Moskvada Azərbaycanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib
Moskvada Azərbaycanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Moskvadakı Bakı Mədəniyyət Mərkəzində 18 Oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi gün qeyd olunub, eyni zamanda "Azərbaycan müstəqilliyinin formalaşmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin rolu" layihəsinin bağlanış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK), Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, Azərbaycanın Rusiyadakı səfirliyinin təmsilçisi, QHT və media nümayəndələri, Rusiyada təhsil alan tələbələr iştirak ediblər.
Azərbaycan və Rusiya dövlət himnləri ilə başlayan tədbirdə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib. ASGA-nın sədri Səbuhi Abbasov Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsində Heydər Əliyevin xidmətlərindən bəhs edib. S. Abbasov rəhbərlik etdiyi təşkilatın apardığı sorğunun nəticələri haqqında da məlumat verib. Onun sözlərinə görə, 6 minə yaxın gənc, KİV nümayəndəsi və QHT arasında aparılmış sorğuya əsasən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "İlin səfiri", Ümumrusiya Azərbaycan Konqresi isə (ÜAK) "İlin diaspor təşkilatı" seçilib. ÜAK icraçı direktoru İlqar Hacıyev isə Dövlət Müstəqilliyi Günü münasibətilə təbrikini çatdırıb. Daha sonra tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev, Rusiya Azərbaycan Gənclər Təşkilatının nümayəndəsi Ramil Rəcəbov, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun direktoru Şamil Tağıyev və başqaları çıxış edərək Heydər Əliyevin xidmətlərindən söz açıblar.
Sonda çıxış edən ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev ÜAK, ASGA-nın Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun birgə reallaşdırdığı "Azərbaycan müstəqilliyinin formalaşmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin rolu" layihəsinin yekunu haqqında məlumat verib. Tədbirin yekununda layihənin qalibləri mükafatlandırılıb. İlk olaraq Rusiyada reallaşdırılan layihənin digər slavyan ölkələrində də həyata keçirilməsi planlaşdırılır.