"Hafiz Məmmədovla Ziya Məmmədov arasında heç bir şəriklik olmayıb, ola da bilməz"
"Hafiz Məmmədovla Ziya Məmmədov arasında heç bir şəriklik olmayıb, ola da bilməz"

Elton Məmmədov: "Bu gün Ziya Məmmədovun əleyhinə kampaniya aparanlar cənab prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanda yaranan ictimai-siyasi sabitliyi istəməyən şəxslərdir"

Son zamanlar Nəqliyyat naziri Ziya Məmmədovla bağlı mətbuatda bir sıra informasiyalar dolaşmaqda, Məmmədovların artıq hakim düşərgədə mövqelərini itirdikləri ilə bağlı fikirlər səslənməkdədir. Bununla bağlı millət vəkili Elton Məmmədovla görüşərək bir sıra məqamlara aydınlıq gətirdik.

- Elton müəllim, niyə son zamanlar cəmiyyətdə insanların bir-birlərinə nifrəti bu qədər çox artıb? Sizcə, bunun səbəbi nədədir?
- Düşünürəm ki, bunun səbəbi ilk növbədə insanların mənəvi baxımdan zəngin olmaması ilə bağlıdır. Yəni, cəmiyyətdə müəyyən təbəqənin bu istiqamətdə vaxtında maarifləndirilməməsi, yaxud özlərinin maariflənməyə meylinin olmaması belə bir mənzərənin yaranmasına səbəb olur ki, insanlar bir-birinə ziddiyyətli mövqelərdə dayanırlar.
- Ucarda Məmmədovların tayfa olaraq qan düşmənləri olubmu?
- Xeyr, olmayıb.
- Bəs, niyə Məmmədovlara qarşı kampaniya aparılır, düşmən münasibəti sərgilənir. Hətta Ziya Məmmədov "Unikal"a müsahibəsində bildirmişdi ki, bu kampaniyanın arxasında onu istəməyən qüvvələr dayanır. Məmmədovlara qarşı belə bir münasibətin kökündə nə dayanır?
- Mən onlara düşmənlər deməzdim, onları gözügötürməyənlər adlandırmaq olar. Düşmən tamamilə başqa bir şeydir. Rəhmətlik atam və ondan əvvəlki ata-babalarımızdan tutmuş indiyə kimi hörmətli, nüfuzlu nəsil olmuşuq. Əfəndi nəsli ziyalı bir nəsil olub. 19-cu əsrin ortalarında mənim ana babam Həcc ziyarətinə gedən ilk zəvvarlardan olub. Özü də o, öz dəvə karvanı ilə Həccə gedən zəvvarlardan olub. Yəni, təmsil olunduğumuz nəsil böyük nəsildir. Azərbaycanın maariflənməsində önəmli xidmətləri olub. Dədə Qorqud filmində diqqət etsəniz, filmin çəkilişində böyük məsləhətçi olan Yahya Əfəndizadə mənim ana dayım olub. O, bizim kənddə ilk peşə təmayüllü məktəb tikdirən alimlərdən biri olub. Onların əmioğluları o vaxtkı Qutqaşenin Bum kəndinə əhalinin maarifləndirilməsi üçün göndərilən şəxslərdən olublar. Yəni, bizim hansı nəslin nümayəndəsi olduğumuz ortadadır. Mən bunu həmişə demişəm, indi də deyirəm, bizlərə qarşı qısqanclıq mövqeyində olanlar var. Çünki görürlər ki, Məmmədovlar, konkret olaraq, Ziya Məmmədov, Elton Məmmədov cənab prezidentə sədaqətlə xidmət edən, öz vəzifələrini icra edən insanlardır. Mən, xalq tərəfindən seçilmiş, ucarlıları üç çağırış Milli Məclisdə təmsil edirəm. Deputat statusuna uyğun, bu səlahiyyətlər çərçivəsində üzərimə düşən bütün vəzifələri icra etməyə çalışıram. Həm qanunvericilik bazasının formalaşmasına, həm də regionumuzda olan problemlərin, seçicilərin gündəmə gətiryi problemlərin həllində əlimdən gələni etməyə çalışmışam. Hesab edirəm ki, bu da dövlət quruculuğunda ölkə rəhbəri üçün önəmli məsələdir. Bu məsələlərin gündəmə gətirilməsi, sosial problemlərin zamanında həlli, ümumilikdə regionlarda problemlərin vaxtı-vaxtında həll olunması və istiqamətləndirilməsi vacibdir.
