Rəqabət Məcəlləsindən nə xəbər var?
Rəqabət Məcəlləsindən nə xəbər var?
Vahid Əhmədov: "Hər dəfə danışırıq, narazılığımızı bildiririk, amma..."

"Rəqabət Məcəlləsinin qəbuluna ciddi ehtiyac duyulur və nəhayət, bu sənəd parlamentin müzakirələrinə çıxarılıb qəbul olunmalıdır". Bu sözləri Milli Məclisin İqtisadi siyasət komitəsinin dünən keçirilən iclasında millət vəkili Vahid Əhmədov dilə gətirib.
Onun sözlərinə görə, Azərbaycanda haqsız rəqabətin, monopoliyanın qarşısının alınması, bazar münasibərlərinin normal qaydada tənzimlənməsi üçün Rəqabət Məcəlləsinin qəbulu olduca zəruri və vacibdir: "Bu məcəllə artıq 10 ilə yaxındır ki, qəbul olunub başa çatdırılmır. Hər sessiya başlananda bu haqda danışırıq, narahatlığımızı bildiririk, ancaq sonda dəyişən heç nə yoxdur. Məcəllənin qəbulu hər dəfə təxirə salınır. Belə olmaz. Hesab edirəm ki, nəhayət, Rəqabət Məcəlləsi payız sessiyasının müzakirələrinə çıxarılmalı və qəbul olunmalıdır".
V.Əhmədovun fikirləri həmkarı Əli Məsimli tərəfindən də dəstəklənib. O qeyd edib ki, həqiqəqən də Azərbaycanda belə bir qanuna ehtiyac var: "Doğrudan da, belə bir məcəllənin qəbuluna böyük ehtiyac var. Bu məcəllənin qəbulu ölkədə haqsız rəqabətin, monopoliyanın aradan qaldırılmasına öz töhfəsini verəcək. Demirəm ki, bu məcəllənin qəbulu ilə hər şey düzələcək, amma hər halda onun çox böyük və müsbət təsiri olacaq".
Sözügedən komitənin sədri Ziyad Səməzadə də Rəqabət Məcəlləsinin qəbuluna tərəfdar olduğunu deyib və əlavə edib ki, bu sənədin təşəbbüsçüsü olan İqtisadiyyat və Sənaye Nazirliyi bu yöndə hökumətlə müzakirələr, məsləhətləşmlər aparır.
Aliyə