Avropa şokda: 100 fransız qadın İŞİD-ə qoşuldu!

Terror təşkilatı işğallarını davam etdirir

100 qız Fransadan Suriyaya gedərək "İslam Dövləti" (əvvəlki adı "İraq Şam İslam Dövləti" və ya qısaca İŞİD) terror təşkilatına qoşulub. Aralarında bir yəhudi qızın da olduğu qrup Avropada günün mövzusuna çevrilib.
Türkiyənin "Sabah" qəzeti xəbər verir ki, Avropa ölkələri İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatına vətəndaşlarının qoşulmasını dayandırmaq üçün tədbir gördüyü bir zamanda Fransadan şok xəbər gəlib. 100-ə yaxın fransız qızın Suriyaya gedib İŞİD-ə qoşulduğu iddia edilib.
17 yaşlı Sahara isə bunlardan yalnız biridir. Saharanın cins şalvarlarını çıxarıb çadraya büründüyü və qatara mindiyi zaman yaxalandığı bildirilir.
15 yaşlı Noranın isə İŞİD-çi terrorçulardan hərbi təlim aldığı bildirilib. Hər iki qız Suriyaya Türkiyədən keçib. Fransa hökuməti İŞİD-ə qatılan 300 gənc qızdan birinin isə yəhudi olduğunu qeyd edib.
Fransız qızlarının Suriya və İraqdakı bütün cəbhələrdə döyüşdüyü məlum olub. İŞİD-ə qatılan qızları arasında Tunis və Əlcəzair əsillilər kimi, fransız əsilli qızların da olduğu deyilib. Digər tərəfdən də, Almaniyadan 140, İngiltərədən isə 100-dən çox gənc qız İŞİD-ə qoşulub. Aralarında Almaniya Gözəllik Yarışmasının üçüncüsü olan qızla bir ingilis rokçusunun da olduğu çoxlu sayda qadının İŞİD-ə qatıldığı bildirilib.

İŞİD daha beş
kəndi ələ keçirdi

Bu arada İŞİD terror təşkilatı İraqın qərbində olan Ənbar vilayətinin Hit rayonunun qərbində olan beş kəndi işğal edib. Türkiyənin "Doğan" xəbər agentliyi xəbər verib ki, İŞİD terror təşkilatı İraqın qərbində olan Ənbar vilayətinin 70 kilometr şimalında olan Hit rayonunun nəzarətini ələ keçirib. Terror təşkilatı 12 saat ərzində 3 cinahdan hücum etdiyi rayondakı 7 briqadanın 300 əsgərinin olduğu alayı da ələ keçirdiyi bildirilib.
Məsələ ilə əlaqədar açıqlama verən Ənbar şəhər məclisinin üzvü Adnan Fəhtavi "silah və say baxımından üstün olan İŞİD yaraqlıları yerli hüquq-mühafizə orqanlarının qüvvələrindən daha yaxşı vəziyyətdədir. Bunun üçün şəhər məclisi olaraq, Ənbar vilayətini xilas etmək üçün İraq mərkəzi hökumətini təcili və sürətli müdaxiləyə dəvət etdik" deyib.
Bir tərəfdən, yerli hüquq mühafizə orqanlarının əməkdaşlarının qaçmasından yararlanan İŞİD terror təşkilatı Hit rayonunun qərbindəki Bastamiyə, Səhliyə, Kəssarə, Hazrəc, və Dolap kəndlərinin nəzarətini ələ keçirib.
Terror təşkilatı Hit, Rave, Ane, Kaim, Fəllucə və Ramadinin ətrafına nəzarət etdiyi zamanda İraq əsgərləri isə havadan müdafiə bazası yerləşən Ramadinin Hadisə rayonunun nəzarətini əlində saxlamağa çalışır.
İŞİD Ənbar vilayətində möhkəmləndikdən sonra İraq hökumətinin nəzarətində olan başqa şəhərlərə də hücum etməyə başlayıb.

Əli Xamneyi yenə "ingilis barmağı"ndan danışdı

Yaxın Şərqdə İŞİD təhlükəsindən danışan İranın ali dini lideri Əli Xamneyi növbəti dəfə Qərbi ittiham edib.
Şiələrin "Gadiri Hum" bayramında çıxış edən dini lider İŞİD və "Əl-Qaidə" təşkilatlarını ABŞ ilə İngiltərənin qurduğunu bildirib.
Dini lider qeyd edib ki, əsas məqsəd sünnilər ilə şiələr arasında qarşıdurma yaratmaqdır. Keçən ay keçirdiyi cərrahiyyə əməliyyatından sonra ilk dəfə danışan Əli Xamneyi "Amerika, sionizm və xüsusilə peşəkar bölücü ilan ingilis hökuməti sünnilər ilə şiələr arasında qarşıdurma yaratmaq üçün səylərini artırdılar" deyib.

İŞİD kürdlərə niyə nifrət edir?

