manat miqdarında cərimə etmişik", - deyə Məhərrəm Məhərrəmov vurğuladı.
Lakin görülən tədbirlər elə də effekt vermir və problem hələ də qalmaqdadır. Hələ də bəzi işəgötürənlər bu məsələyə biganə yanaşır, təhlükəsizlik məsələsindən çox, gəlir məsələsinə diqqət ayırır.
Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov isə bu məsələdə məsuliyyətin birbaşa Dövlət Əmək Müfəttişliyi Xidmətinin üzərinə düşdüyünü deyir. "Baxmayaraq ki, bu bizim işimiz deyil, lakin müfəttiş olaraq əməkdaşlarımız tikintidə olarkən fəhlələrin təhlükəsizlik qaydalarına necə əməl etdiklərinə diqqət yetirir. Baxırıq ki, fəhlə işləyərkən təhlükəsizlik qaydalarına riayət edilirmi, kəmər, dəbilqə və s. təhlükəsizlik geyimləri geyinilirmi. Hətta biz dəfələrlə tikintidə fəhlələrin təhlükəsizliyə əməl olunmaması ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat vermişik. Lakin heç bir faydası olmayıb", - deyə Xalid Nəcəfov vurğuladı.
Onun sözlərinə görə, əvvəllər tikintidə hansısa bədbəxt hadisə olanda, həmin tikinti müəssisəsinin baş mühəndisi, digər rəhbər nümayəndələri məhkəməyə cəlb edilirdi. Böyük miqdarda cərimələr var idi. İndi fəhlə ölür, araşdırılır, görürsən ki, onun heç müqaviləsi də yoxdur. "Tikintidə anlayışı olmayan kimsə çörəkpulu üçün gəlir işləyir. Heç ondan soruşmurlar ki, bu barədə anlayışın var, ya yox? Dəfələrlə olub ki, görürsən fəhlə, cavan uşaq, çıxıb hündür mərtəbədə işləyir. Heç bir kəmər bağlamayıb. Fəhlə özü anlamır ki, hadisə bir dəfə olur. Hündürlükdə, insan beynidir, bir anın içində başı gicəlləndi, yıxıldı. Dəfələrlə biz belə hallara müdaxilələr etmişik. Bəzən bizə tikinti şirkətləri tərəfindən irad da tuturlar ki, bu sizin işiniz deyil, bizə Dövlət Əmək Müfəttişliyi nəzarət edir", - deyə Xalid Nəcəfov bildirdi.
FHN rəsmisi burada əsas problemin Azərbaycanda hələ də tikinti mədəniyyəti deyilən anlayışın olmaması ilə əlaqələndirir. Ona görə də, kim harada istəyir, necə istəyir tikinti işləri ilə məşğul olurlar. Sadəcə tikinti üçün lisenziya alırlar, uyğun yer seçilir və işə başlanır. Lakin burada nə qədər fəhlə çalışır və çalışan fəhlələrin peşəkarlığı nəzərə alınmır. Xalid Nəcəfov burada qanunların gözəl yazıldığını, lakin həmin qanunların icrasında problem olduğunu düşünür: "Qanunla Dövlət Əmək Müfəttişliyi hansısa tikinti şirkətində səhərlər işə başlanmazdan əvvəl orada çalışan bütün fəhlələri təlimatlandırmalıdır. Qanunla hər şey öz qaydasında tənzimlənib, amma icrada buna layiqincə yerinə yetirilmir".
Paytaxtın müxtəlif ərazilərində gedən tikinti işlərini müşahidə edərkən doğrudan da, bir çox yerlərdə işçilərin təhlükəsizlik qaydalarına əməl etmədiyini görürük. Bəzi fəhlələrlə söhbət zamanı isə onların çoxunun təhlükəsizlikdən ümumiyyətlə bixəbər olduqlarını gördük. Bəziləri isə buna çox da önəm vermirlər. "Qoruyan Allah qoruyar", "Əsas puldur, qalanı isə Allahın əlindədir", "Mən ölümdən qorxmuram" və s. ifadələr işlədən fəhlələrlə söhbət zamanı çoxu jurnalsit olduğumu biləndə, ümumiyyətlə gözə görünmək istəmədi.
Əmək Hüquqları Müdafiəsi Liqasının (ƏHML) rəhbəri Sahib Məmmədov problemin aradan qaldırmağın əsas yolunu tikinti mədəniyyətinin yüksəlməsində görür. "Bilirsiz fəhlə ölümünün qarşısını almaq üçün ciddi tədbirlər görmək məsələsi bir az çətindir. Çünki inzibati məsuliyyət artırılsa, cərimələrin miqdarı artırılsa, bu effekt verməyəcək. Administrativ nəzarətin gücləndirilməsindən danışsaq, yoxlamar artacaq, bu zaman da sahibkarlıq biznesi inkişaf etməyəcək. Əsas məsələ tikinti mədəniyyətinin yüksəlməsidir. İşə götürən fəhləyə qul kimi baxmamalıdır".

Ziya Babayev