Həmkarlar Təşkilatlarının yoxluğu özəl sektorda işçilərin hüquqlarını qorumağa imkan vermir
Həmkarlar Təşkilatlarının yoxluğu özəl sektorda işçilərin hüquqlarını qorumağa imkan vermir

Ölkəmizdə işçilərin hüquqlarının qorunması üçün Həmkarlar Təşkilatlarının yaradılması qanunvericilikdə öz əksini tapsa da, çox təəssüf ki, bu gün adıçəkilən təşkilatların yaradılması bir çox müəssisələrdə əngəllənir. Həmkarlar Təşkilatlarının yaradılmasına əsasən özəl sektorda maneə yaradılır ki, bu da həmin sektorda çalışanların hüquqlarının müdafiəsinə imkan vermir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, əsasə problem Həmkarlar İttifaqının əhatə dairəsinin zəif olmasıdır: "Harada ki, Həmkarlar İttifaqı fəaliyyət göstərir, orda işçilərin hüquqlarının müdafiəsi sahəsində vəziyyət nisbətən yaxşıdır. Problem bu təşkilatların fəaliyyəti ilə yox, əhatəliliyi ilə bağlıdır. Həmkarlar İttifaqlarının əhatəliliyi xüsusən də özəl sektorda aşağı səviyyədədir. Bu gün işləyən kütlənin təxminən 30%-ni Həmkarlar İttifaqı əhatə edə bilir. Real işləyənlərin sayı isə 4 milyondan çoxdur. Bunların çoxu qeyri-formal əmək bazarında işləyirlər ki, bu səbəbdən heç biri Həmkarlar İttifaqının üzvü olmurlar. Çünki heç o sahələrdə Həmkarlar İttifaqları fəaliyyət göstərmir. Problem də buradadır ki, harada bu ittifaq varsa, orda bütün göstəricilər nisbətən normaldır. Məsələn, istehsalatda bədbəxt hadisələr, peşə xəstəlikləri daha aşağıdır. Demək olar ki, yox dərəcəsindədir. Burda ölüm hallarına demək olar ki, təsadüf olunmur. Bundan başqa, işçilərə məzuniyyət hüququ verilir, əmək müqavilələri bağlanır və s. Yəni, ən azından minimal qayda-qanunlara əməl olunur. Amma harada ki, Həmkarlar İttifaqı yoxdur, orda böyük problemlər yaşanır. Qanunvericiliyə görə, yerlərdə Həmkarlar İttifaqlarının yaradılması könüllüdür. Gərək bunu işçilər özləri yaratsınlar. Lakin bir çox şirkətlər buna imkan vermir. Hansısa yolla mane olurlar. Xüsusən də xarici şirkətlərdə belə hallar yaşanır. Ona görə də, düşünürəm ki, məhz bu məsələyə, Həmkarlar İttifaqı təşkilatlarının əhatəsinin genişləndirilməsinə önəm verilməlidir".