Ziya Məmmədova gəlincə, demək istəyirəm ki, qısqanclıq mövqeyində olan insanlar, onun ölkə rəhbərinə sədaqətini, icra hakimiyyətinin müvafiq orqanının rəhbəri olaraq, həmin sahədə gördüyü işlər insanların gözü qarşısındadır. Cənab prezidentin rəhbərliyi və onun tövsiyyələri ilə yol nəqliyyat infrastrukturunun qurulması, aparılan islahatlar, ölkə başçısının sərəncamı ilə şəhər nəqliyyatının, ümumilikdə nəqliyyat sisteminin təkmilləşdirilməsi və bütün bunların icraya yönəlməsi, qarşıya qoyulan işlərin həyata keçirilməsi müəyyən insanları qıcıqlandırır. Bu gün Ziya Məmmədovun əleyhinə kampaniya aparanlar cənab prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanda yaranan ictimai-siyasi sabitliyi istəməyən şəxslərdir.
- Mətbuatda son günlər yayılan məlumatlardan biri də odur ki, Ziya Məmmədov Abbas Abbasovla telefonla danışdığına görə yuxarı dairələrdə nüfuzunu itirib və buna görə istefaya göndəriləcək. Qardaş olaraq, soruşmusunuzmu ki, belə bir zəng olub, ya yox?
- Mən sizi əmin edirəm ki, elə bir zəng olmayıb və ola da bilməz. Ziya müəllim kifayət qədər öz mövqeyini qoruyan, ölkə rəhbərinin siyasətinə sədaqətlə xidmət edən və prezidentə sədaqətində daim öndə olan, örnək olası insandır. Təbii ki, mən hər zaman demişəm ki, bir qardaş kimi Ziya Məmmədovla fəxr edirəm. Onun dövlətçiliyə, xalqına bağlılığı ilə və zəngin mənəviyyata sahib olması ilə qürur duyuram. Mən də bir ziyalı kimi onun dövlətçiliyə xidmətlərini yüksək dəyərləndirirəm. Ziya Məmmədov mənən zəngin insandır, gözəl ailə başçısıdır, yaxşı rəhbər, nazirdir, gözəl dostdur, qardaşdır.
- Nazir qardaşı olmaq nə qədər çətin işdir?
- Nazir qardaşı olmaq bax, bu məsələlərə görə çətindir. İctimaiyyətdə müəyyən məsələlər çıxır ki, o zaman problem yaşanır. O, nazir postuna gələnə qədər keşməkeşli həyat keçib. Bütün bunlardan sonra ictimaiyyətdə belə məsələlər ortaya çıxanda narahatlıq yaranır. Əldə olan nailiyyətlərdən qıcıqlanan insanlar hansısa mənfi yüklü kampaniya aparanda müəyyən çətinlik çəkirsən. Həyəcanlanırsan ki, bu insanlar məsələnin dərinliyini bilmədən haqqı qoyub nahaqq yola gedirlər. Haqq isə ondan ibarətdir ki, bu günə kimi görülən işlər bizə əsas verir ki, Ziya Məmmədovun bir azərbaycanlı və nazir olaraq gördüyü işləri və vətəndaşlıq mövqeyini görüb qürur duyaq.
- Söhbətə başlayanda razılaşdıq ki, səmimi bir söhbət edək. Mən də səmimi etiraf edim ki, Sizi bu qədər intellektual, dünyagörüşlü insan kimi təsəvvür eləmirdim. Niyə Sizi olduğunuz kimi görə bilmirik?
- Bunun səbəbini deyə bilmərəm. Amma mən hər zaman ictmaiyyət, mətbuat üçün əlçatan insan olmuşam. Heç vaxt özümü mətbuatdan təcrid etməmişəm. Gənclik, tələbəlik illərindən, bugünkü elmlər doktorluğuna qədər, komsomoldan tutmuş, həmkarlar, nəzarət komitələri, partiya təşkilatında rəhbər vəzifələrdə işləmişəm. Bu günə kimi də Azərbaycanın ictimai-siyasi həyatında üzdə olan insanam. İctimaiyyətin müəyyən təbəqəsi bütün bunları bilir. Amma digər qeyd etdiyim o qara qüvvələr yaxşı bir şey görəndə yazmırlar. Ona görə də həmin rəylər o cür insanların apardığı əsassız kampaniyadan qaynaqlanır.
- Mətbuatda o da bildirilir ki, Məmmədovlar Azərbaycanda ən çox kapitalı olan nəsillərdən biridir. Həqiqətənmi, Sizin milyardlarınız var?
- Heç bir şey Allahdan gizli deyil. Düzünü Allah bilir. Bizim qazancımız, ən böyük kapitalımız xalqa xidmətdir. Mənəviyyatı zəngin olan hər bir nəsil, hər bir xalq ən zəngin dövlətdir. O baxımdan düşünürəm ki, biz həqiqətən də zənginik. Kimlərsə maddi baxımdan zənginlik barədə düşünürlərsə, yanılırlar. Amma bu, bir həqiqətdir ki, mənəviyyat baxımından çox böyük kapitalımız var. Ziyalı nəsliyik, hamımız ali təhsilliyik. Mən Azərbaycanda elmə müdaxilə sahəsində, müasir tələblərə uyğun, nanotexnologiya üzrə ilk elmlər doktoruyam. Bu barədə sevinirəm, ixtiralarım, aldığım patentlər, elmi tədqiqatlarım artıq nanoneft dövlət proqramına daxil olub. Yəni, neftçıxarmada artıq mənim nanotexnologiya və nanomateriallar sahəsində tədqiqatlarımdan istifadə olunacaq.
