Əli Bayramovun istintaqa cəlb olunması reallaşır
Əli Bayramovun istintaqa cəlb olunması reallaşır
"Aqrolizinq" ASC-nin sabiq rəhbəri işçisinin əliylə həbs oluna bilər

Məlum olduğu kimi, "Aqrolizinq" ASC-nin Təsərrüfat Hesablı İmişli rayon "Aqroservis" filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorlunun məlumatına görə, istintaq zamanı filialın müdiri Razi Talıbzadənin filialın mütəxəssis iqtisadçı-mühasibi İmamverdi Gözəlov və anbardarı İlqar Məmmədovla qabaqcadan əlbir olaraq filialın anbarında saxlanılan müxtəlif növ mineral gübrələrin bir hissəsinin faktiki olaraq müvafiq sənədlər olmadan kənd təsərrüfatı istehsalçılarına və ayrı-ayrı şəxslərə satmaq, bir hissəsinin isə şəxsi təsərrüfatında istifadə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ümumilikdə 725 min manat məbləğində pulu ASC-nin hesabına mədaxil etməyərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib. İstintaq nəticəsində vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib.Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladırıq ki, Baş Prokurorluq qaldırılan cinayət işini Azərbaycan Hesablama Palatasından daxil olmuş materiallara istinad etmişdi.
"Unikal" bu mövzu ilə bağlı vaxtaşırı araşdırmalar aparıb. Bundan əvvəlki saylarımızda da Əli Bayramovla bağlı faktlar sadalanıb və onun da məsuliyyətə cəlb olunacağını bildirmişdik. Ancaq adəti üzrə Əli Bayramov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılması və yaxın zamanlarda həbs olunacağı barədə bir sıra mətbu orqanlarda yayılan məlumatlara münasibət bildirib. Ancaq Əli Bayramov yenə də hər hansı bir arqument gətirmədən təkzib etməyə çalışır.
Amma məsələ ondadır ki, Ə.Bayramov yaxasını nə qədər kənara çəkməyə çalışsa da, məsuliyyətdən yaxa qurtara bilməyəcək. "Unikal"ın əldə etdiyi məlumata görə, artıq istintaqın elə mərhələsi yetişib ki, Əli Bayramovun həbsi gündəmə gələ bilər. Hər halda, yaxın günlərdə mənbəmizin nə qədər həqəqəti danışdığı bəlli olacaq.
Qərib Gərayzadə