Neftin qiymətindəki azalma Azərbaycanın büdcə gəlirlərinə necə təsir edəcək?
Ekspert: "2014-cü ilin dövlət büdcəsinə yenidən baxılması gözlənilmir"

"2014-cü ilin ilk 8 ayında Azərbaycan neftinin dünya bazarındakı qiyməti 110 dolar təşkil edib. Bu isə o deməkdir ki, Azərbaycan neftinin dünya bazarında qiyməti büdcədə nəzərdə tutulandan 10 faiz artıq olub. Bu, birmənalı şəkildə imkan verir ki, növbəti aylarda neftin dünya bazarında qiyməti 80 dollardan aşağı düşməyəcəksə, 2014-cü ilin dövlət büdcəsinə baxılmasın. Əvvəlki dövrdə olan 10 faiz artım növbəti aylarda olan azalmanı kompensasiya edəcək". Bu fikirləri aktual.az-a iqtisadçı ekspert Vüqar Bayramov dünya bazarında neftin qiymətinin kəskin azalmasının dövlət büdcəsinə təsirlərindən danışarkən deyib.
O qeyd edib ki, neftin qiymətinin azalması büdcənin 11 faizinin formalaşmasına təsir göstərə bilər: "2015-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 80 dollar nəzərdə tutulmasını təklif edirdik. Son müşavirədə ölkə başçısı da büdcədə neftin qiymətinin dünya bazarına uyğun müəyyənləşdirilməsini əhəmiyyətli olduğunu bildirdi. 2015-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 90 dollar nəzərdə tutularsa və dünya bazarında 2015-ci ildə də azalmalar davam edəcəksə dövlət büdcəsinin gəlir hissəsinin formalaşması ilə bağlı müəyyən çətinliklər yaradacaq. Azərbaycanın dövlət büdcəsinin 53.4 faizi dövlət neft fondu hesabına formalaşır. Bu o deməkdir ki, dövlət büdcəsinin gəlirlərinin çoxu məhz biribaşa sığorta olunmuş gəlirlərdir. Neftin dünya bazarında qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq 53.4 faiz neft fondu hesabına formalaşacaq. Gəlirlərin 35 faizə yaxını qeyri neft sektorunun payına düşür. Bu isə o deməkdir ki, dünya bazarında neftin qiyməti büdcənin 11 faizinin formalaşmasına təsir göstərə bilər".
V.Bayramov vurğulayıb ki, 2015-ci ildə dünya bazarında neftin qiymətinin azalması davam edərsə, büdcənin tikinti və infrastruktur xərcləri azaldıla bilər: "Neftin dünya bazarında qiymətində azalmalar gedir. 2015- cilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 90 dollar nəzərdə tutularsa, dünya bazarında qiymət azalması baş verərsə, bunu faciə hesab etmirəm. Büdcənin biribaşa neftdən asılı hissəsi təxminən 11 faizdir. Qanunvericiliyə görə büdcə gəlirlərinin formalaşmasında problem olarsa, əmək haqqı, pensiya xərcləri istisna olmaqla, tikinti-infrastruktur xərcləri azaldıla bilər. Neftin dünya bazarında qiyməti proqnozlaşdırılandan az olarsa, Maliyyə Nazirliyi büdcə xərclərinin azaldılmasını həyata keçirə bilər. Tarazlığı bu şəkildə qorumaq daha məqsədəuyğundur".
Həsən Babayev