Hüquqşünas Əliməmməd Nuriyev isə deyir ki, Sovetlər dönəmində işçilərin hüquqlarını qoruyan ən böyük qurum Həmkarlar İttifaqı hesab olunurdu: " Lakin sonradan baxmayaraq ki, Həmkarlar İttifaqı haqda qanun qəbul olundu, onların səlahiyyətləri müəyyən olundu, bəzi hallarda bunlar formal xarakter daşıdı. Düzdür, müəyyən qədər Əmək Məcəlləsində də, bir sıra qanunvericilik aktlarında da Həmkarlar İttifaqının səlahiyyətləri artırıldı. Lakin bununla belə, o, yenə də işçilərin hüquqlarını tam qoruya bilmir. Çox təəssüflər olsun ki, bu gün bir çox orta və kiçik müəssisələrdə Həmkarlar İttifaqları yaradılmayıb. Onlar daha çox rəsmi büdcə təşkilatlarında mövcud olur. Amma bir sıra xarici şirkətlər var ki, onlar Həmkarlar İttifaqlarının qurulmasına mane olurlar. Digər tərəfdən bəzi yerlərdə işçilərin hüquqları pozulur, lakin Həmkarlar İttifaqı buna bitərəf yanaşır. Aydın şəkildə öz vəzifəsini yerinə yetirə bilmir. Ümumiyyətlə, bazar iqtisadiyyatına keçid edən ölkələrdə bir qayda olaraq şirkətlər çox zaman çalışırlar ki, Həmkarlar İttifaqları onların müəssisələrində olmasın. Lakin elə ölkələr də var ki, orda Həmkarlar İttifaqı kifayət qədər gücə malik bir qurumdur. Təəssüflər olsun ki, Azərbaycanda Həmkarlar İttifaqlarının təşəbbüsləri də çox az olur. Bu gün ölkəmizdə ilk növbədə Həmkarlar İttifaqının fəaliyyətini gücləndirməyə ehtiyac var. Digər tərəfdən görüləcək iş Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tərkibində Əmək Müfəttişliyinin fəaliyyəti ilə bağlıdır. Belə ki, bu müfəttişlik mütəmadi olaraq reydlər keçirməklə yerlərdə əmək müqavilələrinin bağlanıb-bağlanmamasına nəzarət edər. Eyni zamanda işçilərin hüquqlarının qorunması ilə bağlı digər məsələlər də nəzarətdə saxlanılır. Lakin çox təəssüf ki, bizdə Əmək Müfəttişliyi monitorinqlərə gedərkən əvvəlcədən müəssisələrə xəbər edir. Ona görə də, müəssisə rəhbəri müəyyən hazırlıqlar görür ki, formal baxımdan işçilərin hüquqlarının müdafiə olunduğu görünsün. Məsələn, elə göstərilir ki, bütün işçilərin əmək müqaviləsi var. Buna görə müfəttiş düşünür ki, hər şey qaydasındadır. Buna uyğun da akt tərtib edir. Halbuki, vəziyyət hər zaman belə olmur". Özəl sektorda Həmkarlar Təşkilatlarının olmaması işçiləri məzuniyyət hüququndan da məhrum edir. Yay yenicə bitməsinə baxmayaraq, məzuniyyət hüququndan məhrum olan minlərlə işçi var ki, yayın qorabişirən aylarını da iş başında keçirmək məcburiyyətində qalıb. Hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, bu, əmək qanunvericiliyinin ciddi surətdə pozulmasıdır: "Çünki işçilərə məzuniyyət verilməsi üçün hər işçi üçün qrafik müəyyən olunmalıdır. Həmin qrafikə də uyğun olaraq işçilərə məzuniyyət verilməlidir. Əgər hər hansı bir səbəbdən işçiyə məzuniyyət verilməsi mümkün olmursa, (o da ciddi səbəbdən olmalıdır, məsələn, ehtiyac var deyə yox) bu zaman işçiyə pul kompensasiyası verilməlidir. Əgər belə bir vəziyyət yoxdursa, normal halda məzuniyyət qanunda nəzərdə tutulan formada verilməlidir. Qanunvericiliyə əsasən, işçinin illik məzuniyyət vaxtı minimum 21 gün olmalıdır. İşçi ilə razılaşmaya əsasən, bu məzuniyyət hissələrə də bölünə bilər. Məzuniyyət təqvimlə hesablanır və bu 21 günə bayram günləri, həftə sonları da daxildir. Yalnız beynəlxalq əmək münasibətlərinə görə, işçi, əmək məzuniyyəti vaxtı xəstələnərsə, xəstəlik kağızını göstərdiyi təqdirdə o dövr məzuniyyətdən çıxılır, məzuniyyət uzadılır".
