Politoloq: "Ermənistanın beynəlxalq aləmdə nüfuzu xeyli aşağıdadır və ictimai şüur bunu adi hal kimi qəbul edir"

Ermənistanın beynəlxalq aləmdə nüfuzu xeyli aşağıdadır və ictimai şüur bunu adi hal kimi qəbul edir. Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, prezident Serj Sarkisyan BMT BA-nın 69-cu sessiyasında iştirak etmək məqsədilə ABŞ-da oldu, bir sıra əlavə tədbirlərdə iştirak etdi, ABŞ-a səfərinin müddətini bir qədər uzatdı. Bununla belə, Vaşinqtonun heç bir təmsilçisi Ermənistan dövlət başçısı ilə görüşmədi: "NATO-nun Uels sammiti zamanı Böyük Britaniya və tədbirdə iştirak edən digər dövlət rəsmilərindən də heç kim S.Sarkisyana vaxt ayırmadı; İtaliya rəsmiləri Ermənistan prezidentinin İtaliyada olmasına reaksiya vermədilər, onu qəbul etmədilər. S.Sarkisyanın ölkəsinin Aİ-yə inteqrasiya mövzusunu yenidən aktuallaşdırıb. Aİ-nin xarici siyasət məsələləri ali təmsilçisi İtaliyanın xarici işlər naziri F.Moqerinidir. S.Sarkisyanın onunla görüşə can atmasına baxmayaraq, görüş baş tutmadı; S.Sarkisyan Vatikanda səfərdə olarkən Vatikan heç bir məsələdə Ermənistana dəstək vermədi. Vatikan ermənilərin "xristianlığı qəbul edən ilk dövlət" olması tezisini rədd edir. Roma Papası Fransisk "erməni soyqırımı" terminini işlətmədi. Dağlıq Qarabağ tənzimlənməsində də Vatikan rəsmiləri erməniləri qane edən mövqe bildirmədilər.
M.Əhmədoğlu vurğulayıb ki, Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın mövqeyi əks-effekt yaradır: "Təmsilçiləri Dağlıq Qarabağa səfər edən ölkələrin xarici işlər nazirləri Azərbaycanın notasına cavab olaraq "Dağlıq Qarabağ"ın müstəqilliyini tanımadıqlarını, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edirlər; AŞPA-da ermənilər ciddi məğlubiyyətlə üzləşdilər. AŞPA "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərdə gərginliyin artması" adlı məruzənin hazırlanması barədə qərar qəbul etdi və Böyük Britaniyadan olan deputat R.Valteri məruzəçi təyin etdi. Bununla yanaşı, Ermənistan rəsmiləri beynəlxalq aləmin adından yalan danışmaqda davam edirlər. Yalanları üç qrupa təsnif etmək olar: Birincisi, guya Dağlıq Qarabağ tənzimlənməsində Ermənistan və beynəlxalq ictimaiyyətin mövqeyi eynidir, amma rəsmi Yerevanın mövqeyində dəyişiklik də hiss olunur. Azərbaycanı həmsədrlərin ortalığa qoyduğu sənədləri qəbul etməməkdə ittiham edən Ermənistan prezidenti və xarici işlər naziri bu mövzuda əvvəlkilərdən fərqli iki mövqe ortalığa qoydular. Xarici işlər naziri Edvard Nalbandyan son 5 ildə ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırladıqları sənədlərdəki prinsipləri qəbul etməyə hazır olduqlarını bildirdi. S.Sarkisyan isə bir az da uzağa gedərək ATƏT-in tənzimləmə variantını Ermənistanın qəbul etdiyini bildirdi".
Politoloqun sözlərinə görə, ikincisi, Ermənistan XİN və AŞPA-dakı erməni deputatları bu qurumun sədri Ann Brassörün adından yalan danışdılar: "Guya A.Brassör Azərbaycanın ərazi bütövlüyünə dəstək, AŞPA-da Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağına söz verməyib. AŞPA-da "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərdə gərginliyin artması" adlı məruzənin təsdiqi məsələ ilə bağlı A.Brassör və AŞPA-nın mövqeyidir; üçüncüsü, ermənilər Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin adından yalan danışmağa cəsarət etdilər. Guya Azərbaycan mətbuatı Kirilin Qafqaz Müsəlmanları İdarəsinin rəisi A.Paşazadə ilə görüşdə Dağlıq Qarabağ tənzimlənməsinə dair dedikləri Azərbaycan tərəfinin uydurmasıdır; Kiril və ya Rusiya Pravoslav Kilsəsi (RPK) Azərbaycan tərəfinin yaydığı fikirləri yaxınlarda təkzib edəcəkdir. RPK tərəfindən bununla bağlı heç bir münasibət bildirilmədi".