Rusiya hərbi gəmilərinin heyət üzvləri Bakıda bir sıra görüşlər keçiriblər

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin komanda heyətinin üzvləri Hərbi Dəniz Qüvvələri qərargahında, Səbail rayon İcra Hakimiyyətində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bir sıra görüşlər keçiriblər.
Hərbi Dəniz Qüvvələrinin komandanı, I dərəcəli kapitan Şahin Məmmədov "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya səfərə gəlməsinin ölkəmizin hərbi dənizçilərinin Rusiyaya səfərinə cavab olaraq yerinə yetirildiyini vurğulayıb.
Rusiya Federasiyası Xəzər Dəniz Donanması nümayəndə heyətinin rəhbəri, I dərəcəli kapitan Valeri Smirnov görüş zamanı Azərbaycanın, xüsusilə Silahlı Qüvvələrin inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb. İki ölkənin Silahlı Qüvvələrinin əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirən V. Smirnov bu sahədə dövlət başçılarının rolunu xüsusilə qeyd edib.
Qeyd edək ki, səfər çərçivəsində qonaqlar Bakının görməli yerlərini gəzəcəklər, şəhərin tarixi və mədəni abidələri, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaqlar, habelə dənizçilərimizlə futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər.