Keçmiş azərbaycanlı nazirlərin London sevgisi
Keçmiş azərbaycanlı nazirlərin London sevgisi

Sabiq oliqarx-məmurları İngiltərənin paytaxtına nə bağlayır?

Keçmiş İqtisadi inkişaf naziri Fərhad Əliyev həbsdən azad olunandan sonra Almaniyaya yola düşdü və bildirildi ki, səhətində problemlər var. Amma bir neçə həftədir ki, Fərhad və Rafiq Əliyevin bir neçə Avropa ölkəsində işgüzar səfərdə olduğu bildirilir.

"gunpress.az" saytına daxil olan məlumata görə, hazırda Əliyevlər qardaşı Londonda "Prestij" mağazalar şəbəkəsinə uyğun mağazalar şəbəkəsi yaradırlar.
Qeyd edək ki, Fərhad Əliyev nazir olan zaman əsasən İtalyan qızılından hazırlanan qiymətli zinət əşyalarının satışı ilə məşğul idi və əsas müştəriləri Bakı oliqarxları idi. Hazırda isə Fərhad Əliyev Londonda belə mağazalar yaratmaqla məşğuldur. Amma bu dəfə əsas üstünlük Sibir qızılına verilib. Hətta bununla bağlı onun rusiyalı milyarder Abramoviçin yaxın çevrəsi ilə əlaqə yaratdığıda söylənilir.
"Unikal" xatırlatmağı vacib sayır ki, İngiltərə paytaxtında biznesə həvəsli olan yeganə sabiq məmur Fərhad Əliyev deyil. Elə keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin də Londonda biznesə girişdiyi barədə bir müddət əvvəl xəbərlər yayılmışdı. Həmin xəbərlərdə belə iddia edilirdi ki, Heydər Babayev yeni bank açmağa hazırlaşır. Amma keçmiş nazirin yeni bankı Bakıda deyil, Londonda fəaliyyət göstərəcək.
Bir zamanlar Bakıda böyük imkanlara sahib olan Heydər Babayev vəzifədən getdikdən sonra çox şeylər itirməli olub. Zaman-zaman onun Azərbaycandakı biznes fəaliyyətinə ciddi əngəllər yaradılıb. Ona görə də, Heydər Babyev bir zamanlar gəldiyi yerə geri dönməyə qərar verib.
Qeyd edək ki, Bakıya mərhum prezident Heydər Əliyev tərəfindən dəvət olunana qədər Heydər Babayev Rusiyanın tanınmış banklarından birini Londonda təmsil edirdi və beynəlxalq maliyyə dairələrində kifayət qədər nüfuzlu maliyyəçi kimi tanınırdı.
İndi onun İngiltərə paytaxtında yenidən bankçılıq fəaliyyəti ilə məşğul olmağa qərar verməsi kifayət qədər təbii, eyni zamanda inandırıcı görünür.
Bundan başqa, bir vaxtlar aparıcı oliqarx deputatlardan sayılan Rza İbadov da hazırda Londonda məskunlaşıb. Onun burada müəyyən gəlir qaynaqlarına malik olduğu barədə ölkə KİV-lərimiz davamlı şəkildə yazırlar.
Qeyd edək ki, nəinki sabiq, elə indiki nazirlərin bəzilərinin də Londona marağı açıq hiss olunur. Məsələn, ötən il o vaxtki kənd təsərrüfatı naziri olan, hazırda isə baş nazirin müavini postunu tutan İsmət Abbasovun İngiltərə paytaxtında bahalı mülkləri ortaya çıxmışdı. Hətta həmin vaxt İ.Abbasovun işçiləri və qızının sinif yoldaşı bu tezisi dövriyyəyə buraxmışdı ki, guya onun 1991-ci ildən Londonda evi olub. Amma sonradan həmin iddia təsdiqini tapmadı və belə məlum oldu ki, Abbasov həmin mülkləri məhz yüksək dövlət vəzifəsini tutarkən alıb.
Bundan başqa, gənclər və idman naziri Azad Rəhimovun 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya oyunları zamanı İngiltərə paytaxtına heyran qaldığı və burada özünə mülk almaq qərarı verdiyi bildirilirdi. Amma sonradan onun belə bir istəyini gerçəkləşdirib-gerçəkləşdirmədiyi qaranlıq qaldı.
Bir sözlə, London bizim məmur oliqarxların bəziləri üçün ən cəzbedici şəhərlərdən biridir. Bunun konkret səbəblərini izah etmək çətindir. Amma istisna edilmir ki, istər keçmiş, istərsə də hazırki nazirlərin bəziləri üçün London həvəsi və sevgisi əsasən biznes şərtləri ilə bağlıdır. Londonun dünyanın ən gözəl paytaxt şəhərlərindən biri olması bir yana, onun planetin əsas maliyyə mərkəzlərindən birinə çevrilməsi də buranı sabiq və indiki bəzi məmurlar üçün cəzbedici edə bilərdi.
Eyni zamanda London Böyük Britaniyanın və bütövlükdə Avropanın iri sənaye mərkəzlərinin başında gəlir. Burada elektrotexnika, radioelektronika, maşınqayırma, avia, avto, cihazqayırma, gəmi təmiri zavodları, telefon və radioaparatlar və digər sənaye məhsulları istehsal edən müasir texnologiyaya malik çoxsaylı müəssisələr var. Bunlardan əlavə, kağız, poliqrafiya, tütün, ərzaq, toxuculuq, kimya və mebel sənayesi çox inkişaf edib.
Elə bu da ölkədən kənarda biznes imkanları arayan bizim bəzi sabiq məmurların diqqətini çəkə bilərdi.
Hər halda keçmiş nazirlərdən və digər sabiqlərdən bir çoxunun Londona xüsusi rəğbətlə yanaşdığı ortadadır. Bunun gerçək səbəblərini isə əlbəttə, elə ən yaxşı onların özləri bilir.
Günel Əkbər