- Deputat olmağınız yəqin ki, elmlə daha əhatəli məşğul olmağınıza problem yaradır. Nə əcəb millət vəkilliyini qəbul elədiniz?
- Əslində, problem yaratmır. Çünki mən elmlə lap gənc vaxtlarımdan məşğul oluram. Mən texnikum bitirmişəm, əla oxuduğuma görə fərqlənmə diplomu almışam, onun nəticəsində əlaçı tələbə kimi o vaxtkı zaqafqaziya komsomol məktəbinə göndərilmişəm. Ondan sonra ali təhsil almışam. Ali təhsil ala-ala aspiranturaya daxil olmuşam. 11 il Şərqi sibirdə müəyyən vəzifələrdə və yüksək dövləti postlarda çalışmışam. 89-cu ildə bu hadisələr cərəyan edəndə qərar verdim ki, bu təcrübəm, elmimlə dövlətimə, xalqıma xidmət etməyim daha önəmlidir. O acınacaqlı vaxtlarda yüksək vəzifədən imtina edərək Azərbaycana gəldim.
- Uşaq vaxtı Siz Ziya Məmmədovu qoruyurduz, yoxsa o, Sizi qoruyurdu?
- Biz bir-birimizi daima qorumuşuq. Çünki biz ailədə çox uşaq olmuşuq, altı qardaş, dörd bacı. İndiyə kimi də biz bacı və qardaşlar arasında heç bir narazılıq olmayıb.
- Ziya Məmmədovun adı hallananda ən çox Elton Məmmədov adı çəkilir, bu nə ilə bağlıdır?
- İctimaiyyəti qıcıqlandırmaq üçün təbii ki, vəzifəlinin adını çəkərlər. Onu da mən təbii qəbul edirəm ki, Elton Məmmədov Ziya Məmmədovun qardaşı olaraq, üzdə olan bir insandır. Siz fikir verin, mənim haqqımda nə qədər yazılar getsə, yazırlar ki, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı deputat Elton Məmmədov. Mən bir dəfə həmkarlarınızdan birinə sual verdim ki, hər bir vətəndaşa şəxsiyyət vəsiqəsi verilir və hər kəs özünə görə məsul şəxsdir, məndən yazırsınızsa, niyə Ziya Məmmədovun adını hallandırırsınız. Bax, mən bu cür yanaşmaları düzgün qəbul etmirəm.
- Son günlər iş adamı Hafiz Məmmədovla bağlı gündəmə gələn məsələlərdə, evinin boşaldılmasında Ziya Məmmədovun adı hallanır. Bu barədə nə deyə bilərsiniz?
- Bilirsiniz, Azərbaycanda qəribə tendensiya var. Bir nəfərlə salam-aleykum edirsən, o dəqiqə onu səninlə şərik elan edirlər. Bu gün sizinlə bir yerdə oturub çay içirik, sabah deyəcəklər ki, Elton Məmmədovla Eldəniz Elgün işbirliyindədir. Əslində, kiminsə kimləsə dostluq etməsinin heç bir ziyanı yoxdur. Hafiz Məmmədov da bu cəmiyyətin üzvüdür, işgüzar bir insandır. İş görən bir insan 10 manatını 20 manat etmək üçün banklara müraciət etməlidir. Əgər bir iş adamı 100 milyonluq iş görürsə, onun 150 milyon borcu da ola bilər. Bu, dövriyyədir, işdir. Kimsə qazandığı beş manatı cibinə qoyur, qalanı isə işə xərclənir. Hafiz Məmmədovun evinin boşaldılmasının Ziya Məmmədova nə dəxli var?
- O fikirlər də səslənir ki, Hafiz Məmədovun Ziya Məmmədovla münasibətlərinin korlanmasından sonra ona qarşı təzyiqlər daha da artıb...
- Mən dəfələrlə demişəm, yenə də nəzərə çatdırıram ki, Hafiz Məmmədovla Ziya Məmmədov arasında heç bir şəriklik, digər münasibətlər olmayıb, ola da bilməz. Ona görə də Hafiz Məmmədova o işdə Allahdan uğurlar diləyirəm. İş adamıdır, hər şey ola bilər. Düşünürəm ki, onun əmlakının dəyərini banklar düzgün qiymətləndirəcək və qanuna uyğun addımlar atılacaq, dövlət öz borcunu alacaq. Yəni, hər şey hüquq müstəvisində həll olunacaq. Bir sözlə, hər şey öz həllini tapacaq.
(ardı var)
Söhbətləşdi:
Eldəniz Elgün