İraqda Mosul və Kərkük kimi əhəmiyyətli şəhərləri ələ keçirən İŞİD Suriyadakı mövqelərini genişləndirmək istəyir. Bu məqsədlə Suriyanın Kobani şəhərində kürdlərlə İŞİD arasında başlanan müharibə səngimək bilmir. Bunu isə olaylar.az saytı yazıb.
Saytda bu mövzuda dərc edilən analitik məqaləni təqdim edirik: "Qarşıdurmalar getdikcə şiddətlənir. İŞİD-in təkidlə Kobanini tutmaq istəməsi isə sual yaradır. İstənilən halda məsələdə strateji faktorların yer alması dəqiqdir. Kobani ilk növbədə İŞİD-in Suriyada hədəfə aldığı ərazilər daxilindədir. Əgər İslam Dövləti şəhəri ələ keçirsə, öz hərəkətini asanlaşdıracaq. Nəticədə lazım olan torpaqların nəzarətə alınması prosesi başa çatacaq. Kobaninin Türkiyə ilə sərhəddə yerləşməsi faktoru isə PKK və PYD üçün cəlbedicidir. Ona görə də İŞİD-ə qarşı dirəniş göstərirlər. Kobani kürdlərin Afrin və Cəzirə ilə yanaşı müstəqilliklərini elan etdiyi 3 Suriya şəhərindən biridir. Kobaninin İŞİD-in tabeliyinə keçməsiylə peşmərgələr ağır zərbə alacaqlar. Yaradılmış zolaq parçalanacaq. Çünki kürdlər üçün Rojavadan sonra ikinci əhəmiyyətli strateji bölgə statusuna malik olan Kobani Afrin və Cəzirə arasında yerləşir. Kobani eyni zamanda Suriyanın əsas strateji məntəqəsi hesab olunan Rəqqa şəhərinə yaxındır. Rəqqa regionun bütün məntəqələrinə nəzarət etməyə kifayətdir. Digər tərəfdən İŞİD Kobanini ələ keçirməklə Türkiyənin Urfa vilayətinin Suruç mahalındakı Mürşitpınar sədhəd məntəqəsi ilə üzbəüz Suriya ərazilərini də tabe edəcək. Eyni zamanda Kobani 2012-ci ildə Əsəd rejimindən xilas olan ilk şəhərdir. Ona görə də buranın kürdlər üçün mənəvi əhəmiyyəti də var. 2011-ci ildən Suriyada çox az sayda ərazilərə nəzarəti ələ keçirən kürdlər Kobaninin itirilməsiylə bu ölkə ilə əlaqələrini tamamilə kəsə bilərlər.

Kürdlər üçün
yeganə çıxış yolu

İŞİD Kobaniyə qədər də kürdlərə qarşı mübarizə aparırdı. Bunun əsas səbəblərindən biri peşmərgələrin İslam Dövlətinə tabe olmamaları, nəzarət etdiyi bölgələrdə mövqelərini gücləndirmələridir. Kürdlərin Suriyanın Şimalından Cənub regionlarına (Türkiyə ilə sərhədə) axını da İŞİD-in maraqlarına uyğun deyil. Eyni zamanda kürdlərin Suriyada yerləşdiyi ərazilər neft və təbii qaz yataqları ilə zəngindir. İŞİD-in kürd bölgələrində sürətlə yayılmasının əsas səbəbi Mosulu nəzarətə alarkən, ələ keçirdiyi ağır texnikalardır. Digər tərəfdən İŞİD xəbərdarlıq etmədən hücuma keçir və işğal edir. İslam Dövlətinin Ərbilə istiqamətində hərəkətə keçməsindən sonra beynəlxalq koalisiyanın kürdlərə yardıma gəlməsi İŞİD-i peşmərgələrə qarşı nifrətini daha da qızışdırdı. İŞİD Suriya və İraqdakı kürd muxtariyyətlərini özünə qarşı təhdid hesab edir. Təşkilat bölgədə yalnız öz dövlətini yaratmaqda israrlıdır. Əgər kürdlər Bağdadiyə beyət etsələr, hücumları dayandıra bilərlər. Kürdlər muxtariyyət elan etdikləri bölgələrdə qadınların ictimai və siyasi həyatdakı fəaliyyətlərinə üstünlük verirlər. Bu isə Bağdadinin qaydalarına tərsdir. Ona görə də ələ keçirilən yezidi qadınlar qul bazarında 150 dollardan başlayan qiymətlərlə satılır. Şəriət qaydaları ilə idarə olunan Xilafət yaratmaq istəyən Bağdadi üçün kürdlərin Xristian Qərbinə meyllənməsi xoş deyil. ABŞ İraqda hücum edəndən bu gündək stabilliyin mövcud olduğu əsas region Şimali İraq Kürd Muxtariyyətidir. Səddam Hüseynin komandirlərindən yaradılmış İŞİD üçün bu qıcıqlandırıcı faktordur. Bu da İslam Dövlətinin kürdlərə qarşı mübarizəni qızışdırmasına rəvac verir.

Peşmərgələri narahat
edən şəhər

Kürdlərə qarşı hücumların intensivləşməsi Mosulun işğalı ilə əlaqədar idi. Şəhərin tutulması ilə İŞİD külli miqdarda ağır və modern silahlara sahib oldu. Mosul hücumunda İŞİD ABŞ-ın şəhərdəki bütün hərbi bazalarını ələ keçirdi. Kürdlər də şəhərin İŞİD-in nəzarətinə keçməsini istəmirdi. Çünki şəhərin işğalı ilə kürdlərin Rojava kimi əsas yaşayış məntəqələri təhlükə altında qalacaqdı. Belə də oldu. Mosul ələ keçirilən kimi İŞİD kürdlərə qarşı müharibəyə başladı. İndi isə qarşıdurmalar özünün ən pik həddindədir. Qarşı tərəflər biri-birinə güzəşt etmək fikrindən uzaqdılar. Bu isə müharibəni daha qızğın mərhələyə adlayır".

Murad İbrahimli