Ordudan tərxis olunmuş gənclərlə görüş keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi
vətənpərvərlik tərbiyəsinin təlqini ilə bağlı tədbirləri davam etdirir

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunaraq ehtiyata keçirilmiş bir qrup hərbi vəzifəli ilə görüş keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qaradağ Rayon İcra Hakimiyyətinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında ümummilli liderin büstü önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov gənclərin müqəddəs bir vəzifəni yerinə yetirərək ordu sıralarında vətəni qoruduqlarını bildirib. Onlar bu müddətdə qazandıqları hərbi bilik və bacarıqlarla işğal olunmuş torpaqlarımızı hər an azad etməyə qadirdirlər. O qeyd edib ki, hal-hazırda bütün sahələrdə olduğu kimi, qüdrətli və nizami orduya malik olmağımız da məhz ulu öndər Heydər Əliyevin zəngin əməyinin bəhrəsidir.
Milli Məclisin deputatı Mixail Zabelin Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən söz açaraq, cəbhə bölgəsində düşmənlə üz-üzə dayanan hər bir gəncin mərdlik nümunəsi göstərdiyini vurğulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Rövşən Əlvəndov hərbi vətənpərvərlik tərbiyəsinin prezident İlham Əliyev tərəfindən Xidmət qarşısında qoyulan bir nömrəli vəzifə olduğunu qeyd edib. O, ordu sıralarından tərxis olunan gənclərin qarşılanma mərasimində ictimaiyyət nümayəndələrinin fəal iştirakının vətənpərvərlik tərbiyəsi işinə böyük dəstək olduğunu, bu tədbirlərin bir ənənə halını alacağını bildirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Novruz Rəhimov rayon ərazisindən hərbi xidmətə gedən gənclərin hər zaman yüksək əhval-ruhiyyədə yola düşməsini onların Vətənə, dövlətə sadiq olmalarının göstəricisi kimi qiymətləndirib. Gənclərin Vətən qarşısında borclarının yerinə yetirməyinin təkcə hərbi xidmət keçməklə məhdudlaşmadığını deyən idarə rəisi bildirib ki, onlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunmuş səfərbərlik tapşırığına əsasən ehtiyatda olan hərbi vəzifəli kimi tapşırıqların yerinə yetirilməsində də yaxından iştirak etməlidirlər.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və digər çıxışçılar ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən danışıblar.
Görüşdə iştirak edən ordudan tərxis olunmuş bir qrup gənc torpaqlarımızın azadlığı uğrunda mübarizəyə, ən vacib döyüş tapşırığını yerinə yetirməyə hər zaman hazır olduğunu bildirib.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən gənclərə hədiyyələr, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsi tərəfindən hərbi biletlər, Rayon İcra Hakimiyyətinə və rayonun qabaqcıl orta məktəblərinə "Hər şey qələbə üçün!" adlı kitab hədiyyə olaraq təqdim edilib.
Oktyabrın 14-də Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunaraq ehtiyata keçirilmiş bir qrup hərbi vəzifəli ilə görüş keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev açaraq ilk növbədə vətən qarşısında borclarını yerinə yetirən gənclərin valideynlərini təbrik edib. Ordu sıralarından tərxis olunanların qarşılanma mərasiminin böyük məna daşıdığını bildirən Abdin Fərzəliyev gənclərin vətən sevgisi, ruh yüksəkliyi ilə geri döndüklərini, bu imtahandan ləyaqətlə çıxdıqlarını vurğulayıb. İcra başçısı Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında regionun ən güclü ordusuna çevrildiyini bildirərək, qüdrətli və nizami orduya malik olmağımızın məhz ulu öndər Heydər Əliyevin zəngin əməyinin bəhrəsi olduğunu qeyd edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi Qəşəm Mahmudov ordu sıralarından tərxis olunan gənclərin qarşılanma mərasiminin təşkili ilə yeni bir ənənənin əsasının qoyulduğunu vurğulayıb.
O, əmin olduğunu bildirib ki, ehtiyatda olan hərbi vəzifəli kimi hər bir gənc Ali Baş Komandan tərəfindən verilmiş müvafiq əmr və tapşırıqların yerinə yetirilməsində yüksək hazırlıq nümayiş etdirəcək.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, millət vəkili Adil Əliyev və digər çıxışçılar ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, tərxis olunan gənclərin məşğulluğunun təmin edilməsi yollarından geniş söhbət açıblar.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən gənclərə hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.