Metronun "Avtovağzal" stansiyası 2015-ci ildə

"Bakı Metropoliteni" QSC-nin "Avtovağzal" stansiya kompleksinin açılışı 2015-ci ildə baş tutacaq Bu barədə qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, stansiyada tikinti işləri artıq yekunlaşıb: "Böyük bir ərazini əhatə edən stansiyada hazırda texniki quraşdırma işləri gedir. Tikinti işləri tamamlanıb. "Avtovağzal" stansiya kompleksinin 2015-ci ildə təhvil verilməsi planlaşdırılıb. Bu proses, mümkün qədər, tez həyata keçiriləcək".
Qeyd edək ki, Prezident İlham Əliyevin 2011-ci il 18 mart tarixli sərəncamı ilə təsdiq etdiyi perspektiv inkişaf sxemi və 2011-2015-ci illərin Dövlət Proqramına uyğun olaraq, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq. Hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası, Dövlət Proqramı əsasında, davam etdirilir. İlk beşillikdə bu xəttin 5 stansiyasının inşa olunması nəzərdə tutulub. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla, Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.