Mahir Aslanovun başı biznesinə qarışıb
Mahir Aslanovun başı biznesinə qarışıb

Deputat parlamentdəki fəaliyyətini "Kəpəz Holdinq"in işlərinə qurban verir

Azərbaycanda qanunla deputatların bizneslə məşğul olması qadağan edilsə də, bu sadəcə, kağız üzərindədir. Əslində, bu gün Milli Məclisdə təmsil olunan millət vəkillərinin əksəriyyətinin biznesləri var və onların hamısı bu işi qapalı şəkildə həyata keçirməkdədirlər.

Qeyd edək ki, həmin deputatlardan biri də Goranboydan seçilmiş Mahir Aslanovdur. Gültəkin Hacıbəylinin yerinə parlamentə mandat almış bu şəxsin xeyli əvvəldən böyük biznesə malik olduğu deyilir. Bu barədə məlumat verən mənbələr bildirirlər ki, "Kəpəz Holdinq"ə sahib olan Mahir Aslanovun şirkətlər qrupunda bütün sahələri əhatə edən biznes şəbəkələri mövcuddur. Parlamentin ən varlı nümayəndələrindən biri hesab olunan sözügedən şəxsin nəzarətindəki "Kəpəz Holdinq"in əsas fəaliyyət istiqaməti otellər şəbəkəsi və mebel biznesidir.
Bizə çatan məlumatlara görə, sözügedən holdinqin nəzarətindəki ən böyük otellər şəbəkəsi "Happy İnn" otelləridir. İnqilab küçəsində əsas binası yerləşən bu otelin başqa yerlərdə də şəbəkələri mövcuddur. Hətta o da deyilir ki, "Eurovizion" Musiqi Müsabiqəsinə ciddi şəkildə hazırlaşan Mahir Aslanov bu prosesdən böyük pul qazanmaq fikrindədir.
Şirkətlər Qrupunun ikinci əsas gəlir sahəsi "Kəpəz" Mebel Salonudur. Bu salon da İnqilab küçəsində yerləşir və dövriyyəsinə görə, heç də digərlərindən geri qalmır. Mahir Aslanovun nəzarətində olan salonlar şəbəkəsinin əsas yardımçısı isə Dizayn Şirkətidir. Bundan başqa, deputatın biznesinə tikinti sektoru da daxildir. Hazırda Bakının bir çox yerlərində bina inşa edən şirkətin təklif etdiyi mənzillər də ən bahalılar içərisindədir.
Qeyd edək ki, Gültəkin Hacıyeva kimi aktiv bir deputatı əvəzləyən Mahir Aslanovun parlamentdə bir o qədər səsi gəlmir. "Susqun deputatlar" sırasında əsas yerlərdən birini tutan sözügedən şəxsin belə bir mövqe sərgiləməsi isə birbaşa başının biznesinə qarışması ilə izah olunur.
Mənbə bildirir ki, Goranboy camaatı da onun fəaliyyətindən narazıdır. Belə ki, rayona nadir hallarda görünən, onu da İcra Hakimiyyətinin binasına keçirən deputatın əhali ilə görüşməməsi onlarda narazılıq yaradıb. Seçiciləri deyirlər ki, Mahir Aslanova rayonun problemləri ilə bağlı göndərdikləri şikayətlərə də baxmır. Üstəlik, onun qəbuluna düşmək də mümkün deyil. Belə olan halda, onun parlamentdə nə işlə məşğul olduğuna təəccüb edirlər.

İnformasiya Şöbəsi