Hüquqşünas Azərbaycanda hələ əmək münasibətlərinin tam formalaşmamasının yaratdığı problemlərdən də danışıb: "Bütün bu hallara, işçilərin hüquqlarının qorunmasına Əmək Müfəttişliyi və Həmkarlar İttifaqı nəzarət etməlidir. Bir məsələ də var ki, belə hallar baş verəndə insanlar işlərini itirməmək xatirinə bu qurumlara müraciət eləmirlər, şikayətlərini çatdıra bilmirlər. Bu da Azərbaycanda əmək münasibətlərinin hələ tam olaraq formalaşmamasından irəli gəlir. Üstəlik bu təkcə özəl şirkətlərdə deyil, ayrı-ayrı dövlət qurumlarında, təşkilatlarda da baş verir. Bəzilərində olur ki, işçilər özləri də məzuniyyətə çıxmağa maraqlı olmurlar. Çox hallarda isə, rəhbərlik özü işçini buraxmır".
Digər mütəxəssislər də deyirlər ki, məzuniyyət hüququ pozulanlar ilk növbədə işlədiyi müəssisə ilə danışıqlar aparmalıdırlar. Qanunun müvafiq maddələri ilə hüququnu tələb etməlidirlər. Müraciətdən sonra müvafiq dövlət qurumu həmin müəssisədə monitorinqlər təşkil edir. Bunun üçün əmək müqaviləsinin əsli və ya surətini, əmək kitabçasını, şəxsiyyəti təsdiq edən sənədi və iddia ərizəsini məhkəməyə təqdim etmək lazımdır. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq, belə müəssisə rəhbərləri 1500- 2000 manat məbləğində cərimələnirlər. Və məhkəmə tərəfindən işçinin hüququnun məcburi bərpası ilə bağlı göstəriş verilir. Lakin Azərbaycanda işçilərin bu təcrübədən istfiadə etməsinə nadir hallarda rast gəlinir.
Onu da bildirək ki, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Qanunvericilik əmək şəraiti və əmək funksiyalarına görə ayrı-ayrı kateqoriyadan olan işçilərə əmək məzuniyyətinin fərqli müddətlərini müəyyən edib.
Neftçilərin hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə bildiri ki, Azərbaycanda fəaliyyət göstərən əksər transmilli şirkətlərdə həmkarlar təşkilatları yoxdur: "Çünki belə şirkətlərin rəhbərləri həmkarlar təşkilatlarının yaradılmasında maraqlı deyillər. Məhz bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən əksər yerli və xarici şirkətlərdə həmkarlar təşkilatlarının olmaması işçilərin əmək və sosial hüquqlarının pozulması ilə nəticələnir. Artıq bu proses uzun müddətdir ki, davam etməkdədir".
O deyir ki, zaman-zaman bu istiqamətdə mübarizə aparılsa da effektli nəticə əldə etmək mümkün olmayıb: "Əsas səbəbi də idarə və müəssisələrin həmkarlar təşkilatlarına qarşı ögey münasibətidir. Belə münasibət mülkiyyət formasından asılı olmayaraq əksər təşkilatlarda müşahidə olunur. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda işçilərin kütləvi şəkildə əmək və sosial hüquqlarının pozulması davam edir. Çünki işçinin pozulmuş hər hansı əmək və sosial hüquqlarının bərpası ilə bağlı danışıq apara biləcək qurum yoxdur. Aydındır ki, iri şirkətlərdə sıravi işçilərin rəhbər şəxslər, yaxud adi menecerin qəbuluna düşüb pozulmuş hüquqlarının bərpasını tələb etmək elə də asan məsələ deyil. Reallıqda sadə işçilər mühafizəçilərin əlindən heç rəhbərlərin həndəvərinə düşə bilmirlər. Ancaq belə problemlərin rəhbərlik qarşısında qaldırılması həmkarlar təşkilatlarının birbaşa vəzifəsidir və praktika göstərir ki, belə fəaliyyətin səmərəli nəticəsi mümkündür".